Icma.az, Azertag saytına istinadən bildirir.
Astana, 3 fevral, AZƏRTAC
Qazaxıstanın yeni Konstitusiyasının layihəsində qazaxcanın dövlət dili statusu aydın və birmənalı şəkildə təsbit olunub.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymardanov Konstitusiya İslahatları Komissiyasının iclasında bildirib.
O, bir sıra vətəndaşların Əsas Qanunda dövlət dilinin statusu məsələsini qaldırdığını qeyd edib.
“Vurğulamaq vacibdir ki, yeni Konstitusiya layihəsində qazax dilinin dövlət dili kimi statusu aydın və birmənalı şəkildə təsbit edilib”, - deyə Şaymardanov bildirib.
Xatırladaq ki, Konstitusiya İslahatları Komissiyası yanvarın 31-də Qazaxıstanın yeni Konstitusiya layihəsini dərc edib. Yeni Əsas Qanunun ilk layihəsi preambula, 11 bölmə və 95 maddədən ibarətdir. Dəyişikliklər Konstitusiyanın mətninin 84 faizini əhatə edir.
İslahatların əsas sahələrinə birpalatalı parlamentə - Qurultaya keçid, vitse-prezident vəzifəsinin təsis edilməsi və Xalq Şurasının (“Xalık Kenesi”) yaradılması daxildir. Qazaxıstan Respublikası idarəetmə forması prezident respublikası olan unitar dövlət olaraq qalır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana