Qəbələdə beynəlxalq musiqi təntənəsi

05.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı da böyük uğurla yekunlaşdı. Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə təşkil edilən ənənəvi incəsənət bayramı sayəsində qədim Qəbələnin mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrildiyi bir daha təsdiqləndi.

Qəbələdə ilk musiqi festivalı 2009-cu ildə təşkil olunub və elə o vaxtdan bu gözəl məkan beynəlxalq mədəni dialoqun əsas ünvanlarından birinə çevrilib. Möhtəşəm incəsənət bayramı təkcə klassik musiqilərin təntənəsi deyil, eyni zamanda, sərhədləri aşan, xalqları birləşdirən, mədəniyyətlərarası körpü kimi sanbal qazanıb.

Xatırlayırıq ki, 2010-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2-ci festivalın təntənəli açılış mərasimində iştirakları ilə musiqi bayramına yüksək dəyər verdilər. Mehriban xanım çıxışında bildirdi ki, paytaxtı Qəbələ olan qədim Qafqaz Albaniyası bu gün yoxdur, amma Qəbələ yenə də paytaxtdır – mədəniyyət, musiqi paytaxtı. Bu festival artıq gözəl bir ənənəyə çevrilib.

Möhtəşəm layihənin müəllifi olan Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanması və təbliği naminə davamlı addımlar atır. Bu sırada Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları qeyd etmək olar. Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondunun uğurlu layihəsidir.

Bir həftə davam edən 15-ci Qəbələ musiqi bayramı zəngin proqramı ilə fərqləndi. Festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Qazaxıstan, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan olan musiqiçilər və rəqqaslar tamaşaçılara yüksək mənəvi zövq aşıladılar.

Bir daha hər kəsdə qəti inam yarandı ki, Bakı və Şuşa kimi, Qəbələ də mədəniyyət beşiyi statusu qazanıb. Hələ bu ilin fevralında “Qış nağılı” 2-ci Beynəlxalq Musiqi Festivalı musiqisevərləri öz çətiri altına toplamış, Azərbaycan, İtaliya və İspaniya virtuozları yaddaqalan ifaları ilə könüllərə əsl bahar ab-havası gətirmişdilər.

Qəbələnin daim musiqi ilə nəfəs almasına daha bir misal: mart ayında şəhərdəki Uşaq İncəsənət Məktəbinin II sinif şagirdi Əlixan Babayevin təhsil ocağına gətirilmiş, lakin köklənməmiş pianoda musiqiləri məharətlə ifa etməsi onu bütün ölkədə məşhurlaşdırdı. O, qarşıdakı illərdə Qəbələ musiqi festivalında səhnəyə peşəkar ifaçı kimi çıxmağı və çox sevdiyi Motsarta məxsus əsərlərdən birini səsləndirməklə ölkəmizi layiqincə təmsil etməyi arzuladığını bildirdi.

İsti yay günlərində özünün musiqi notlu “meh”ləri ilə ürəkləri oxşayan 15-ci Qəbələ musiqi festivalı, ilk növbədə, Azərbaycan incəsənətinin fəth etdiyi zirvələrdən soraq verir. Açılış günü Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti ilə başlandı. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu, Xalq artisti, dirijor Ramiz Məlik-Aslanov və başqaları bayramın önəmini vurğuladılar.

Həmin gün festival çərçivəsində açılan “Mədəniyyətlərin qovşağı” adlı ilk beynəlxalq incəsənət sərgisi müxtəlif ölkələrdən tanınmış rəssam, heykəltaraş və fotoqrafların ənənələr və nəsillər arasında bədii dialoqu baxımından maraq doğurdu. Təbiət - sərginin əsas mövzularından biri Leyla Əliyevanın qara-ağ kompozisiyalarında diqqəti daha çox cəlb edirdi. Müəllifin bədii dilindən ilham alan “Xromatik rezonans” instalyasiyasında ziyarətçilər irimiqyaslı birgə sənət əsərinin yaradılmasında iştirak etdilər. Bədii proqram çərçivəsində Birləşmiş Krallıq, Azərbaycan, Özbəkistan və Rusiyadan olan sənətkarların rəhbərliyi ilə silsilə ustad dərsləri də keçirildi.

Ertəsi gün axşam saatlarında açıq səma altında möhtəşəm balet qala-konserti oldu. Məşhur balet ulduzlarının iştirakı ilə baş tutan bu unudulmaz gecə gözəllik və zərifliyin təcəssümünə çevrildi. Sonrakı günlərdə Vyetnamdan gələn “Bronze drum” ansamblının milli vokal proqramı və Özbəkistandan “Daşkənd Zeboları” Xalq Rəqs, eləcə də “Bek” Doyraçılar ansambllarının ifaları ecazkar təsir bağışladı. Qəbələ səhnəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Kamera Orkestrinin konserti də yaddaqalan idi.

Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq muğam sənətinə də geniş yer verilir. Budəfəki “Muğam axşamı”nda Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Təyyar Bayramov, muğam müsabiqəsinin laureatları Mirələm Mirələmov və Kamilə Nəbiyeva məharətli ifaları ilə dinləyicilərin duyğu və düşüncələrinə hakim kəsildilər. Xanəndələri Əməkdar artist Sahib Paşazadənin (tar) rəhbərlik etdiyi ansambl müşayiət edirdi.

Kamera musiqisi axşamında isə sənətsevərlərə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin maraqlı konsert proqramı təqdim olundu. Qeyd edək ki, Qəbələ səhnəsində ötən 15 ildə onlarla tələbə gəncin debütü olub və hazırda onların xoş sorağı dünyanın müxtəlif festival və müsabiqələrindən gəlir. Açıq hava konsertində tamaşaçılar qarşısında Yuri Bivolun baş baletmeysteri olduğu Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı, həmçinin “Millenium” etnoestrada qrupu da çıxış etdi və alqışlar qazandı.

Srağagün axşam təşkil olunan yekun konserti ilə Qəbələ festivalının son akkordları vuruldu. Fuad İbrahimovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə tanınmış tenorlar – Xalq artistləri Azər Zeynalov və Samir Cəfərov, sopranolar - Əməkdar artist Elnarə Məmmədova və Lalə Mürşüdlü çıxış etdilər. Musiqi gecəsində C.Cahangirovun “Qələbə uvertürası”, Ü.Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, A.Zeynallının C.Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı və Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası səsləndirildi. Proqramda, həmçinin dünya opera irsinin məşhur nümunələri təqdim olundu.

Bir sözlə, XV Qəbələ Musiqi Festivalı tarixə qovuşsa da, hər kəsə zövq dolu unudulmaz anlar bəxş etdi və xoş təəssüratları ilə ürəklərə hakim kəsildi.

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью