Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Qəbələ, 31 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması və kənd təsərrüfatının suvarma suyu ilə etibarlı təminatı dövlətin prioritet iqtisadi hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən strateji infrastruktur layihələri regionlarda həm məhsuldarlığın artırılmasına, həm də ekoloji tarazlığın qorunmasına xidmət edir. Şimal-qərb bölgəsində inşası sürətlə davam etdirilən Yengicə su anbarı da məhz bu məqsədlə ərsəyə gətirilən ən mühüm obyektlərdən biri kimi diqqət mərkəzindədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu layihə çərçivəsində Qəbələ ilə yanaşı, qonşu rayonların da əkin sahələrinin suvarılması mümkün olacaq.
Yengicə su anbarının tikintisi son illər şimal-qərb bölgəsində icra olunan ən iri infrastruktur layihələrindən biridir. Burada işlər, hava şəraitindən asılı olmayaraq, il boyu fasiləsiz davam etdirilir.
Yengicə kəndindən 3 kilometr aşağıda, Vəndam çayı ilə Qaraçayın birləşdiyi yerdə icra olunan layihənin əsas məqsədi Qəbələ rayonunun, ümumilikdə, 100 min hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin etməkdir. Layihə çərçivəsində Yenikənd, Zalam, Kiçik və Böyük Emili kəndlərinin 8602 hektar, Bilix və Məlikli kəndlərinin 1398 hektar əkin sahələrində kənd təsərrüfatı bitkilərinin su təminatı yaxşılaşdırılacaq, eyni zamanda, yeni torpaq sahələri suvarmaya daxil ediləcək.
Qeyd edək ki, su anbarının ərazisi 130 hektardır və inşasına iki il bundan əvvəl başlanılıb. Qaraçay üzərində tikilən su anbarı iki dağın birləşdiyi yerdə inşa edilir. Gələcəkdə burada suyun səviyyəsi 45 metr hündürlüyə qədər yüksələcək. Nəticədə Qəbələ rayonu ilə yanaşı, Ağdaş və Göyçay rayonlarının da torpaqlarının suvarılmasına şərait yaranacaq.
Tikintidə keyfiyyət başlıca amildir. Su anbarının inşası isə xüsusi tələbkarlıq və məsuliyyət tələb edir. Burada həyata keçirilən bütün işlər yerli və xarici mütəxəssislərin daimi nəzarəti altındadır. İnşaat zamanı istifadə olunan torpaq qatı, eləcə də qum-çınqıl örtüyünün tərkibi laborator analizlər vasitəsilə yoxlanılır və işlər bu göstəricilərə uyğun şəkildə icra olunur.
Tikintidə keyfiyyət şöbəsinin rəisi Vüsal Ələsgərov bildirir ki, Yengicə su anbarı üç əsas hissədən ibarətdir. Şöbə rəisi bu növ hidrotexniki qurğuların inşasında gil qatının əhəmiyyətini belə izah edir: “Mərkəz xətti boyu uzanan həmin sarı torpaq qatı tikintinin əsas yerini təşkil edir. Gil qatı o dərəcədə kip və bərk olmalıdır ki, gələcəkdə suyun sızmasının qarşısını tam şəkildə ala bilsin. Layihəyə uyğun olaraq gilin qalınlığı 30 santimetr, qum-çınqıl qatının qalınlığı isə 40 santimetrdir. Hər bir qat kipləşdirilir və laboratoriya tərəfindən keyfiyyət göstəriciləri yoxlanılır. Yalnız müsbət rəy alındıqdan sonra növbəti qatın işlənməsinə icazə verilir”.
Çayın mənbəyində suötürücü qurğuların tikilməsi həm də sel daşqınları və digər təbii fəlakətlər zamanı baş verə biləcək fəsadların qarşısını alacaq. Belə ki, anbarda suyun səviyyəsi həddindən artıq yüksəldikdə, yaranan əlavə sel sularını təhlükəsiz şəkildə kənarlaşdırmaq məqsədilə xüsusi selötürücü qurğu inşa edilib.
“Bəs, hazırda tikinti işləri hansı mərhələdədir və layihə çərçivəsində daha nələrin icrası nəzərdə tutulur?” sualı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin baş məsləhətçisi Natiq Hüseynova müraciət etdik.
Baş məsləhətçi bizi tikinti sahəsi ilə tanış edərək bildirdi ki, burada ilin bütün fəsillərində işlər fasiləsiz davam edir. Su anbarının ümumi sahəsinin 130 hektar, su tutumunun isə 17,5 milyon kubmetr olacağını qeyd edən mütəxəssis texniki göstəriciləri də açıqlayıb: “Bəndin hündürlüyü 45 metr, üst hissədən uzunluğu 450 metr, baş hissədə eni isə 10 metrdir. Bəndin üzərində iki mühüm qurğu yerləşir. Onlardan biri 293 metr uzunluğunda olan selötürücü qurğudur ki, onun giriş hissəsinin eni 25 metr, çıxışda isə 20 metrdir. Digər vacib obyekt isə 263 metr uzunluğunda olan suburaxıcı qurğudur. Onun daxili ölçüləri 4x4 metrdir. Hazırda bu qurğuların dəmir-beton işləri tam başa çatdırılıb, növbəti mərhələdə isə montaj işlərinə başlanılacaq”.
Tikinti rəhbərliyindən verilən məlumata görə, indiyədək anbarda nəzərdə tutulan işlərin 60 faizi icra olunub. Layihəyə uyğun olaraq tikinti işlərinin bu ilin sonu və ya gələn ilin əvvəlinədək tamamlanaraq obyektin istismara verilməsi planlaşdırılır.
Beləliklə, Yengicə su anbarının istifadəyə verilməsi regionun aqrar potensialının artırılmasında və su təhlükəsizliyinin təmin olunmasında yeni bir mərhələ açacaq. Layihənin tamamlanması ilə minlərlə hektar torpağın suvarılması yaxşılaşacaq ki, bu da əkin sahələrinin məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldəcək. Eyni zamanda, müasir mühəndis həlləri ilə inşa edilən bu obyekt bölgəni sel sularının mənfi təsirlərindən qorumaqla, mühüm ekoloji missiyanı da yerinə yetirəcək. Beləliklə, nəhəng infrastruktur obyekti şimal-qərb bölgəsinin sosial-iqtisadi inkişafına uzunmüddətli və dayanıqlı töhfə verəcək.