Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AMEA Gəncə Bölməsinin hazırlayıb nəşr etdirdiyi “Gəncə incəsənəti” monoqrafiyası qədim şəhərin minillik yaradıcılıq irsini ilk dəfə elmi toplu şəklində oxuculara təqdim edib.
Gəncə təkcə Azərbaycanın ən qədim şəhərlərindən biri deyil, həm də əsrlər boyu formalaşmış zəngin sənət və mədəniyyət ocağıdır. Bu tarixi yaddaşı elmi əsaslarla gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi tərəfindən “Gəncə incəsənəti” adlı fundamental monoqrafiya nəşr olunub.
Monoqrafiyanın nəşrinin başa çatması münasibətilə keçirilən təqdimat mərasimində AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, nəşrin əsas məqsədi Gəncənin müxtəlif tarixi mərhələlərə aid sənət nümunələrini sistemləşdirərək vahid elmi toplu halında təqdim etməkdir. Bu əsər şəhərin milli-mədəni irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Nəşrdə elmi dəqiqlik, informativlik və estetik tərtibat prinsiplərinin bir-birini tamamladığını qeyd edən akademik kitabın ərsəyə gəlməsində əməyi olan müəllif və əməkdaşları təbrik edərək onların zəhmətini yüksək qiymətləndirib.
Mərasimdə işçi qrupunun üzvləri bildiriblər ki, şəhərdə əsrlər boyu yaranmış müxtəlif yaradıcılıq sahələrini özündə birləşdirən nəşr həm elmi sanbalı, həm də mövzu rəngarəngliyi ilə seçilir. Kitab Gəncənin şəhər və el mədəniyyətini araşdıran alimlər, tələbələr, sənətşünaslar və geniş oxucu auditoriyası üçün dəyərli mənbə hesab olunur.
Topluda Gəncə memarlığı, heykəltaraşlığı, dekorativ-təsviri sənəti, zərgərlik və bədii metalişləmə ənənələri, xalçaçılıq, ipəkçilik, toxuculuq, gil-saxsı və çini istehsalı, rəssamlıq, musiqi yaradıcılığı, el sənəti və digər sənətkarlıq sahələri geniş şəkildə araşdırılıb. Hər bir bölmə zəngin tarixi faktlar, elmi təhlillər və illüstrativ materiallarla müşayiət olunur.
“Gəncə incəsənəti” təkcə yeni elmi nəşr deyil, həm də minilliklər boyu formalaşan şəhər ruhunun, sənət düşüncəsinin və milli kimliyinin kitablaşmış salnaməsi kimi dəyərləndirilir.
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri