“Qələmdən notlara: uşaq mahnıları” adlı konsert

31.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakıda Üzeyir Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert keçirilib.

Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, layihə musiqi və ədəbiyyat ictimaiyyətinin nümayəndələrini bir araya gətirib, uşaq musiqi mədəniyyətinin inkişafına, eləcə də ədəbiyyatla musiqi arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlib.

Tədbirdə giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edib. O, uşaqlar üçün əsərlər üzərində aparılan işlərdən danışaraq konsertin iki yaradıcılıq ittifaqının birgə fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, gənc nəslin tərbiyəsi xüsusi diqqət və ardıcıl iş tələb edən aktual vəzifə olaraq qalır.

Musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva müasir uşaq mahnılarının problemlərinin peşəkar müzakirəsinin təşkilini təklif edib. O, bu gün ritmik və yadda qalan əsərlərə üstünlük verən azyaşlı dinləyicilərin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb. Həmçinin uşaq auditoriyasına yaxın və tanış ola biləcək ifaçıların yetişdirilməsinin əhəmiyyətini qeyd edib.

Tədbirdə şairlər Zahid Xəlil və Qəşəm Nəcəfzadə, eləcə də şairə Mətanət Ulu Şirvanlı çıxış ediblər. Onlar müasir müəlliflərin uşaqlar üçün yeni musiqi əsərlərinin əsasına çevrilə biləcək şeirlər yazdıqlarını bildiriblər.

Konsert proqramına azyaşlı dinləyicilər üçün yaradılmış Azərbaycan bəstəkarlarının əsərləri daxil edilib. Onların arasında Şahin Musaoğlunun sözlərinə Sevda Rəhimovanın bəstələdiyi “Can, Azərbaycandır”, Mətanət Ulu Şirvanlının sözlərinə Rəna Qədimovanın bəstələdiyi “At gəlir, murad gəlir”, Abbas Səhhətin şeirlərinə Üzeyir Məmmədovun bəstələdiyi “Köç”, Mətanət Ulu Şirvanlının sözlərinə İlahə Qismətin bəstələdiyi “Gözəl qaz”, Ramiz Qusarçaylının sözlərinə Sevinc Əliyeva-Qəmbərovanın bəstələdiyi “Azərbaycan bayrağı” və Rasim Kərimlinin sözlərinə Lalə Əhmədovanın bəstələdiyi “Ucaldaq Vətəni” mahnıları yer alıb.

Bundan əlavə, Sevinc İbrahimovanın “Şən karusel” və “Kitabı sevək”, Sevda Məmmədlinin “Əziz müəllim” və Mehriban Əhmədovanın “Sərhədçilər mahnısı” əsərləri səsləndirilib.

Əsərlərin bir qismi ilk dəfə ifa olunub. Konsertdə uşaq xorları, musiqi məktəblərinin və ümumtəhsil müəssisələrinin şagirdləri, eləcə də gənc solistlər iştirak ediblər. İştirakçılar arasında Bakı şəhəri 3 nömrəli Cövdət Hacıyev adına Musiqi Məktəbinin “Renessans” xoru və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru da olub.

Gənc ifaçıların çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью