Qələbəmizdən sonra Cənubi Qafqaz fərqli siyasi mərhələyə qədəm qoyub RƏY

30.01.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Prezidentinin təşəbbüsləri sülh, tolerantlıq və multikulturalizm prinsiplərinə əsaslanmaqla, fərqli dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgəyaşayışını təşviq edən dövlət modelini beynəlxalq miqyasda təqdim edir. Bu gün dünyada beynəlxalq legitimlik təkcə ənənəvi güc mərkəzlərinin verdiyi “qiymət”lə ölçülmür. Məsələn, “Zayed İnsan Qardaşlığı Mükafatı” ənənəvi Qərb mərkəzli siyasi dəyərləndirmə mexanizmlərindən kənarda formalaşır. Bu təşəbbüs ilk gündən Qlobal Cənubun beynəlxalq siyasətdə artan rolunun, siyasi fəallığının güclənməsinin göstəricisi kimi çıxış edirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O bildirib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məqsədi, sadəcə, mənəvi-humanitar dəyərləri təşviq etmək deyil, eyni zamanda, müasir beynəlxalq münasibətlər sistemində alternativ siyasi diskurs formalaşdırmaqdır. Təşəbbüsün təməlində dayanan insan qardaşlığı, dialoq, sülh, tolerantlıq və həmrəylik anlayışları klassik güc siyasətinə qarşı arqument olmaqla yanaşı, həm də dəyərlərə əsaslanan yeni qlobal idarəetmə modelini önə çıxarmaq məqsədi daşıyır. Təşəbbüsün məqsədi həm də insan qardaşlığının vurğulanması, günümüzdə ideoloji qütbləşmə və sivilizasiyaların qarşıdurması narrativlərini aşan bir siyasi mesajdır.

“Bu mükafat qlobal təhlükəsizliyin yalnız insanı və insanlıq dəyərlərini mərkəzə alan siyasət üzərində qurula biləcəyini, münaqişələrin mahiyyətində dayanan və dünyanı “özününkülər” və “yadlar” kimi ayıran yanaşmanın qəbuledilməz olduğunu xatırlatmaq məqsədi daşıyır. Xatırladım ki, mükafatın ilk laureatları Katolik dünyasının mənəvi lideri Papa Fransisk və İslam dünyasının ən nüfuzlu elmi-dini institutunun rəhbəri olublar. Günümüzdə dini liderlər təkcə mənəvi və ideoloji bələdçilər deyil, eyni zamanda, qlobal siyasi proseslərin gedişinə real təsir imkanlarına malik strateji əhəmiyyətli güc mərkəzləridirlər. Mükafatın ilk laureatları kimi dini rəhbərlərin seçilməsi, müxtəlif qütblərdən süni şəkildə körüklənən “Qərb–İslam qarşıdurması” narrativini sarsıtmağa, siyasi gündəmdən çıxarmağa nail olmaq məqsədi güdürdü”, - deyə Y.Hacıyeva vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü qeyd edib ki, uzun illər münaqişə ilə assosiasiya olunan Cənubi Qafqaz Qələbəmizdən sonra fərqli siyasi mərhələyə qədəm qoyub. Azərbaycan Prezidentinin verdiyi “hərbi mərhələ bitib, siyasi məsuliyyət və sülh quruculuğu mərhələsi başlayır” mesajı Cənubi Qafqaz üçün dönüş nöqtəsi idi. Dövlətimizin başçısının “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi onun bu mesajını beynəlxalq səviyyədə legitimləşdirən amildir. Azərbaycan Prezidenti İlham Əliyevin bu mükafata layiq görülməsi həm də müharibələrlə çalxalanan günümüzdə sülhün yalnız güzəşt və zəiflik əlaməti olmadığını, həm də strateji rasional seçim ola biləcəyi fəlsəfəsinə verilmiş rəğbət və hörmətin göstəricisidir. Bu mükafat Azərbaycanın multikultural və dini tolerantlıq siyasətinin beynəlxalq səviyyədə tanınmasıdır. Azərbaycan tarixən özünü müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayış məkanı kimi təqdim və təsdiq edib. Bu siyasətin günümüzdə insan qardaşlığı kontekstində beynəlxalq mükafata layiq görülməsi, onun artıq daxili ideoloji çərçivəni aşaraq qlobal siyasi narrativə çevrildiyini açıq şəkildə göstərir.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, həmçinin bir mesajdır: sülh təşəbbüsləri yalnız böyük güclərin monopoliya sahəsi deyil. Prezident İlham Əliyev kimi regional liderlər də qlobal sülh gündəmini formalaşdıra bilirlər. Bu mükafatla beynəlxalq ictimaiyyət Azərbaycanın münaqişədən sülhə keçid modelini siyasi alternativ kimi tanımış və öyrənmiş olur. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin qlobal sülhə, dialoqa və beynəlxalq əməkdaşlığa əsaslanan strateji xəttin beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini nümayiş etdirir. Eyni zamanda, ölkəmizin qlobal humanitar və siyasi təşəbbüslərdə artan rolunu bir daha qətiyyətlə təsdiqləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью