Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Araz-Naxçıvan” və “Sumqayıt”ın qələbəsizlik seriyası davam edir.
Hər iki kollektiv sonuncu turda heç-heçəyə razılaşıb. “Araz-Naxçıvan” “Turan Tovuz”la, “Sumqayıt” isə “Şamaxı”yla xalları bölüşüb.
“Sumqayıt” qələbəyə yaxın tərəf olsa da, naxçıvanlılar son dəqiqə qolu ilə məğlubiyyətdən xilas olub.
Bu yay baş məşqçi postuna Cavid Hüseynovu gətirən “Araz-Naxçıvan”da oyun planında axsamalar çoxdur. Heyətini yeniləyən naxçıvanlılar hələ tam formalaşmayıb. Hüseynovun hansı komandaya hansı fəlsəfəni aşıladığı hələlik məlum deyil. Xallar da demək olar, oyunçuların fərdi bacarıqları hesabına əldə edilir. Gedişat komanda üçün ürəkaçan deyil. 5 tura nəzərən, “Araz-Naxçıvan” ən zəif oyun sərgiləyən kollektivlərdəndir.
“Sumqayıt”da da stiuasiya eynidir. Filipe Kandidonun komandası son turda bir az yaxşı görünsə də, ümumi olaraq oyun planında çatışmazlıqlar var. Futbolçular çoxlu fərdi səhvlərlə diqqət çəkir. Yeni transferlərin uyğunlaşma problemi davam edir. “Kimyaçılar”ın əsas sıxıntısı hücumun mərkəzi ilə bağlıdır. İrəlidə pressinq tətbiq edən yoxdur. Görünən əsas plan top çevirməklə və qısa ötürmələrlə hücum qurmaqdır, o da çox vaxt uğursuz alınır.
Qarşıdakı turdan sonra çempionatda milli komandaların oyunlarına görə fasilə yaranacaq. Bu, indiki məqamda həm “Araz-Naxçıvan”, həm də “Sumqayıt” üçün faydalı olacaq.
Şahin Cəfərov