Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Xalqa inam və yurda sevgidən qaynaqlanan uğurların təməlində siyasi varislik dayanır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana növbəti səfəri Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinin təsdiqi idi. Prezidentin son 23 ildə gördüyü işlərin nəticəsində bütün sahələrdə ən yüksək zirvələri fəth edən ölkəmiz Ulu öndərin görmək istədiyi Azərbaycandır.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi 17-ci səfəri regionun sosial-iqtisadi, mədəni və strateji inkişafında növbəti tarixi mərhələnin əsasını qoydu. Dövlət başçısının qeyd etdiyi kimi, bu səfər və onun çərçivəsində keçirilən silsilə tədbirlər muxtar respublikanın hərtərəfli tərəqqisinə dövlət qayğısının bariz nümunəsidir.
Qloballaşan və kosmopolitizm meyllərinin artdığı müasir dünyamızda milli kimliyin, milli dəyərlərin, mədəniyyətin, dilin, ədəbiyyatın, tarixin qorunması asan məsələlərdən birinə çevrilib. Ölkə başçısının Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi müsahibəsində xüsusilə bu amilləri önə çəkməsi, tariximizin, mədəniyyətimizin, görkəmli şəxsiyyətlərimizin qürur mənbəyimiz olduğunu vurğulaması bizi qəlbən çox fərəhləndirdi. Azərbaycanın yolu Qərbə olsa da, dövlətimizin başçısı Şərq mentalitetinin formalaşdırdığı milli dəyərlərin, tarixi və mədəni irsin qorunmasının vacibliyini və məsuliyyətini dərk etməyi qarşımıza əsas məqsəd kimi qoydu. Prezident İlham Əliyevin söylədiyi aşağıdakı fikirlər sovet gerçəkliyinin canlı əfsanəsi və milli dövlətçiliyin banisi, azərbaycançılıq ideyasının müəllifi Ulu öndər Heydər Əliyevin milli ideya və ideallar uğrunda vaxtilə yorulmadan apardığı mübarizəsinə ali qiymət və sədaqətin nümunəsidir: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji mövqeyi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir”.
Prezidentin son 20 ildə dövlət büdcəsinin və yerli büdcənin hesabına Naxçıvanda geniş quruculuq işlərinin aparılmasını qeyd etməsi, mədəni irsə münasibət, bəşəri və milli dəyərlərin qorunması istiqamətində böyük işlər görən Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu səfərdə Prezidenti müşayiət etməsi təsadüfi deyildi. Onların birlikdə dünya memarlıq incilərindən sayılan Möminə Xatun türbəsinin bərpası ilə yaxından tanış olmaları və görüləcək işlərə öz tövsiyələrini vermələri, memar Əcəmi Naxçıvaninin abidəsinin, eləcə də DOST agentliyinin açılışında iştirak etmələri mədəni, mənəvi və milli irsin qorumasına davamlı dövlət qayğısının göstəricisi kimi xüsusi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Naxçıvanla bağlı həyata keçirilən işlərin artıq sistemli şəkildə davam etməsini, Naxçıvanın hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasını vurğulaması, Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq bu üç bölgəni, inzibati nöqteyi-nəzərdən birləşdirilməsi və Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərtilə ancaq idarəetmə qaydalarının təkmilləşməsinin vacibliyini bəyan etməklə, əslində, çox vacib mətləblərə aydınlıq gətirdi.
Prezidentin “Beləliklə, kadr islahatları ilə paralel olaraq, struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar” – fikri uzun illər blokadanın və idarəetmə üsulunun yaratdığı çətinliklərin artıq geridə qalmasının, insanların firavan günlər yaşaması üçün dövlətin həyata keçirdiyi məqsədyönlü siyasətin aydın ifadəsi idi.
Prezident İlham Əliyevin Naxçıvana səfərindən dərhal sonra muxtar respublikanın sosial–iqtisadi inkişafı ilə əlaqədar əlavə tədbirlər görülməsi məqsədilə 258 milyon vəsaitin ayrılması barədə qərar qəbul etməsi və Naxçıvan Dövlət Universiteti üçün 1000 yerlik müasir tələbə yataqxanasının tikiləcəyi xəbərini naxçıvanlılar böyük sevinc və minnətdarlıq duyğusu ilə qarşıladılar. “Biz birlikdə güclüyük” ideyasının təntənəsi hesab ediləcək bu səfər, eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qədim sivilizasiyanın beşiyi Naxçıvana göstərdiyi diqqət və qayğının parlaq nümayişi kimi yaddaşlara həkk olundu.
Süsənbər AĞAMALIYEVA,
Naxçıvan Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru