Qəhrəmanın şərəfinə boks yarışı FOTOLAR

21.11.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

19-20 noyabr tarixlərində Lənkəran rayon Cənub Regional Boks Mərkəzində Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsinin şəhidi baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr olunan boks idman növü üzrə ənənəvi VI Lənkəran - Astara region turniri keçirilib.

Dövlət Himinin sədaları altında başlanan yarışın açılış mərasimində Vətən yolunda canını qurban verən şəhidlərin əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Lənkəran - Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Vətən müharibəsinin şəhidi baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova Vətən şəhidlərin keçdiyi döyüş yolu və göstərdikləri qəhrəmanlığın gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının əbədiləşdirilməsi, onların xatirəsinin əziz tutulması və şəhid ailələrinə olan diqqət və qayğısından söhbət açıblar. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atan, torpağı Vətən edən ər igidlərin xatirəsini uca tutmaq, onları daima yad etmək hər bir vətəndaşımızın borcu olduğunu bildirərək, yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.
Baş hakim Nazim Qulamov yarışa start verib, Lənkəran, Astara, Masallı və Cəlilabad rayonlarından olan 84 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıblar. Yer tutmuş idmançılar diplom və medallarla təltif ediliblər.
Məlumat üçün bildirək ki, bütün Azərbaycanın qürur yeri olan şəhidi baş leytenant Vüsal Kazımov Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatıb. Lənkəran Dövlət Universitetinin məzunu olan qəhrəmanımız şəhidlik zirvəsinə ucaldığı günədək Lənkəran şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. Vüsal Vətən müharibəsinə yollananda yeni doğulan Aynurun indi 6 yaşı var, böyük qızı Nuray isə 12 yaşındadır.

44 günlük haqq savaşımızda mərdliklə vuruşub Şuşada gərgin döyüşlərin birdə qəfil atılan düşmən gülləsinə tuş gələn Vüsal Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "İgidliyə görə" "Xocavəndin, Füzulinin azadlığı uğrunda
medallara layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью