Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Beynəlxalq alimlər qrupu müasir Qvatemala ərazisində yerləşən qədim Şultun şəhərindəki kiçik bir otağın divarlarında aşkarlanmış iyeroqlifləri tam deşifrə edə biliblər. Tədqiqatçılar bu məkanda sadəcə ayrı-ayrı qeydlər deyil, səma cisimlərinin hərəkəti ilə bağlı mürəkkəb riyazi formullar və həmin hesablamaların ehtimal olunan müəllifinin adını tapıblar. Bu nadir tapıntı Maya astronomlarının kosmik cisimləri necə hesabladıqlarını və sonradan məşhur kodekslərdə yer alan dəqiq təqvimləri necə tərtib etdiklərini daha yaxşı anlamağa imkan yaradacaq.
Təxminən dörd min il mövcud olmuş Maya sivilizasiyası riyaziyyat və astronomiya sahəsində misilsiz uğurlara imza ataraq əsrlər boyu kosmosu dəqiqliklə müşahidə edib. Lakin on altıncı əsrdə ispan konkistadorları və missionerləri hinduların yazılı irsinin böyük bir qismini, o cümlədən elmi kəşflərin arxasında duran şəxslər haqqında tarixi məlumatları məhv etmişdilər. İki mininci illərin əvvəllərində arxeoloqların Şultun şəhərində apardıqları qazıntılar və xüsusən də qarətçilərin qazdığı tunelin tədqiqi mütəxəssisləri üzərində riyazi qeydlər olan "10K-2" nömrəli binanın içindəki kiçik otağa aparıb çıxarıb. Bu məkan hələ doqquzuncu əsrdə qəsdən torpaq və tikinti tullantıları ilə doldurulduğu üçün divar rəsmləri günümüzədək çox yaxşı qorunub saxlanıb.
Massachusetts Texnologiya İnstitutunun alimi Franko Rossinin rəhbərlik etdiyi beynəlxalq arxeoloqlar qrupu bu otağı diqqətlə araşdıraraq on bir iyeroqlif aşkar ediblər. Xüsusi işıqlandırma və skanlama üsulları vasitəsilə mütəxəssislər uzun sürən deşifrə prosesindən sonra "Ağ sinəli tülkü" (Sak Tahn Waax) mənasını verən bir ad oxuyublar. Tədqiqatçıların fikrincə, divardakı formulları məhz bu şəxs tərtib edib. Bu kəşf bütün Amerika qitəsində Maya astronomiya hesablamaları ilə bağlı konkret bir insanın adının çəkildiyi ən qədim və ilk birbaşa tarixi faktdır.
Mütəxəssislər hesablamaların ehtiva etdiyi təqvim tarixlərinə əsaslanaraq bu formulların 781-ci ildə yazıldığını müəyyən ediblər. "Ağ sinəli tülkü" Venera və Marsın dövrlərinin Günəş ili ilə yenidən nə vaxt üst-üstə düşəcəyini hesablamaq üçün ardıcıl rəqəmlər sistemi qeyd edib. Bu otağın astronomların mürəkkəb kodeksləri hazırlamazdan əvvəl qara işlərini apardıqları bir iş kabineti olduğu düşünülür. Düzdür, yeni bir şəhər və ya nəhəng məbəd tapılmasa da, kəşfin elm tarixi üçün əhəmiyyəti əvəzsizdir. Çünki elm adamları tarix ərzində ilk dəfə olaraq klassik Maya dövrünün astronomik hesablamalarını konkret olaraq bir şəxsin adı ilə əlaqələndirə biliblər.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ