futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək.
Açılış matçında “Neftçi” səfərdə “Qəbələ” ilə üz-üzə gələcək. “Qarabağ” isə “Şəfa”nı sınağa çəkəcək.
Mövsümə uğurlu start verən “Neftçi” 5 turda 4 qələbə qazanıb, 1 dəfə məğlub olub. Son turlarda formada olan “ağ-qaralar” məhsuldarlığı ilə fərqlənib. Yuri Vernidubun yetirmələri 15 qolla çempionatda ən çox fərqlənən kollektivdir.
Komandaların durumuna nəzər salsaq, favorit “Neftçi”dir. Bakılılar qələbə qazandığı görüşlərin hamısında erkən qollarla rəqibin müqavimətini qırıb. Paytaxt təmsilçisində əsas problem müdafiə ilə bağlıdır. Öndə olduğu oyunlarda arxayınlaşan və qollar buraxan “Neftçi” bu nöqsanları da aradan qaldırmalıdır.
Son iki oyuna Amil Ağacanovun rəhbərliyi altında çıxan “Qəbələ” qeyri-stabilliyi ilə diqqət çəkir. Bu mövsüm cəmi 1 qələbə qazanan “qırmızı-qaralar” çempionatda ən az qol vuran kollektivdir (2 qol). Komandaya yeni baş məşqçi təyin edilsə də, (red-Yeton Bekiri ilə müqavilə imzalanıb), “Neftçi” ilə görüşdə də Ağacanov “sükanda” olacaq. Bu görüş onun üçün də özünü göstərmək adına vacib sınaq olacaq.
Günün digər matçında “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Oyunun aşkar favoriti “atlılar”dır. Debütant bu mövsüm qeyri-stabil oyun sərgiləyir. 5 turda cəmi 1 qələbə qazanan bakılıların “Qarabağ”a çətinlik yaradacağı ehtimalı azdır. Yeni formalaşan Qurban Qurbanovun komandası oyundan-oyuna daha da artırır və “Şəfa”ya qarşı böyükhesablı qələbə isə gözlənilməz deyil.
Şahin Cəfərov