Qədim Şəki muzeylər şəhəridir

16.07.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müasir dünyamız nə qədər inkişaf etsə də, insanlar arasında fikir ayrılıqları, müharibələr, sərhədlər və mədəni fərqlər hələ də mövcuddur. Lakin elə məkanlar var ki, orada insanlar dilindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq ortaq dəyərlər ətrafında birləşirlər. Bu məkanlardan biri də muzeylərdir. Muzeylər xalqların tarixini, mədəniyyətini və mənəvi yaddaşını qoruyaraq gələcək nəsillərə ötürür.

Azərbaycanın qədim diyarı olan Şəki zəngin muzeyləri ilə mədəni irsi qoruyub yaşadan şəhərlərdən biridir. Ümummilli lider Heydər Əliyev Şəkinin mədəni irsini çox yüksək qiymətləndirərək demişdir: “Şəki Azərbaycanın gözəl guşələrindən biridir. Ona gözəllik verən birinci onun təbiətidir. Şəkidə yaşayan insanlar əsrlər boyu onu qurub-yaradıblar. Buna görə də Şəkidə qədim tarixi memarlıq abidələri, bizim milli mədəniyyətimizi əks etdirən gözəl abidələr yaranıb, yaşayıb, bu günə qədər gəlib çatıblar. Və beləliklə, Şəkini bir muzeyə çeviriblər” .

Bəli, Şəki özü, bütövlükdə, açıq səma altında muzeydir. Bu muzey şəhərdə isə bu gün onlarla muzey fəaliyyət göstərir. Onlardan Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Xalq Tətbiqi Sənətləri Muzeyi, Heydər Əliyev Muzeyi, dahi şəxsiyyətlərin ev muzeylərinin, Yurd Yaddaşı Miniatür Muzeyi və son illər fəaliyyətə başlayan Şəki Şərab Muzeyinin adlarını qeyd edə bilərik.

Arxiv sənədlərində Şəki Tarix-Diyarşünaslıq Muzeyinin 1925-ci ildə Şəki Xan sarayında fəaliyyətə başladığı qeyd olunur. Sonralar muzey çar Rusiyası dövründə inşa olunan, Qala ərazisində yerləşən hərbi-inzibati binada, Yuxarı Karvansarada və son olaraq yenə Qaladakı keçmiş əsgər kazarmasında yerləşib.

Təmir-bərpaya dayandırılan binanın bu ilin aprel ayında açılışı oldu. Müasir tərtibat, rahat ekspozisiya zalları Şəkinin qədim dövrlərdən indiyə qədər keçdiyi inkişaf yolunu göstərir. Muzeydə Şəkinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını əks etdirən 3 min 500-dən artıq eksponat qorunur. Onlardan, təxminən, 1800-dən çoxu ekspozisiya salonlarında nümayiş olunur. Muzeyə gələnlər Şəkinin qədim tarixinə, sanki, canlı səyahət etmiş olurlar. 

Azərbaycanda ilk memorial muzey – ev-muzeyi də məhz Şəkidə yaradılmışdır. Dramaturgiyamızın banisi, maarifçi, şair, ictimai xadim M.F.Axundzadənin Ev-Muzeyi 1940-cı ildə onun anadan olduğu evdə yaradılmışdır. Şəkinin tarixi hissəsində, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən ev yerli əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur. 1800-cü illərdə ənənəvi Şəki evi tipologiyasına uyğun inşa edilmiş bina iki otaq, qarşısında taxta sütunları olan eyvan və zirzəmidən ibarətdir. Tarixi bina M.F.Axundzadənin yaşadığı dövrün memarlıq xüsusiyyətlərini və məişətini özündə əks etdirir. Evin yaxınlığında, eyni ərazidə 1975-ci ildə tikilmiş digər binada dahi şəxsiyyətin həyat və yaradıcılığına aid ekspozisiya zalı var. 

Şəkidə M.F.Axundzadədən başqa, 1992-ci ildə R.Əfəndiyevin, 2001-ci ildə S.Rəhmanın, 2018-ci ildə Türk dünyasının sevilən şairi Bəxtiyar Vahabzadənin də ev-muzeyi yaradılmışdır. Nəticədə, Şəkinin qoruq ərazisindəki rəsmi ev-muzeylərinin sayı dördə çatmışdır. Rəsmi ev-muzeyləri ilə yanaşı, Şəkidə İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan  Əhmədiyyə Cəbrayılovun özəl ev-muzeyi də fəaliyyət göstərir. 

Şəkinin qoruq ərazisində maraq doğuran muzeylərdən biri də Yurd Yaddaşı Miniatür Muzeyidir. Adından da göründüyü kimi, muzeydə Şəkinin tarixi hissəsi, memarlıq abidələri miniatür modellər şəklində nümayiş etdirilir. Yuxarı Karvansaranın qarşısında yerləşən muzey Şəkini gəzməyə gələn qonaqlar, turistlər üçün şəhərin zəngin tarixini, memarlığını və mədəniyyətini qısa zamanda kəşf etməyə imkan yaradır.

Şəki Şərab Muzeyi Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələrini əks etdirən zəngin ekspozisiyası ilə tanınır. Burada qədim şərab qabları, müxtəlif dövrlərə aid şərab etiketləri, fotoşəkillər, rəsm əsərləri və arxeoloji tapıntılar nümayiş etdirilir. 

Muzeydə 500-dən artıq eksponat qorunur. Ziyarətçilər burada üzümün becərilməsi, şərabın hazırlanması və saxlanılması üsulları haqqında məlumat əldə edə bilirlər. Müasir multimedia bölməsində isə XIX–XX əsrlərə aid nadir şərab etiketləri və Azərbaycan şairlərinin şərabla bağlı yaradıcılığı təqdim olunur. 

Muzey Böyük Qafqaz dağlarının ətəyində, Çələbixan qəsəbəsində yerləşir. Bura təşkil olunan ekskursiyalar zamanı qonaqlara zavodun istehsal prosesi göstərilir və müxtəlif şərab növlərinin dequstasiyası keçirilir.

Şəki Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə malik olan, Bakıdan sonra ölkədə ən çox muzeyə ev sahibliyi edən ikinci şəhəridir. Şəhərdə və ətraf kəndlərdə müxtəlif təyinatlı muzey və sərgi mərkəzi fəaliyyət göstərir.

Şəki muzeyləri əsrlərin yaddaşını yaşadan zəngin xəzinədir. Muzeylərdə qorunan hər bir eksponat xalqın həyat tərzini, sənətini, düşüncəsini və ruhunu yaşadan səssiz tarixdir. 

Sevil MİRZƏLİYEVA,
“Yuxarı baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью