Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Necəsən, gözüm nuru? İçimdən ötən adam, Yaraların necədir?
Qələbə, vətən adam…. (Elşad Barat) Müharibənin ən acı dövrü müharibədən sonra başlayır əslində.
İnsanlar yalnız o zaman anlayır fəlakətin böyüklüyünü, şəhid olan oğulların yoxluğunu.
Uzun-uzadı eşidilən atışma səsləri, mərmi-güllə vıyıltısı, top gurultusu silahların işıqlandırdığı o qara gecələrdə qalır, amma o silahların aldığı canlar, bitirdiyi həyatlar ömür boyu cəmiyyətin ağrısı-acısı, qanayan yarası olur.
Müharibə dövründə və müharibədən sonra itkin hərbçilərin nəşinin tapıldıqca dəfn edildiyi mərasimlər bizi bizdən aldı, 2 ildir rəngimizi boğan, həyat eşqimizi söndürən pandemiya bəlasının verdiyi mənəvi-psixoloji əziyyət müharibə dəhşətinin yanında heç nə imiş sən demə.
Vətən müharibəsində dayımın sonbeşiyi, 4 oğlundan biri, 7 ildir vətənə xidmət edən MAXE Murad İbrahimov da şəhid oldu.
Onun şəhidliyə gedən yolu uzun çəkdi, 4 ay səksəkə içində, iztirabla yaşadıq– şəhidliyi ilə dəfni arasında uzun aylar oldu.
Murad dəli-dolu oğlan idi, tezcanlı, hərəkətli, dinamik idi. Onu bir dəqiqə bir yerdə dayanan görməmişdik.