Qəbulda rəqabət hər il daha da ARTACAQ

25.08.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Builki qəbulun nəticələri ayrı-ayrı ixtisas və universitetlər üzrə rəqabətin səviyyəsi, eləcə də abituriyentlərin seçim meylləri baxımından diqqət çəkir. Xüsusilə keçid ballarındakı dəyişikliklər və plan yerlərinin dolma səviyyəsi hansı istiqamətlərə marağın artdığını, hansılarda isə tələbatın nisbətən zəif qaldığını göstərməyə imkan verir. Eyni zamanda, nəticələrin əvvəlki illərlə müqayisəsi abituriyentlərin ixtisas seçimində prioritetlərinin necə dəyişdiyini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən AzEdu Təhsil Platformasının direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, builki ixtisas seçiminin nəticələri əvvəlcədən açıqlanan statistik göstəricilər əsasında böyük ölçüdə proqnozlaşdırılırdı.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin seçim mərhələsinin ilk günlərində açıqladığı statistik məlumatlar ümumi mənzərəni əvvəlcədən göstərirdi.

“Universitetlərə ixtisas seçiminin nəticələri ilə bağlı proqnozlar hələ seçimlər elan olunduqdan iki gün sonra, DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin səsləndirdiyi statistik məlumatlardan sonra məlum idi. Ümumi statistika, ixtisas qrupları üzrə təqdim olunan ayrı-ayrı statistik bülletenlər vəziyyətin necə olacağını göstərirdi. Nəticələr şəxsən mənim üçün qeyri-adi mənzərə yaratmadı. Cavablar açıqlanmamışdan əvvəl də bilirdik ki, məsələn, I ixtisas qrupunun Rİ altqrupu üzrə müsabiqə vəziyyəti çox gərgin olacaq, 200-300 və 300-400 bal intervalında keçid balları 40-50 bala qədər arta biləcək. Eyni zamanda III ixtisas qrupunun TC altqrupu üzrə də keçid ballarının 90 bala qədər yüksələcəyi proqnozlaşdırılırdı. Nisbətən fərqli mənzərə Rİ altqrupunda vəziyyətin gözlənildiyindən daha mürəkkəb olması idi. IV qrupla bağlı isə bütün proqnozlar özünü doğrultdu. Burada da xüsusilə 600-650 və 650-700 bal intervalında müsabiqə vəziyyəti kəskin şəkildə gərginləşdi”.

Elmin Nuri bildirib ki, builki nəticələrin formalaşmasına təsir edən əsas amillərdən biri də müraciət edənlərin sayının əhəmiyyətli dərəcədə artması olub:

“Bütün qruplar üzrə ixtisas seçimi nəticələrini formalaşdıran əsas səbəblərdən biri ildən-ilə artan qeydiyyat sayıdır. Builki müraciətçi sayı ötən illə müqayisədə 13 mindən çox artmışdı. Plan yerlərinin isə eyni templə artırılmadığını nəzərə alsaq, müsabiqə vəziyyətinin gərgin olacağı əvvəlcədən aydın idi. Universitetlərin və plan yerlərinin sayı sürətlə artmadığı, eyni zamanda müraciətçilərin sayı ildən-ilə yüksəldiyi müddətdə bu gərginliyin hər il daha da artacağını müşahidə edəcəyik”.

Tədqiqatçı hesab edir ki, xüsusilə informasiya texnologiyaları istiqamətində təklifin artırılmasına ehtiyac var:

“Məsələn, Rİ altqrupunu götürək. Bu altqrup üzrə cəmi 8 ixtisas var və onların 7-si informasiya texnologiyaları profillidir. Zamanın diktəsi, süni intellekt dövrünün tələbləri fonunda İT ixtisaslarına maraq ildən-ilə daha da artacaq. Bu baxımdan ayrıca İT yönümlü bir universitetin yaradılması həmin altqrup üzrə yaranan gərginliyin daha balanslı şəkildə bölüşdürülməsinə ciddi təsir göstərə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью