Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-nin Arizona ştatının Finiks şəhərindəki Musiqi Alətləri Muzeyində qədim Çin musiqi irsinə həsr olunan xüsusi sərgi açılacaq.
“Qədim Çinin cənub krallıqlarından üzə çıxarılan musiqi inciləri” adlı ekspozisiya noyabrın 6-dan ziyarətçilər üçün fəaliyyətə başlayacaq. Noyabrın 6–8-də keçiriləcək açılış tədbirləri çərçivəsində canlı musiqi ifaları, rəqs proqramları və kuratorların təqdimatları təşkil olunacaq.
Musiqi Alətləri Muzeyi ilə Çinin Hubey Əyalət Muzeyinin birgə təşkil etdiyi sərgidə 70-dən çox musiqi aləti və əlaqəli tarixi əşya nümayiş etdiriləcək. Eksponatların əksəriyyəti yaşı iki min ildən çox olan arxeoloji abidələrdən aşkarlanıb. Ekspozisiyada ABŞ-də ilk dəfə nümayiş etdirilən 40-dan çox qədim Çin artefaktı, həmçinin Çinin milli mədəni sərvətləri üzrə ən yüksək kateqoriyaya aid 10 eksponat yer alacaq.
Sərgi qədim Çində musiqi mədəniyyətinin inkişafını və ənənəvi musiqi alətlərinin tarixi əhəmiyyətini nümayiş etdirməyi hədəfləyir. Açılış proqramı zamanı ziyarətçilər ənənəvi Çin musiqisi və rəqsləri ilə tanış olacaq, qədim Çin zəng dəstlərindən ilhamlanan əl işləri hazırlayacaq və muzeyin Asiya qalereyasına təşkil olunan ekskursiyalara qatılacaqlar.
Hazırladı:
S.Rzayeva
XQ