Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 6 iyun, AZƏRTAC “NUTRITION 2025” konfransı çərçivəsində təqdim edilən yeni araşdırmanın nəticələrinə əsasən, orta yaş dövründə müntəzəm kofeinli qəhvə qəbulu qadınların sağlam qocalmasına əhəmiyyətli dərəcədə kömək edə bilər.
AZƏRTAC “sciencealert” saytına istinadla xəbər verir ki, Harvard və Toronto universitetlərinin alimlərinin apardıqları uzunmüddətli tədqiqat 47 513 qadının 30 illik sağlamlıq və qidalanma göstəricilərinə əsaslanır.
Qrupun rəhbəri Sara Mahdavi bildirib ki, əvvəlki araşdırmalar qəhvə istehlakını ayrı-ayrı sağlamlıq nəticələri ilə əlaqələndirsə də, bu araşdırma qocalmanın çoxaspektli trayektoriyalarına qəhvənin təsirini sistematik qiymətləndirən ilk tədqiqatdır.
Araşdırmaya görə, kofeinli qəhvə həm fiziki, həm də zehni funksiyaların qorunmasını dəstəkləyən yaşlanma modelləri ilə müsbət əlaqələndirilib.
Məlumatlar ABŞ-da aparılan genişmiqyaslı “Tibb bacılarının sağlamlıq tədqiqatı” çərçivəsində 1984-2016-cı illər arasında toplanıb.
Sağlam qocalma bu tədqiqatda 70 yaş və üzərində fiziki funksionallığın qorunması, 11 əsas xroniki xəstəlikdən azad qalma, koqnitiv və əqli funksiyaların normal qalması ilə müəyyən edilib.
2016-cı ilə qədər tədqiqatçılar bu kriteriyalara uyğun gələn 3706 qadını müəyyən ediblər.