Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Uzmanlıq təhsilini Türkiyədə müvəffəqiyyətlə tamamlayan tanınmış plastik cərrah Vüqar Ələkbərov fəaliyyəti dövründə 50-dən çox beynəlxalq elmi konfransda çıxış edib. Eyni zamanda, Azərbaycan Tibb Universitetində akademik fəaliyyətlə də məşğuldur.
Həkimin “Qafqazinfo”ya bildirdiyinə görə, təkcə Vətən müharibəsi zamanı deyil, hazırda da köhnə yaralardan əziyyət çəkən qazilərin estetik və rekonstruktiv əməliyyatları təmənnasız icra edir.
O nəinki qazilərə, sıravi vətəndaşlara da qayğı göstərir. Bunu həkimin sosial media hesablarından da izləmək mümkündür.
Cərrah haqqında bir müddət əvvəl yayılan xəstənin bədənində fəsadlaşma iddiasına da aydınlıq gətirib. Bildirib ki, özünün heç bir pasiyentində bədən çürüməsi baş verməyib, hətta bu səbəbdən narazı xəstəsi də olmayıb: “Bədəni çürüyən xəstə ilə əlaqədar iddia əsassız idi. Bəzi xəbər saytlarında yayımlanan xəstə şəkli də xarici ölkələrdən birində internet saytından götürülübmüş və mənimlə heç bir əlaqəsi olmayıb”.
Həkimin dediyinə görə bu iddia onun elmi-praktiki fəaliyyətinə kölgə salmaq istəyən şəxslər tərəfindən sifariş əsasında yazdırılıb.
V. Ələkbərov müsahibəsində elmi fəaliyyəti haqqında da danışıb: “Ölkəmizdə səhiyyə sahəsinin inkişafı dövlət siyasətinin diqqət mərkəzindədir. Əhalinin sağlamlığının qorunması üçün elmi praktik fəaliyyətlə müvəffəqiyyətlə məşğul olan həkimlərə hörmətlə yanaşmaq hər bir vətəndaş üçün vacib məsələdir. Çünki bir həkim yetişdirmək dövlət üçün çox çətindir, eyni zamanda bir həkimin yetişməsi təxminən 12 il müddət tələb edir. Buna görə də, inkişaf etmiş ölkələr işləmək üçün yetişmiş həkimləri asanlıqla vətəndaşlığa qəbul edir. Həkimlərimizə sahib çıxmalıyıq və qorumalıyıq”.