Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Yeni araşdırma qəhvə içmədən, sadəcə onun qoxusunu beş dəqiqə iyləməyin stressi azaltdığını və beyində rahatlama ilə əlaqəli dalğaları aktivləşdirdiyini ortaya qoyub.
Qaynarinfo xəbər verir ki, Yaponiyada Showa Əczaçılıq Universitetinin alimləri tərəfindən aparılan araşdırmada 20-29 yaş arası könüllülərin qəhvə içmədən, yalnız qəhvə aromasına məruz qaldıqları zaman beyin fəaliyyəti, ürək ritmi və psixoloji vəziyyətləri izlənilib.
Tədqiqat zamanı məlum olub ki, təzə dəmlənmiş qəhvənin qoxusunu beş dəqiqə iylədikdən sonra iştirakçıların narahatlıq, yorğunluq, zehni qarışıqlıq və əhval-ruhiyyənin aşağı olması ilə bağlı göstəricilərində nəzərəçarpacaq azalma qeydə alınıb.
Alimlər bildiriblər ki, qəhvə aroması insanda ani enerji artımı yaratmaqdan daha çox, mənfi emosiyaları və stress səviyyəsini azaltmağa kömək edir.
Araşdırma çərçivəsində portativ cihazlarla aparılan ölçmələr də qəhvə qoxusunun beyində rahatlama ilə əlaqəli dalğaların göstəricisini artırdığını üzə çıxarıb. Bununla belə, iştirakçıların ürək döyüntüsü və nəbz dəyişkənliyində əhəmiyyətli fərq müşahidə edilməyib.
Mütəxəssislərin fikrincə, bu təsir fiziki olaraq kofeinin orqanizmə daxil olması ilə deyil, qoxu duyğusunun yaddaş və emosiyalarla sıx əlaqəsi ilə bağlı ola bilər.
Qeyd olunub ki, qəhvə qoxusu insanda istirahət, səhər rutini və fasilə kimi müsbət xatirə və assosiasiyaları canlandıraraq psixoloji rahatlıq yarada bilər.
Günay