Qəfil ölüm əslində qəfil deyilmiş... Hansı əlamətlərə məhəl qoymuruq?

26.11.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə və mediada ard-arda yayılan qəfil ölüm xəbərləri cəmiyyətdə ciddi narahatlıq yaradıb. Elə noyabr ayında 17-28 yaşarası gənclərin ölüm xəbərləri də narahatlığın bariz nümunəsidir.

Bəs bu qəfil ölümlərin arxasında nə dayanır? Bu riskdən qorunmaq üçün hansı əlamətlər təhlükənin xəbərçisi sayıla bilər? Doğrudanmı qəfil ölümlər var, yoxsa bu ölümlər insanın laqeydliyindən baş verir?

Bakıvaxtı.az-ın mövzu ilə bağlı suallarını cavablandıran tibbi ekspert Rasif Bağırovun sözlərinə görə, əslində tibbdə "qəfil ölüm" anlayışı var, amma praktikada qəfil ölüm yoxdur:

"Mən şəxsən praktikada müşahidə edirəm ki, qəfil ölüm deyilən şey yoxdur. Bütün ölümlər qabaqcadan insana xəbər verir ki, mən gəlirəm”.

Müsahibimiz vurğulayır ki, lakin insanlar bu xəbərdarlıqlara əhəmiyyət vermir. Bunun isə müxtəlif səbəbləri var:

“Birincisi, doğrudan da laqeydlikdir. Uşaqda ürək ağrısı, özündəngetmə kimi hallar olsa da, uşaq həyətdə oynayır, ora-bura gedirsə, valideynlər "düzəldi, heç nə yoxdur" deyib həkimə getmirlər. Bundan başqa, maliyyə çətinlikləri də valideynləri həkimə getməkdən yayındırır”.

Həkim qeyd edib ki, digər səbəb qorxudur. Onun sözlərinə görə, xəstə həkimə getməkdən çəkinir ki, birdən xəstəlik çıxar, sonra fikirləşər ki, niyə xəstəyəm. Elə bu fikirdən qaçmaq üçün də həkimə getmir.

Rasif Bağırov: Bütün ölümlər qabaqcadan insana xəbər verir ki, "mən gəlirəm”

R.Bağırovun fikrincə, məhz bu amillər "qəfil ölüm" halların sayını artırır. Əgər bir problem varsa, ürək nahiyəsində ağrı, ara-sıra müəyyən narahatlıqlar varsa və onu araşdırmaq üçün həkimə gedilmirsə, o problem bir gün qəflətən insanda ölüm hadisəsini yarada bilir. Bu kontekstdə "qəfil ölüm" həmişə xəbərdarlıq edir.

"İnsan bu xəbərdarlığa əməl etməyəndə günahı insanın özündə olur. Xəbərdarlıqsız heç nə olmur. Mən şəxsən öz işlədiyim praktikada uzun illər müşahidə aparmışam. Bütün cavan ölən insanları yoxlamışıq, orada mütləqdir ki, xəbərdarlıq elementləri olur. Sadəcə insanlar əhəmiyyət vermirlər, laqeyd yanaşırlar və nəticədə ölüm halları baş verir", - deyə Rasif Bağırov fikrini yekunlaşdırıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью