Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2026-cı il noyabrın 18-də Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində Qəbələdə turizmin inkişafını təbiətin qorunması, yerli sahibkarlıq və iqlim fəaliyyəti ilə əlaqələndirən yanaşma təqdim olunub.
“Gabala Hospitality Group”un (GHG) M.Ş. sədri və Qəbələ Qastronomiya Turizminin İnkişafı Təşəbbüsünün strateji rəhbəri Şəbnəm Fərman Qəbələnin turizm destinasiyası kimi inkişafına dair yanaşmasını bölüşmək üçün “Turizm, qida sistemləri və iqlim fəaliyyəti üçün qida tullantılarının azaldılmasının zəruriliyi” mövzusunda panel müzakirəsinə dəvət olunub.
Şəbnəm Fərman paneldə beynəlxalq ekspertlər — “Intrepid Travel” şirkətinin iqlim üzrə baş meneceri Susanne Etti, “Iberostar Hotels & Resorts” şirkətinin iqlim fəaliyyəti üzrə direktoru “Adam Terando və Zero Waste Costa Rica” təşkilatının direktoru Elena Mateo ilə birgə iştirak edib. BMT-nin Turizm Təşkilatının — “UN Tourism”in moderatorluğu ilə keçirilən müzakirədə dayanıqlı qida sistemləri, qida tullantılarının qarşısının alınması və turizm müəssisələri ilə destinasiyalarda tətbiq oluna biləcək praktik iqlim həlləri barədə fikir mübadiləsi aparılıb.
Şəbnəm Fərman Qəbələdə davam edən inkişafın Azərbaycanın turizm və iqlim prioritetlərini konkret fəaliyyətə çevirmək üçün mühüm imkan yaratdığını vurğulayıb.
“Yaşıl Qəbələ” (Green Gabala) yanaşması “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əks olunan iqlim dəyişikliyinə uyğunlaşma, enerji və sudan səmərəli istifadə, tullantıların dayanıqlı idarə olunması, ekosistemlərin bərpası və yerli icmaların dəstəklənməsi istiqamətləri ilə uzlaşır. Təklif olunan “Qəbələ Canlı Laboratoriyası” (Gabala Living Lab) modeli proqramın innovativ pilot layihələrə və dayanıqlı turizmin məlumatlar əsasında ölçülməsinə verdiyi önəmi də əks etdirir.
Bu istiqamətlər COP29-un Turizmdə İqlim Fəaliyyətinin Gücləndirilməsi üzrə Bakı Bəyannaməsinin təmiz enerji, resurs səmərəliliyi, dairəvi iqtisadiyyat yanaşmaları, aşağı və sıfır emissiyalı nəqliyyat, ekosistemlərin qorunması və bərpası çağırışlarını tamamlayır.
Bu geniş gündəliyin bir hissəsi kimi Qəbələ Qastronomiya Turizminin İnkişafı Təşəbbüsü restoranlar, hotellər, istehsalçılar və təhsil tərəfdaşlarının iştirakı ilə Qəbələ üzrə qida tullantılarının azaldılmasına dair pilot proqramın hazırlanmasını hədəfləyir. Qəbələ Qastronomiya Sammiti və imzalanmış bəyannamə ilə formalaşan əməkdaşlığa əsaslanan proqram tullantıların ölçülməsini, onların yaranmasının qarşısını alan tədbirlərin sınaqdan keçirilməsini, istifadəyə yararlı artıq qidanın təhlükəsiz şəkildə ehtiyacı olanlara çatdırılması və qaçılmaz üzvi tullantıların faydalı istifadəsi imkanlarının araşdırılmasını nəzərdə tutur.
Təklif olunan “Qəbələ Canlı Laboratoriyası” (Gabala Living Lab) tədqiqatçıları, startapları, texnologiya şirkətlərini və investorları yerli tərəfdaşlarla birlikdə həm qida sistemləri, həm də daha geniş iqlim gündəliyi üzrə nəticələri ölçülə bilən həllər hazırlamağa və sınaqdan keçirməyə dəvət edir.
COP31 çərçivəsində GHG-nin Turizmdə İqlim Fəaliyyəti üzrə Qlazqo Bəyannaməsinə qoşulması ilə bağlı UN Tourism ilə ilkin müzakirələrə başlanılıb. Müzakirələrdə bəyannamənin çərçivəsinin daha geniş iqlim fəaliyyətinin planlaşdırılmasına və Qəbələ üzrə tərəfdaşlığın inkişafına necə dəstək verə biləcəyi nəzərdən keçirilib.
Əsas məqsəd Qəbələdə turizmi inkişaf etdirərkən onun təbii və mədəni sərvətlərini qorumaq, yerli icmalar üçün daha çox dəyər yaratmaq və təbiətdən aldığından daha çoxunu ona qaytarmaqdır.