525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İnsanların mənəvi dünyasından boylanan duyğu və düşüncələri, saf sevgiləri, təmiz hissləri, təbiətin al-əlvan çalarlarından süzülən gözəllikləri – başı qarlı dağları, zümrüd yaşılı meşələri, yeri, göyü, suyu, torpağı, bir sözlə, insan nəfəsinin toxunduğu bütün gözəllikləri özünəməxsus poetik dillə vəsf edən sənətkarlardan biri idi İslam Səfərli. Onun poeziyasından, poemalarından, ilk növbədə, təmənnasız sevginin incəliyi, şair qəlbinin saflığı və duruluğu duyulur. İslam Səfərlinin yaradıcılığı oxucunu səmimiliyi, təbiiliyi və həyat həqiqətlərinə bağlılığı ilə özünə çəkir. Şairin misralarında insan duyğularının ən incə çalarları ilə təbiətin rəngarəng gözəllikləri bir-birini tamamlayır.
Qəlbi Vətən sevgisi ilə dolub-daşan nəğməkar şair gördüyü və duyduğu hər şeyi süni bəzəklərə, yersiz mübaliğələrə yol vermədən, olduğu kimi – səmimi və təbii şəkildə təqdim edirdi. Məhz bu təbiilik onun poeziyasına xüsusi doğmalıq gətirir, şeirlərini oxucu qəlbinə daha da yaxınlaşdırırdı. İslam Səfərlinin yaradıcılığında həyatın özü, insanın daxili aləmi, sevgi, təbiət və Vətən duyğusu vahid bir bütöv halında görünür. Onun poeziyasını fərqləndirən əsas cəhətlərdən biri də insana doğma olan hissləri sadə, anlaşıqlı və təsirli poetik dillə ifadə etməsidir.
1923-cü ildə Şəkərabad kəndində dünyaya göz açan İslam Səfərli ilk təhsilini doğma kəndində almışdı. Uşaqlıq illərindən bədii ədəbiyyata, şeirə və poeziyaya böyük maraq göstərmişdi. Məktəbi yaxşı qiymətlərlə başa vurduqdan sonra könüllü olaraq Böyük Cahan müharibəsinə yollanmışdı. Gəncliyi müharibənin od-alovlu illərinə təsadüf edən şair sonralar qələmə aldığı əsərlərində şahidi olduğu hadisələri, yaşadığı ağrı-acıları, müharibənin insan talelərində açdığı yaraları əks etdirmişdi. Müharibə illərində yazdığı “Ordumuza ithaf”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol, ata!”, “Qoşa söyüd”, Həzi Aslanovun xatirəsinə həsr etdiyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və digər şeirlər həmin ağır illərin şair yaddaşında buraxdığı dərin izlərin poetik ifadəsi idi.
Boş vaxtlarda şeir yazan,
Əldə qaşıq, dizdə qazan,
İştahayla xörək yeyən,
Tüfəng silən, nəğmə deyən,
Evlərindən məktub alan,
Saz götürən, qarmon çalan Kimdir?
Soruşsanız əgər – “Onüçlərdir”, – deyərdilər.
İslam Səfərlisinin böyük şair kimi yetişməsində və Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmasında Üzeyir Hacıbəylinin də mühüm rolu olub. Məhz Üzeyir bəyin diqqəti, dəstəyi və qayğısı sayəsində Naxçıvandan Bakıya uzanan yaradıcılıq yolunun qapıları gənc şairin üzünə açılıb. Onların ilk görüşü 1945-ci ilə təsadüf edir. Həmin il millət vəkili seçilən Üzeyir Hacıbəyli seçiciləri ilə görüşmək üçün Naxçıvana gəlmişdi. O günlərdə Üzeyir bəy şəhərdəki “Qonaq evi”ndə qalırdı. Bir gün qonaq evinə əsgər formasında cavan bir oğlan gəlir. Bu, gələcəkdə Azərbaycan poeziyasında özünəməxsus dəst-xətti ilə seçiləcək İslam Səfərli idi. Gənc şair Üzeyir bəylə görüşərək yazdığı şeirləri ona təqdim edir. Sözün və sənətin mahir bilicisi olan Üzeyir Hacıbəyli şeirləri diqqətlə oxuyur, gəncin yaradıcılıq imkanlarını yüksək qiymətləndirir. Böyük sənətkar İslam Səfərliyə Bakıya gəlməyi, mütləq ali təhsil almağı tövsiyə edir. Lakin gənc şair utana-utana Bakıya getmək üçün maddi imkanlarının məhdud olduğunu bildirir. Bu məqamda Üzeyir bəy yanında olan şəxsə işarə edərək gəncə pul verilməsini xahiş edir. Zərfə beş yüz manat qoyulur və İslam Səfərliyə təqdim edilir. Üzeyir bəy gənc şairə Bakıda onu gözləyəcəyini də söyləyir. Bu görüş İslam Səfərlinin həyatında taleyüklü dönüş nöqtəsinə çevrilir. Çox keçmir ki, gənc şair Bakıya gəlir və ilk olaraq Üzeyir Hacıbəylinin yanına gedir. Böyük sənətkar onu səmimiyyət və mehribanlıqla qarşılayır. Elə İslam Səfərlinin yanında Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayevə zəng edir və istedadlı gəncin universitetə qəbul olunmasını xahiş edir. Qəbul imtahanlarının yekunlaşmasına baxmayaraq, Abdulla Quliyev Üzeyir bəyin sözünü yerə salmır və gənc İslamı universitetə qəbul edir. Bununla da onun gələcək yaradıcılıq yolunun ilk mərhələsi başlayır.
Müharibənin qəlbinə vurduğu yaraları həkim əli ilə deyil, sözlə, poeziya ilə, qələmlə sağaltmağı seçmişdi İslam Səfərli. “Bıçaq yarası” şeirində müharibə zamanı aldığı ağır yaradan bəhs edir, həmin çətin günlərdə ona təmənnasız kömək edən dostunu minnətdarlıq hissi ilə xatırlayırdı. Həyatının ən çətin günlərində, ən ağır sınaqlarında belə şair qəlbinin məhrəm hisslərinə sığınırdı. Saf qəlbi, zəngin mənəvi dünyası və sözə olan sevgisi onu yarı yolda qoymadı. Ürəyinin yolu ilə gedən, insan qəlbini riqqətə gətirən duyğuları misralara çevirən şair qısa zamanda böyük uğurlar qazandı. Dostu, mərhum yazıçımız Əlfi Qasımov xatirələrində yazırdı: “İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər, gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdi. İndiki kimi yadımdadır, üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi.
Onun yaradıcılığı haqqında ətraflı məruzə dinlənildi, çıxışlar oldu. Axırda söz Səməd Vurğuna verildi. O, xitabət kürsüsünə qartal kimi sinə gərib, müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı. “Xalqın həyatını bütün dolğunluğu ilə əks etdirmək şeirin əsas vəzifəsidir”, - dedi. Xalq poeziyası qaynaqlarından uzaqlaşmaq, Füzuli, Sabir ənənələrinə xor baxmaq meyllərini pislədi. Şeirdə sadəliyi ən böyük məziyyət hesab elədi. Şeir həvəskarlarını bayatılarımızdan öyrənməyə çağırdı.
...Söhbətinin bu yerində Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi.
- Hanı o mənə oxşayan qara İslam? - deyə zala müraciət elədi.
Salonda İslamla yanaşı əyləşmişdik. İslam ayağa qalxdı:
- Buradayam, Səməd müəllim, - dedi.
- Bəri gəl görüm.
İslam qabağa yeridi. Səməd Vurğun əli ilə işarə elədi ki, yuxarı qalxsın. İslam sıxıla-sıxıla yuxarı qalxdı. Səməd Vurğun dedi:
- Yazıçılar İttifaqında keçirilən “Gənclər günü”ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?
İslamın yaxşı bir xasiyyəti də bu idi ki, şeirlərinin əksərini əzbərdən bilir, həm də çox ehtirasla, hərarətlə şeir oxuyurdu.
- Oxuya bilərəm, - dedi.
Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb “Beşik başında” şeirini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi”.
Ümumiyyətlə, İslam Səfərlinin şeirləri oxucu qəlbinə yol tapmaqla kifayətlənmədi, Azərbaycan musiqisinin də ayrılmaz hissəsinə çevrildi. Azərbaycan korifey sənətkarları onun şeirlərini bəstələrə, yaddaşlarda yaşayan nəğmələrə çevirdilər. Bu mahnılar illər keçsə də, şairin söz dünyasını yeni nəsillərə daşımaqda davam edir.
Gilənar qızardı, ağ tut sovuşdu,
Payını dərmədim, budaqda qaldı.
Hamı könül verib yara qovuşdu,
Bəs bizim toyumuz nə vaxta qaldı?
Ay gözəl, nə vaxta qaldı?
İslam Səfərli yaradıcılığında təbiət motivləri, Azərbaycanın göz oxşayan mənzərələri də mühüm yer tutur. Şair uşaqlıq və gənclik illərinin keçdiyi Naxçıvanın təbiətini böyük sevgi ilə şeirlərinə gətirirdi. Onun misralarında buz bulaqlı Batabat, saf havalı Xal-xal, Ordubadın və Şahbuzun meşələri sanki rəssam fırçasından çıxmış ecazkar mənzərələrə çevrilirdi. Lakin İslam Səfərlinin təbiət şeirlərində yalnız mənzərə təsviri yoxdur. Bu əsərlərdə doğma torpağa bağlılıq, uşaqlıq xatirələri, Vətən sevgisi və insanın doğulduğu yurda münasibəti də öz əksini tapır. Buna görə onun təbiət təsvirləri oxucu üçün sadəcə gözəl mənzərə deyil, həm də doğma bir duyğudur.
Şəhəri aramla gəzirəm yenə,
Qəlbimdə həyatın zövqü, nəşəsi.
Dünyada hər yerdən xoş gəlir mənə
Bu Şərqin qapısı, Şərqin guşəsi.
İslam Səfərlinin şeirlərini oxuyarkən Batabatı görməyən insan belə sanki bu yerlərin seyrinə çıxır, bulaqların səsini eşidir, dağların havasını duyur. Şair doğma Naxçıvanın təbiətini sözlə elə canlandırırdı ki, onun yaratdığı mənzərələr oxucunun xəyalında canlı bir tabloya çevrilirdi. İslam Səfərli poeziyasının ömrü də elə bu doğmalıqdan qaynaqlanır. Onun şeirlərində insanın özünü, duyğularını, sevgisini, həsrətini, Vətənini və doğma təbiətini görməsi təsadüfi deyil. Şair qəlbinin məhrəm duyğularından söz açarkən əslində oxucunun qəlbinə toxunurdu. Elə buna görə də İslam Səfərlinin poetik irsi zamanın sınağından keçərək bu gün də öz səmimiyyəti və təbiiliyi ilə sevilir.
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
İslam Səfərlinin şeirləri orijinallığı, təbiiliyi və realizmi ilə seçilirdi. Onun şeirlərində şair düşüncələrinin zəngin müşahidələri, gördüyü, duyduğu hadisələr üstünlük təşkil edirdi. İslam Səfərli baxdığı hər mənzərəyə, müraciət etdiyi hər bir mövzuya böyük həssaslıq və sevgi ilə yanaşırdı. Təsadüfi deyildi ki, onun qələminə məxsus olan hər bir şeir kamanın, sazın tellərində, pianonun, qarmonun zərif dillərində yeni həyat tapırdı. İslam Səfərlinin sözləri ilə ərsəyə gəlmiş musiqilər bu gün də öz gözəlliyi ilə seçilir və sevilir.
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq.
Bir-birindən gözəl və oxunaqlı şeirləri ilə oxucu qəlbinə yol tapan İslam Səfərli mətbuatda həm də maraqlı oçerk və məqalələrlə çıxış edirdi. Onun yazılarında insan həyatı, ədəbiyyatımızın, milli şeirin başlıca problemləri əsas mövzu kimi çıxış edirdi. Hələ müharibə illərində “Qızıl əsgər” və “Qırmızı bayraq” cəbhə qəzetlərində oçerk, məqalə və şeirlərini çap edən şairin sonrakı illərdə “Ədəbiyyat”, “Kommunist” və “Şərq qapısı” qəzetlərində imzası görünməyə başladı.
Ədəbiyyatımıza onlarla ölməz əsər - “Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Qığılcım”, “Dəfinə”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Nə vaxta qaldı”, “Ay qaşı, gözü qara qız” və digər əsərlər bəxş edən Respublikanın Əməkdar incəsənət xadimi, şair və dramaturq İslam Səfərli 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri xiyabanda dəfn olunub. Böyük şairin əziz xatirəsini sevgi və minnətdarlıqla yad edirik.
Məcid Rəşadətoğlu