Qəbələdə arzulanan qələbə

05.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Qəbələ” Misli Premyer Liqasında ilk qələbəsini qazandı. “Qırmızı-qaralar” IV turda azarkeşləri önündə “İmişli”yə qalib gəldi – 2:1.

Ardıcıl xal itkilərindən sonra Kaxaber Sxadadze ilə yollarını ayıran komandanı görüşə Amil Ağacanov – Miloş Yevtiç məşqçilər dueti hazırlamışdı. İlk dəqiqələrdən matça yaxşı başlayan meydan sahibləri arzuladıqları qolu da erkən vurdular. Ardıcıl hücumlardan sonra Mbahe uzaqdan zərbə ilə komandanın mövsümdəki ilk qoluna imza atdı.

Hesabda geri düşən “İmişli” fasiləyə qədər tarazlığı bərpa etdi. Birinci hissənin son saniyələrində cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Dioqo Almeyda topu qapıya göndərdi.

İkinci hissə əvvəlcə “Qəbələ”nin, daha sonra “İmişli”nin üstünlüyü ilə keçdi. Birinci yarıda penaltiyə səbəb olan Kərim Rossi bu dəfə qələbə qoluna imza atdı. Meydan sahiblərinin heyətində qapıçı Səlahət Ağayev görüşün ən yaxşılarından idi. Penaltini dəf edən, bir neçə real qol şansından komandasını xilan edən “əlcək sahibi” üç xalda böyük əmək sahiblərindən oldu.

“İmişli”də isə sağ cinahda problemlər nəzərə çarpırdı. “Qəbələ” məhz həmin istiqamətdən sürətli hücumlar təşkil edərək təhlükə yaratmağı bacarırdı. Ümumiyyətlə, matç göstərdi ki, “pələnglər” rəqibin sürəti qarşısında aciz qalıb. Müdafiə və yarımmüdafiədəki oyunçuların ləngliyi “qırmızı-qaralar”ın rahat hücum etməsinə, boşluqlar tapmasına səbəb oldu.

“Qəbələ” arzuladığı ilk qələbəsini qazandı və mövsümdə ilk qolunu vurdu. Bu, “qırmızı-qaralar” üçün növbəti oyunlar ərəfəsində əlavə motivasiya və inam mənbəyi olacaq. Komanda Sxadadzenin gedişindən sonra qısa müddətdə toparlanmağı bacardı.

“İmişli”ni isə qarşıda ağır təqvim gözləyir. Bölgə təmsilçisi ardıcıl “Neftçi”, “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la qarşılaşacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью