Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı Azərbaycanın son illərdə keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin aydın mənzərəsini yaratdı. Çıxışın əsas xüsusiyyəti ondan ibarət idi ki, əldə olunan böyük uğurlar sadəcə keçmişin nailiyyəti kimi deyil, gələcək fəaliyyət üçün möhkəm əsas kimi təqdim edildi.
Prezident çıxışında Azərbaycanın müstəqillik illərində keçdiyi yolu xatırladaraq ölkəmizin bu gün əldə etdiyi gücün və imkanların təsadüfən formalaşmadığını diqqətə çatdırdı. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinin Azərbaycanın inkişafında həlledici rol oynadığı vurğulandı. Bu siyasətin nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclənərək qarşısına qoyduğu mühüm məqsədlərə çatdı.
Çıxışın ən mühüm məqamlarından biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan xalqı uzun illər ərzində arzuladığı tarixi məqsədə nail olub. 2020-ci il Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması Azərbaycanın tarixində yeni səhifə açıb.
Lakin bu Zəfər yalnız hərbi uğur kimi qiymətləndirilə bilməz. Çünki qələbədən sonra daha böyük quruculuq və inkişaf mərhələsi başlayıb. Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, şəhər və kəndlərin yenidən qurulması, insanların öz doğma torpaqlarına qayıtması Zəfərin artıq real həyatda öz əksini tapdığını göstərir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən işlər Azərbaycanın qarşısında duran uzunmüddətli məqsədlərin mühüm hissəsidir.
Prezident çıxışında Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə də xüsusi diqqət yetirdi. Ölkəmizin xarici siyasətinin müstəqil xarakter daşıması, milli maraqların hər zaman əsas götürülməsi və Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunması son illərdə əldə edilən mühüm nəticələr sırasında qeyd edildi. Azərbaycan artıq regionda gedən proseslərin kənarında qalan deyil, həmin proseslərə təsir göstərən və öz mövqeyi olan dövlət kimi çıxış edir.
Çıxışda Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrə də geniş yer verilməsi təsadüfi deyil. Partiyanın ölkənin ictimai-siyasi həyatında mühüm rolu vurğulanmaqla yanaşı, yeni dövrün yeni yanaşmalar tələb etdiyi diqqətə çatdırıldı. Xüsusilə ideoloji fəaliyyətin müasir tələblərə uyğun qurulması, formal yanaşmalardan uzaqlaşmaq və gənclərlə daha düzgün ünsiyyət yaratmaq məsələsi ön plana çəkildi.
Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki cəmiyyət dəyişir, insanların məlumat alma və düşünmə tərzi də yenilənir. Ona görə də milli ideyaların və dövlətçilik prinsiplərinin gənc nəslə çatdırılması yalnız ənənəvi üsullarla məhdudlaşmamalıdır. Gəncləri dinləmək, onların maraqlarını və düşüncələrini nəzərə almaq, milli dəyərləri müasir baxışlarla uzlaşdırmaq qarşıdakı dövr üçün vacib istiqamətlərdəndir.
Prezident İlham Əliyev həmçinin Azərbaycanın qarşısında duran əsas məsələlərdən birinin əldə edilmiş sabitliyin və inkişafın qorunması olduğunu diqqətə çatdırdı. Çünki müasir dünyada baş verən proseslər göstərir ki, dövlətin güclü olması yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də milli birliyin, siyasi sabitliyin və cəmiyyətin dövlət ətrafında həmrəyliyinin möhkəmliyi ilə bağlıdır.
VIII Qurultayın əsas mahiyyətini də məhz bu baxımdan qiymətləndirmək olar. Azərbaycan artıq böyük bir tarixi mərhələni arxada qoyub. İndi isə qarşıda daha güclü dövlət qurmaq, əldə olunan nəticələri qorumaq, ölkənin inkişafını davam etdirmək və yeni nəsillərə daha böyük imkanlar yaratmaq vəzifəsi dayanır.
Qələbə xalq üçün qürur mənbəyidir, lakin qələbədən sonra görülən işlər həmin qürurun gələcəyə çevrilməsini təmin edir. Bu baxımdan Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı yalnız görülən işlərin hesabatı deyil, həm də qarşıdakı yolun istiqamətini göstərən siyasi mesaj kimi yadda qalır.
Azərbaycanın qarşısında artıq yeni üfüqlər açılıb. Bu mərhələdə əsas məsələ əldə olunan Zəfərin nəticələrini qorumaq, dövlətimizi daha da gücləndirmək və bu tarixi uğuru davamlı inkişafla möhkəmləndirməkdir. Qələbə böyük nəticədir, lakin həmin qələbənin məsuliyyətini daşımaq ondan da böyük vəzifədir.
Selcan Nağdəliyeva
YAP Kəngərli rayon təşkilatının fəalı