Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Qazaxıstan Respublikasının Mangistau vilayətinin gənc deputatlar və fəal gənc liderlərdən ibarət nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyini ziyarət edib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, TÜRKPA-nın Baş katibi Ramil Həsən qonaqlara katibliyin cari və qarşıdan gələn fəaliyyətləri barədə məlumat verib.
Baş katib türk əməkdaşlığının artan aktuallığını vurğulayaraq qeyd edib ki, 2008-ci ildə qurulduğu gündən etibarən TÜRKPA türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirir. O, dayanıqlı inkişaf naminə inteqrasiyanın təşviqinə yönəlmiş qarşıdakı iqtisadi təşəbbüslər, Türk Akademiyasının dil birliyinin təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə yanaşı, mövcud mədəni əməkdaşlıq barədə məlumat verərək, Qazaxıstanda aparılan islahatlar gündəliyində parlamentlərarası koordinasiyanın rolunu qeyd edib.
Öz növbəsində, Mangistau nümayəndə heyətinin rəhbəri, Munayılı rayon məsləhətinin sədri Berik Bilyalov səmərəli fəaliyyət göstərən qanunvericilik sisteminin regional inkişafın əsas amillərindən biri olduğunu vurğulayıb, eyni zamanda bütün türk regionu üzrə iqtisadi inteqrasiyanın irəlilədilməsində rəqəmsallaşmanın həlledici rolunu diqqətə çatdırıb.
Görüş zamanı tərəflər TÜRKPA tərəfindən dəstəklənən birgə tədbirlərin parlamentlərarası əməkdaşlığı daha da gücləndirəcəyinə əminliklərini bildiriblər. Həmçinin Qazaxıstanda davam edən siyasi islahatlar, o cümlədən təkpartiyalı parlament sisteminə keçid barədə fikir mübadiləsi aparılıb.