Qazi şairin işıqlı söz aləmi

17.11.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Ədalət Nicat döyüş cəbhəsini söz ­cəbhəsinə dəyişərək, səngərdən sənətə keçən istedadlı qələm sahiblərindəndir. Onun yenicə çapdan çıxmış sayca 7-ci  şeirlər toplusu “Sözümə işıq düşür” adlanır.

Qubadlı rayonundan keçmiş məcburi köçkün  olan qazi şairin 60 illik yubiley tədbiri ailəsinin 1993-cü ildən pənah gətirdiyi Sumqayıt şəhərində yeni kitabının təqdimatı ilə bir keçirildi. Abşeron-Xızı regional mədəniyyət idarəsinin “Poeziya evi”nə toplaşan şeirsevərlər Ədalət Nicatın həyat və döyüş yolu, eləcə də poetik dünyası ilə bağlı bir çox mətləblərdən hali oldular, onun ürək döyüntülərinin əks-sədası olan misralarının cazibəsindən zövq aldılar.   

Azərbaycan Yazıçılar Birliyi (AYB) Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı yubilyarı təbrik etdi. Məclisin moderatoru, şair-publisist Əkbər Qoşalı bildirdi ki, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının nəşri olan “Sözümə işıq düşür” kitabı  yubilyarın “Sözüm üşüyür”, “Haray, Vətən, haray, haray”, “Şirinli-acılı dünya”, “Gəl, axtar məni” və “Dərdin də öz dərdi var” adlı nəşrlərdən sonra oxuculara növbəti töhfəsidir. Əvvəlki toplularda itirilmiş yurd yerlərinin poetik həsrəti üstünlük təşkil edirdisə, yeni kitabda 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərin tərənnümü, qalib xalqın şairi kimi onun daha nikbin duyğu və düşüncələri əsas yer tutur. Müəllif  topluya “Sözümə işıq düşür” adını da elə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsinin yaratdığı ovqata uyğun olaraq seçib.

Sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yubilyara ünvanladığı təbrik məktubu oxundu.  Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vaqif Yusiflinin çıxışı  məclisin ədəbiyyatşünaslıq məzmununu daha da zənginləşdirdi. Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Sumqayıt şəhər Təşkilatının sədri Şahin Şəfiyev, şairin qələm dostları Ramiz Qusarçaylı, Gülnarə Cəmaləddin, Əyyub Qiyas, Şərif Ağayar, Rafail İncəyurd, Xaqani Abbasəli Öztürk, Qafqaz Əvəzoğlu, Polad İbrahimoğlu və başqaları da ürək sözlərini söylədilər. Sənətçilər İlham Əsgəroğlu və Səyyad ­Aydınoğlunun, gənc aşıq Cahid İlyaslının ifaları məclisdə xoş ovqat yaratdı.  

Məclisin sonunda qazi şair Ədalət ­Nicat iştirakçılara təşəkkürünü bildirdi və yeni ­şeirlərini oxudu.   

Ə.DOSTƏLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью