Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan xalqının azadlığı, suverenliyi və torpaqlarımızın bütövlüyü uğrunda apardığı mübarizə tarixi uzun və çətin sınaqlardan keçmişdir. Xüsusilə Birinci Qarabağ müharibəsi illərində elinə, obasına, Vətəninə olan sonsuz sevgisi ilə silaha sarılan, düşmən təcavüzünə qarşı sinəsini sipər edən mərd oğullarımız milli yaddaşımızda əbədi yaşarlar qazandılar. Həmin şanlı və ağrılı salnamənin fədakar qəhrəmanlarından biri də şəhid Zakir Məmmədovdur. Zakir 1958-ci il noyabrın 12-də Gəncə şəhər Bağmanlar qəsəbəsində anadan olmuşdur. 38 saylı orta məktəbi bitirmişdir. Təhsilini 15 saylı texniki-peşə məktəbində davam etdirmişdir.
Zakir 1978-ci ildə Minsk şəhərində həqiqi xidmətdə olmuşdur. Əsgəri borcunu layiqincə yerinə yetirən Zakir qərib ölkədə vətənin adını hər an uca tutmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1982-1992-ci illərdə Gəncə Toxuculuq kombinatında mühəndis işləmişdir. İşini əla bilən Zakir dəfələrlə müəssisənin rəhbərliyi tərəfindən yüksək mükafatlara layiq görülmüşdü. Kollektiv arasında böyük hörməti vardı.
Zakir Məmmədov 1992-ci il martın 18-də Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə alınmışdı. O, Gəncə batalyonunun tərkibində «Goran» paliqonunda təlim keçdikdən sonra Hacıkəndə göndərilmişdi. Zakir 1992-ci il iyunun 12-də erməni qəsbkarlarına qarşı hazırlanan «Gülüstan» əməliyyatında Erçəç, Mənəş, Buzluq, Başkənd, Gülüstan kəndlərinin azad olunmasında igidlik göstərmişdir. Gənc döyüşçü 1983-cü ildə ailə həyatı qurmuşdur. Zakir Məmmədov 1992-ci il avqustun 1-də Gəncəlilərdən təşkil olunmuş 123 saylı hərbi hissənin tərkibində Laçın rayonunun Büloylu, Əliqulu, Pircahan kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdi.
Zakir Məmmədov 1992-ci il iyulun 21-də Ağdərənin Levonarx kəndində 32 nəfərlə birgə mühasirəyə düşsə də fövqəladə mərdlik göstərərək xilas olmuşdular. Bir neçə dəfə ağır yaralanmışdı. Hər dəfə sağalan kimi döyüş dostlarının yanına yollanmışdı. Döyüş dostları arasında böyük hörməti vardı. Ermənilərin döyüş texnikasına böyük ziyan vururdu. Zakir Məmmədovun qəhrəmanlığı hərbi hissə komandiri tərəfindən yüksək qiymətləndirilmiş, o hərbi hissənin fəxri fərmanına layiq görülmüşdü.
Zakir Rza oğlu Məmmədov 1993-cü il sentyabrın 4-də Gülüstan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Sentyabrın 6-da Gəncədə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. 38 saylı orta məktəbdə mərhumun ruhuna hörmət əlaməti olaraq xatirə bulağı düzəldilmişdir. Mərhumun 2 qız və 1 oğul övladı yadigar qalmışdır.
Müşfiq MİRZƏ
XQ