Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür
Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə salnaməsində qadın fədakarlığının və həkim ləyaqətinin ən parlaq simalarından biri Gültəkin Məlik qızı Əsgərovadır. 20 noyabr 1960-cı ildə Bakıda dünyaya göz açan Gültəkin Əsgərova ömrünün ən çətin sınaq anında öz körpəsini anasına əmanət edərək, yaralı döyüşçülərin həyatını xilas etmək üçün könüllü olaraq cəbhəyə yollanmışdır.
Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman öz körpəsini anasına əmanət edərək, cəbhəyə yardım etməyə gedib.
O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Özü ilə beş tibb bacısını götürərək könüllü döyüşə gedib.
Şuşa şəhərinin həbsxanasında olanların qapısının açılmasında onun da xidməti olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdilər.1992-ci il mayın 8-də Şuşanın işğalından sonra şəhəri sonuncu tərk edənlərdən biri olub.Anasına göndərdiyi məktubda yazmışdı: “Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də, indi alınmadı…”
Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayıb. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılıb. Lakin atəş səslərinin gücləndiyini eşidib. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxıb. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə, 1992-ci il 19 iyul saat 15:00-da şəhid olub.Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli fərman ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
20 Noyabr — Qarakənd faciəsi təkcə matəm və kədər günü deyil, həm də Azərbaycan dövlətçiliyi və sülh naminə canından keçən ziyalılarımızın, dövlət adamlarımızın və jurnalistlərimizin əbədi qəhrəmanlıq dastanıdır.
20 noyabr həm Gültəkin Əsgərovanın dünyaya göz açdığı, həm də ona Milli Qəhrəmanlıq adının verildiyi əlamətdar tarixdir. O, həkimlik andını Vətən sevgisi ilə birləşdirərək ölməzlik zirvəsinə ucalmışdır.
M.MİRZƏ
XQ