Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir. Məlum olduğu kimi, Bakıya qar yağıb.
Elə hər il olduğu kimi, bu dəfə də qar yağanda ortaya yeni problemlər çıxıb və bəlli olur ki, nədənsə, qara heç cür hazır ola bilmirik.
Hər dəfə qışa hazır olduğumuz deyilsə də, hər cür şəraitimizin, texnikamızın olduğu vurğulansa da, qarlı günlərdə bunun şahidi olmuruq.
Texnika dedikləri yaşlı insanlar əlində bel ilə yol açması olur, şərait dedikləri də elə əl ilə yola süfrə duzu səpmək.
Nəzərə alsaq ki, Bakıya qar da ehtiyatla yağır, bir çox ölkələrdə olan şaxta bizdə olmur, heç qar Allahdan dizə qədər də çatmır-bu halda belə hazır olmamaq, əslində, ölkədəki qurumların iş fəaliyyətindən xəbər verir.
Hər il tənqid olunsa da, hər dəfə hansısa biabırçılıqlar ortaya çıxsa da, yenə də çevir tatı, vur tatıdır.
Qar dizə qədər yağmasa da, biz boğaza qədər yığılmışıq. Görəsən, dünyanın hansı ölkəsində duzu yerə əl ilə səpirlər? Özü də, süfrə duzunu.
Adam istəyir, lap o duzun üstünə qənd də qoysun ki, xalq birdən qurumlarla dalaşar. Bəs hanı xaricdən aldığımız texnikalar?