Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
I məqalə
Müstəqillik və dövlətçilik vahid konsepsiyada
Azərbaycan keçən əsrin 90-cı illərində müstəqilliyinə nail olandan sonra, dövlət quruculuğu prosesinin uğurlu strateji kursunu hazırlamaq ciddi ehtiyac kimi meydana gəldi. Yalnız Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən Azərbaycana rəhbərliyə gəldikdən sonra müstəqil dövlət quruculuğu kursu konkret məzmun və məqsəd aldı.
Ümummilli Liderin bu aspektdə müstəqilliklə dövlətçiliyi müasir tələblər səviyyəsində konseptual səviyyədə əlaqələndirməsi tarixi bir addım idi. Ulu öndər Heydər Əliyev 1991-1994-cü illərdə etdiyi müxtəlif çıxışlarında daim üç tezisi bir-biri ilə əlaqəli şəkildə xüsusi vurğulamışdır. Onlar aşağıdakılardır:
Bütün hallarda Azərbaycan tam suveren və müstəqil dövlət olacaq və kimsəyə boyun əyməyəcək, o, heç bir dövlətin himayəsi altında olmayacaq;
Azərbaycan hər bir dövlətlə, o cümlədən türk dövlətləri ilə münasibətlərini qarşılıqlı faydalılıq və bərabərhüquqluluq prinsipləri üzrə quracaq;
Azərbaycan hər bir münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həll olıunmasına daim sadiq qalacaq.
Onu nəzərə alaq ki, bu dövlət identikliyi kriteriyalarını Ulu öndər Azərbaycana qarşı Ermənistanın təcavüzlərinin mövcud olduğu dönəmdə ifadə etmişdi. Bu o deməkdir ki, Ümummilli Lider Heydər Əliyev dövlətin müstəqilliyini hər şeydən üstün tutaraq, milli maraqlardan çıxış etmişdir və bu əsasda dövlətçiliyin yeni inkişaf strategiyasını sistemli şəkildə həyata keçirməyə başlamışdır.
Bunlardan Zəfərin əldə olunması kontekstində iki mühüm qənaət əldə edə bilərik.
Birincisi, Vətən müharibəsində qələbəyə aparan strategiya uzunmüddətli ardıcıl, sistemli və çoxşaxəli fəaliyyəti nəzərdə tuturdu.
İkincisi, bu strategiya siyasi sabitlik, iqtisadi inkişaf, güclü ordu quruculuğu, fəal diplomatiya və milli-mənəvi həmrəyliyin vəhdətinə əsaslanırdı.
Buradan mühüm hesab etdiyimiz və birbaşa Zəfərə aidiyyatı olan siyasi nəticə hasil edə bilərik. Bu, uzunmüddətli strategiyanın hazırlanmasında əsas rollardan birini oynayan və siyasi varisliyin mərkəzi məqamı kimi qəbul edilməli olan siyasi irsdir.
Böyük strategiyada siyasi irs və siyasi varislik
Nəzəriyyədə siyasi irslə siyasi varislik bir-biri ilə əlaqəli anlayışlar kimi tədqiq edilirlər. Lakin onlar fərqli məna “yükü”nə malikdirlər. Liderlik kontekstində siyasi irs, hər hansı liderin gələcək nəsillərə qoyduğu ideyalar, prinsiplər, idarəçilik təcrübəsi, qərarlar və siyasi təsirdir. Bu faktorların hər biri liderologiyada və politoloji təlimlərdə dərindən tədqiq olunmuşdur. Siyasi irsin əsas komponentləri kimi aşağıdakıları vurğulayırlar: dövlət idarəçiliyi modeli, siyasi ideologiya və prinsiplər, qərarları qəbuletmə üsulu və çevikliyi, xarici və daxili siyasət kursuna əməl olunması, cəmiyyətə və ayrıca, siyasi mühitə təsir göstərən fikirlər, əldə olunmuş nəticələr və həll olunmamış problemlər.
Bunlardan görünür ki, siyasi irsdə şəxsi heç bir məsələ olmamalıdır - o, bütövlükdə və tamamilə liderin siyasi fəaliyyətinə aiddir.
Siyasi varislik liderlik baxımından siyasi kursun və siyasi ənənələrin bir şəxsdən digərinə keçməsi prosesidir. Həmin keçid həm də bir siyasi dövrdən digərinə keçmək aspektində də mümkün ola bilir. Bu komponentləri vahid məntiqi tədqiqat bucağı altına gətirsək, alınır ki, siyasi varislik siyasi ənənələrin və siyasi irsin ciddi yer aldığı və gözləndiyi xüsusi dinamik transformasiyadır. Siyasi dövr kontekstində bu transformasiyanın əhəmiyyəti daha da artır.
Dövlət quruculuğu fonunda burada çox mühüm bir siyasi özəllik mövcuddur. O, siyasi varisliyn müxtəlif formalarnın olması ilə əlaqəlidir. Azərbaycanda onun başlıca əlamətləri seçkilər yolu ilə hakimiyyətə yeni liderin gəlməsi, eyni partiyanın və ya siyasi komandanın hakimiyyəti davam etdirməsi, liderin müəyyən etdiyi siyasi varisin onun yerinə gəlməsi və əvvəlki siyasi kursun yeni rəhbərlik tərəfindən inkişaf etdirilməsi parametrlərini ehtiva etməsi ilə bağlıdır.
Bundan başqa, Azərbaycanda siyasi varislik yalnız keçid mərhələsi ilə məhdudlaşmır və hakimiyyətin uzunmüddətdə davamlılığına aid edilə bilir. Çünki Azərbaycan xüsusi mürəkkəb və ziddiyyətli dinamikaya malik regionda yerləşir və bu da onun müstəqil dövlət quruculuğuna xüsusi məzmun verir.
Deməli, müəyyən mənada siyasi irs keçmişdən qalan siyasi dəyər və həm də təsirdir. Siyasi varislik isə həmin siyasi xəttin növbəti lider tərəfindən dayanıqlı surətdə davam etdirilməsidir. Məntiqi olaraq, uzunmüddətli böyük strategiyada liderin siyasi təsiri məsələsi ayrıca əhəmiyyət daşıyır. Çünki hər bir liderin dövlətçiliyə töhfəsi onun hansı dərəcədə və müddətə siyasi təsirini saxlaya bildiyi ilə əlaqəlidir.
Siyasi təsir strateji komponent kimi
Ulu öndər Heydər Əliyevin siyasi irsində siyasi təsir faktoru xüsusi potensiala və təsir gücünə malik olmuşdur. Prezident İlham Əliyevin fəaliyyəti bu məqamın incəliklərini adekvat dərk etməyə imkan verir. Bu, İlham Əliyevin dövlət başçısı ilə liderliyin optimal sintezinə nail olmasında özünü daha çox biruzə verir. Zəfər kontekstində onu nümunələrlə sübut edə bilərik.
2003- cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçiləndə İlham Əliyev xalqına arxalanacağını bəyan etmişdir. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyini və ondan zərrə qədər də kənara çıxmayacağını ifadə etmişdir. Onu deyək ki, həmin il Azərbaycan xalqına müraciətində Ulu öndər İlham Əliyevin layiqli siyasi varisi olduğunu açıq vurğulamışdır.
Deməli, Azərbaycan Prezidenti kimi İlham Əliyev fəaliyyətində iki məqama daim xüsusi diqqət yetirəcəyini açıq ifadə etmişdir – onlardan birincisi, Azərbaycan xalqına arxalanmaqdır, digəri isə Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik fonunda onun siyasi varisi olmaqdır. Burada “siyasi irs” vurğusu təsadüfən edilmir. Yəni İlham Əliyev lider kimi Azərbaycan dövlətçiliyini daim uca tutmağı vəd etmişdir. Bu vədinə fəaliyyətinin hər anında tamamilə əməl etməkdədir.
Buradan məntiqi olaraq alınır ki, böyük strategiyada siyasi irslə siyasi varislik bir-biri ilə sıx əlaqədə öncədən dəqiqliklə nəzərdə tutulmuşdur. Bu iki faktor siyasi-diplomatik fəaliyyətin substantiv və funksional hüdudlarını müəyyən etməkdə xüsusi rol oynamaqdadırlar. O cümlədən, siyasi təsirin uzunmüddətli olmasının şərtlərini müəyyən edilmiş strateji kurs kontekstində izah etməyə imkan verir.
Yuxarıdakı qısa nəzəri-konseptual təhlil əsasında Azərbaycanda Ulu öndər Heydər Əliyevin siyasi irsində və strateji inkişaf kursunda Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin qorunmasının əsas prioriteti kimi qəbul edildiyi haqqında nəticə hasil edə bilərik. Burada strateji inkişaf kursu daxilində siyasi irslə siyasi varisliyin mükəmməl harmoniyasını görə bilərik. Konkret olaraq, Azərbaycançılıq, multikulturalizm, ölkədə siyasi sabitliyin bərqərar olması, ərazi bütövlüyünün bərpasının milli ideya statsunda dövlət siyasətinin prioriteti olaraq qəbul edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və nizami ordunun yaradılması istiqamətləri ahəngdar şəkildə dövlət başçısının fəaliyyətində özünü göstərmişdir.
Beləliklə, uzunmüddətli böyük strategiyada Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq hüququn fundamental prinsipləri kontekstində nəzərə alınmışdır. Eyni zamanda, ölkənin hərbi və iqtisadi gücünün artırılması da strateji zərurət kimi diqqət mərkəzində saxlanılırdı. Bunlarla yanaşı, ayrıca neft strategiyasının həyata keçirilməsi, xarici investisiyaların cəlb olunması və enerji layihələrinin inkişafı Azərbaycanın iqtisadi potensialını gücləndirən faktorlar olaraq qiymətləndirilmişdir.
Beləliklə, böyük strategiyada müstəqil xarici siyasət aparmaq üçün möhkəm iqtisadi, maliyyə, siyasi və ideoloji bazanın formalaşdırılması əhəmiyyətli yer tutmuşdur. Bütün bunların sinerjisi isə Zəfərin təmin olunmasında müstəsna rol oynamışdır.
Zəfərin anatomiyası
Burada ümumi miqyasda ilk olaraq ölkənin bütün resurslarının vahid strateji məqsədə yönləndirilməsi vurğulanmalıdır. Güclü dövlət idarəçiliyi sayəsində siyasi sabitliyin təmin edilməsində bu məqam ayrıca rol oyanmışdır. Neft strategiyasının bu bağlılıqda böyük potensiala malik olduğu təsdiqini tapmışdır. Neft strategiyası böyük strateji kursun mühüm tərkib hissəsi kimi davamlı olaraq dövləti gücləndirmişdir.
O cümlədən, bu xətt enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin bir-birini tamamlamasını təmin etmişdir. İnfrastruktur diplomatiyası isə bu prosesin milli və regional miqyası aşaraq regionlararası və qlobal miqyasa uğurlu proyeksiyasına nail olmaq şansı vermişdir.
Vurğulanan siyasi xəttin fonunda başqa çox əhəmiyyətli prosesi mütləq qeyd etmək gərəkdir. Biz müasir, güclü, yüksək texnika, silah və texnologiyalara malik peşəkar ordu quruculuğunu nəzərdə tuturuq. Ordu qarşısına qoyulan bütün hərbi vəzifələrin öhdəsindən 44 gün davam edən Vətən müharibəsində yüksək səviyyədə gəlmişdir. Həmin müddətdə bir nəfər də olsun fərarilik etməmişdir. Əksinə, yüz minlərlə azərbaycanlı orduda xidmətə can atmışdır. Onların əsas məqsədi torpaqları düşmən tapdağından azad etməkdə iştirak eləmək olmuşdur. Bu güclü vətənpərvərliyin təməlində böyük strateji kurs dayanır!
Burada güclü Azərbaycanın qurulması kontekstində əsas yer tutan bir məsələni vurğulamaq gərəkdir.
Güclü və müstəqil iqtisadiyyat
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında söylədiyi nitqində iqtisadiyyatla bağlı bir neçə fikir ifadə etmişdir. Onların sırasında iki tezis diqqətləri Zəfər mövzusu kontekstində çox çəkir.
Birinci tezis - iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas dayaqlarından biridir.
İkinci tezis - güclü iqtisadiyyat və güclü ordu bir-birini tamamlayır.
Birinci tezisin məntiqi əsası dövlətin iqtisadi baxımdan heç kimdən asılı olmadıqda milli maraqlara əsaslanan müstəqil siyasət yürüdə bilməsi ilə bağlıdır. İkinci tezisdə isə hərbi qüdrətin təməlində iqtisadi gücün dayandığının ifadə olunması yer almışdır.
Bu tezislərin birgə anlamı müstəqil siyasət kursunu həyata keçirməkdə güclü iqtisadiyyatla güclü ordunun bir-birini tamamlaması şərtinin həlledici rol oynadığı qənaətinə gəlməyə imkan verir.
Ancaq hər bir ölkənin buna nail olması mütləq şəkildə liderin kreativ fəaliyyət göstərməsini tələb edir. Azərbaycan Prezidenti 2020-ci ildə əldə olunan möhtəşəm Zəfərə qədər vurğulanan aspektdə yüksək imkanlara malik olduğunu fəaliyyəti ilə sübut etmişdir. Onun təsdiqi həm də Vətən müharibəsinin gedişində baş vermişdir. Belə ki, Prezident İlham Əliyev möhtəşəm Zəfərə Prezident, lider olmaqla yanaşı, Ali Baş Komandan olaraq da nail olmuşdur.
Belə ki, Prezident İlham Əliyev Ali Baş Komandanı olduğu güclü ordusu hərb meydanından düşmənlə qəhrəmancasına və yüksək peşəkarlıqla vuruşurdusa, dövlət başçısı müxtəlif ölkələrdən gəlmiş qərəzli media nümayəndələri ilə yorulmadan, tam ədalət və yüksək milliliklə informasiya müharibəsi aparırdı. Heç vaxt unudulmamalıdır ki, 30-dan çox müsahibəsində Azərbaycan Prezidenti həm dövlət başçısı, həm də Ali Baş Komandan kimi Zəfərə yol açırdı.
Vurğulanan bütün müddəalardan Zəfərin anatomiyasında Dövlət başçısı, Lider və Ali Baş Komandanlığın vəhdətinin ayrıca yer tutduğu nəticəsini çıxara bilərik. Bu üç faktor güclü bir sinerji yaradaraq böyük strategiyanın həyata keçməsini təmin etmişdir. Xalqı həmin sinerji qələbəyə, uğura, böyük zəfərə səsləyirdi!
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru