“Qədim daşlar arasında” klassik musiqi

19.09.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 sentyabr, AZƏRTAC

Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” adlı konsert keçirilib. Tədbir İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində baş tutub.

AZƏRTAC xəbər verir ki, proqramda Azərbaycan və xarici bəstəkarların klassik musiqi əsərləri təqdim olunub. Üzeyir Hacıbəylinin əsərlərinə isə xüsusi yer verilib.

Tədbirdə gənc musiqiçilər və vokalçılar iştirak ediblər. Səhnəyə festivalın müəllifi və təşkilatçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva da çıxıb. Gecənin sürprizi isə “The Passion Strings” simli kvartetinin çıxışı olub.

O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, bu konsert Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunub.

“Biz şəhərimizin belə gözəl tarixi məkanında toplaşmışıq. Bu gün burada “Mezzo” qadın orkestrinin müşayiəti ilə gənc musiqiçilər və “Mezzo” uşaq xorunun üzvləri olan çox gənc ifaçılar çıxış edəcəklər. Gənc vokalçıları milli musiqimizə cəlb etmək çox vacibdir. Bu, gözəl, mənəvi və düzgün musiqidir. Bu, uşaqların zövqünü inkişaf etdirir, onları tərbiyə edir”, - deyə Xalq artisti vurğulayıb.

Xatırladaq ki, Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi, Xalq artisti Fidan Hacıyevanın iştirakı və Niyazi adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçirilən Opera Festivalı sentyabrın 7-də başlayıb və dekabrın 7-dək davam edəcək. Festival ölkənin müxtəlif regionlarını əhatə edir. Tədbir çərçivəsində təqdim olunacaq konsert proqramları Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdiriləcək.

Müəllif – Anara Axundova

Fotoqraf – Azər İbrahimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью