Qəlbimdə sübhədək oyaq qalan qız... Ramiz Qusarçaylı

03.07.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az "Günün şeiri" layihəsindən Ramiz Qusarçaylının "Mən kənddən çıxanda gecə yarıydı" şeirini təqdim edir.

Mən kənddən çıxanda gecə yarıydı
Söyüdlər yol üstdə tellənirdilər.
Coşan ürəyimin duyğularıydı,
Sinəmdən süzülüb sellənirdilər.

Enib dərələrin, düzlərin üstə,
Gecə öz diliylə layla deyirdi.
Baş qoyub dağların dizləri üstə
Yollar şirin-şirin mürgüləyirdi.

Mehlə sığallanıb nazilən otlar,
Şehli nəvazişə bükülürdülər.
Ayağım altında əzilən otlar,
Torpaqdan yapışıb dikəlirdilər.

Qönçələr çəmənə pıçıltı salıb,
Yuxulu-yuxulu çiçəkləyirdi.
Yumru evlərini çiyninə alıb
İlbizlər izimlə iməkləyirdi.

Gedirdim, gecənin haysız, haraysız,
Həzin nəğməsindən doyammamışdım.
Qəlbimdə sübhədək oyaq qalan qız …
Hələ yuxusundan oyanmamışdı…

Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı,-
Uyuyub qalmışdı güllərin üstə …

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak etdi "Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı? Əcəmi Naxçıvani haqqında çəkilən filmin çəkilişlərinə başlanıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью