Qəbələdə keçirilən forumda region gənclərinin inkişafı və karyera imkanları müzakirə olunub

30.01.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qəbələ, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələdə 2 Fevral - Gənclər Günü münasibətilə “CareerLAB” şəbəkəsi çərçivəsində forum keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin rəsmi hissəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Qəbələ rayonu üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin mütəxəssisi Teymur Alşanov çıxış edərək Gənclər Gününün təsis edilməsinin əhəmiyyətindən, gənclər üçün həyata keçirilən layihə və fəaliyyətlərdən bəhs ediblər.

Nərmin Cabbarlının moderatorluğu ilə keçirilən panel müzakirəsi “Region gənclərinin inkişafı və karyera imkanları: dövlət, təhsil, könüllülük və təcrübə mexanizmləri” mövzusuna həsr olunub.

Panel müzakirədə spikerlər - Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanlarla iş şöbəsinin müdiri Əhməd Əhmədli və Qəbələ regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Şahlar Eyyubov “Region gənclərinin inkişafında dövlət mexanizmləri”, “Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün təsis edilməsi”, “Regionlarda peşə təhsilinin rolu və əhəmiyyəti”, “Gənclərin könüllülük fəaliyyətinə cəlbi və ASAN Könüllüləri modeli” mövzularında çıxışlar ediblər.

Sonda natiqlər gənclərin suallarını cavablandırıb, fəal gənclər fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Gənclər Fondu, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı çərçivəsində həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью