Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Deyirlər qulaq gündə bir söz eşitməsə, kar olar.
“İmişli”nin 1-ci liqanın aşkar autsayderi “Şimal”la gizlincə yoxlama görüşü keçirməsinin sirri açılıb. Sən demə, Aran təmsilçisi həmin qarşılaşmada birdən-birə 9 kolumbiyalı futbolçunu sınaqdan keçibirbmiş. Bir vaxtlar “Bakılı” adlı bir klub vardı. Onun prezidenti Misir Əbilov özünün qəribə addımları və açıqlaması ilə xeyli məşhurlaşmışdı. Həmin o Əbilov bir dəfə komandasına baş məşqçi dəvət etmişdi. İşin qəribə tərəfi o idi ki, Misir bəy çalışdırıcını baxışa gətirdiklərini deyirdi, bəyənsəydi, “sükanı” ona tapşıracaqdı. İnanmıram ki, dünya futbolunda ondan əvvəl və ya sonra belə bir hadisə təkrarlansın. İşin qaydası odu ki, əvvəlcə baş məşqçi təyin edərlər, sonra da ona komanda formalaşdırmağı tapşırarlar. Misir Əbilov kimilərin sayəsində Azərbaycan futbolunda hər şey tərsinə idi.
İllər keçib. Təəssüf ki, ötən illər ərzində Azərbaycan futbolunda idarəçilərin təfəkkürü, futbol kimi vacib və həssaslıq tələb edən bir idman növünə yanaşması dəyişməyib. Kobud səslənsə də, bunun adı bazar təfəkkürüdü. Məgər futbolçu göyərtidi və yaxud da kartofdu ki, onu dəstə, kisə ilə alasan? “İmişli”nin Kolumbiyadan gələn 9 futbolçunu birdən-birə yoxlamaq həvəsinə düşməsi hansı təfəkkürün göstəricisidi? Məşqçilər tez-tez bir bəhanədən istifadə edirlər. Deyirlər ki, qışda yaxşı futbolçu tapmaq asan deyil. “İmişli”nin rəhbərliyini də bu deyim qorxudub, işin asan yoluna əl atıblar. Fikirləşiblər ki, bu 9 futbolçuya baxsınlar, xoşlarına gəlsə, Aran klubunda “Kolumbiya legionu” yaratsınlar.
Hərdən böyük xəyallara dalırıq, yüksək iddiaların arxasınca düşürük. “Qarabağ”dan “Ayaks”ı, “Atletik”i, “Napoli”ni məğlub etməyi tələb edirik. Amma bütün bu tələblər reallıq hissini itirməyimizin göstəricisidi. Qurban Qurbanovun və onun əsəri sayılan “Qarabağ”ın sayəsində biz Azərbaycan futbolunun əsl səviyyəsini, deməli, kim olduğumuzu unuduruq. Azərbaycanlı futbolçu, böyük ümidlərlə Xorvatiyaya yola saldığımız Rüfət Abdullazadə cəmi beş ay davam gətirdi. Daha doğrusu, Xorvatiyada beş ayı yola verəndən sonra Azərbaycana qayıtdı. Mahir Emrelinin legioner kimi gələcəyi xeyli dumanlıdı. “Sumqayıt” da Emil Mustafayevi Ukrayndadan Azərbaycana gətirdi. Ayxan Abbasovla İlqar Qurbanov Antalyada Renat Dadaşovla görüşüb, onu dilə tutublar ki, sən Allah, Azərbaycana gəlmə, başını oralarda girələ. Heç olmasa, milliyə hansısa Avropa klubundan futbolçu çağırmağımızla qürrələnək.
Getdikcə vəziyyət daha da pis olacaq. Buna şübhəniz olmasın. Legioner limitinin ləğvi də azərbaycanlı futbolçuların xaricə can atmasına kömək etmədi. Əvəzində olan-qalan gənc futbolçular da heyət üzünə həsrət qaldı, yerlilərin yetişməsinə heç kimin marağı qalmadı. Mən belə olacağını hələ xeyli əvvəl proqnozlaşdırmışdım. “Qəbələ”nin prezidenti Fariz Nəcəfovun bu yaxınlarda “Azərtac”a verdiyi müsahibə də dediklərimi təsdiqlədi.
Sitat:
“Premyer-liqa klublarının heyətlərindəki yerli futbolçulara diqqət yetirsək, görərik ki, onların 90 faizi məhz "Qəbələ"nin akademiyasından çıxıb. Uzun illər akademiyamız ölkədə ən yaxşılardan olub, aşağı yaş qruplarından ibarət komandalarımız dünyanın müxtəlif ölkələrində beynəlxalq turnirlərdə iştirak ediblər. Sadəcə, ötən il maliyyə vəziyyətinə görə akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Ümid edirdik ki, əvəzedicilər liqası ləğv olunacaq və orda çıxış edən komandaya sərf olunan vəsaiti akademiyaya yönəldə biləcəyik. Lakin bu baş vermədi. Bundan başqa, legioner limitinin ləğvi də yerli futbolçulara tələbatın azalmasına gətirib çıxardı. Əvvəllər gənc futbolçuların satışından əldə etdiyimiz vəsait hesabına akademiyanın büdcəsini formalaşdırırdıq. Lakin legioner limitinin ləğvindən sonra artıq yerli, gənc oyunçulara tələbat, demək olar ki, yoxdu. Bütün bu səbəblərdən akademiyanın fəaliyyətini məhdudlaşdırmalı olduq. Hazırda bu istiqamətdə hansısa dəyişiklik nəzərdə tutulmur”.
Buyurun, bəylər. Pis günlər bitir, indi qarşıda daha pis günlər bizi gözləyir. “Qəbələ” azərbaycanlı futbolçuların yetişdirilməsi baxımından fabrik rolu oynamaq üçün özündə güc (pul) tapa bilmir. Yavaş-yavaş bu səhnədən çəkiləcək. “Qəbələ”nin yerini tutmağa, azərbaycanlı gənclərin futbolçu kimi yetişməsi üçün akademiyaya pul xərcləməyə hazır olanımız varmı?! Mənim ağlıma heç kim gəlmir.
AMAL