Qələmin, səhnənin və efirin yaddaşında yaşayan sənətkar: Aqşin Babayev 90

26.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Muğam Mərkəzidə görkəmli yazıçı, alim və pedaqoq Aqşin Babayevin 90 illiyinə həsr olunmuş “Sözün və ömrün işığı” adlı ədəbi-bədii gecə keçirilib.

525.az-a Beynəlxalq Muğam Mərkəzidən bildirilib ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotoşəkillər, eləcə də müəllifi olduğu kitablar əsasında sərgi təşkil olunub.

Ədəbi-bədii gecədə tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, sənətkarın yetirmələri və ailə üzvləri iştirak ediblər.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyev gecənin məqsəd və əhəmiyyətindən bəhs edib. Daha sonra Aqşin Babayevin zəngin həyat yolu, çoxşaxəli fəaliyyəti, jurnalistika, ədəbiyyat, teatr, radio və təhsil sahələrindəki xidmətləri, həmçinin yaradıcılıq uğurları haqqında məlumat verilib.

Yazıçının ömür və yaradıcılıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) prorektoru, Əməkdar mədəniyyət işçisi Sədaqət Əliyeva, Əməkdar artist Rafiq Həşimov və şair Vaqif Bəhmənli çıxış ediblər.

Çıxışlarda A.Babayevin Azərbaycan ədəbiyyatına, jurnalistikasına və milli mədəniyyətə verdiyi töhfələrdən, zəngin yaradıcılıq irsindən, pedaqoji fəaliyyətindən və yüksək insani keyfiyyətlərindən bəhs olunub.

Gecənin musiqi proqramında bəstəkar Azər Dadaşovun A.Babayevin sözlərinə bəstələdiyi “Ayrılıq” və “Azərbaycan adına” mahnıları Əməkdar artist, Prezident mükafatçısı İnarə Babayevanın ifasında səsləndirilib. Rəşid Behbudov adına Mahnı Teatrının solisti Rövşən Qəhrəmanov isə Aytən İsmixanovanın “Adın kimi əzəlisən” mahnısını ifa edib.

Aqşin Babayevin poeziya nümunələri Xalq artisti Eldost Bayramın videoyazısı, Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova və Əməkdar artist Xatirə Süleymanovanın ifalarında dinlənilib.

Gecə çərçivəsində A.Babayevin həyat və yaradıcılığına həsr olunmuş internet saytının da təqdimatı keçirilib. Sənətkarın dramaturji irsindən bəhs edən videoçarxın nümayişindən sonra ADMİU-nun Teatr sənəti fakültəsinin tələbələri onun “Əyri gözlük” pyesi əsasında hazırladıqları tamaşanı təqdim ediblər.

Tədbirin sonunda A.Babayevin qızı, fəlsəfə doktoru Aytən Babayeva və oğlu Gündüz Babayev çıxış edərək ataları ilə bağlı xatirələrini bölüşüb, yubiley gecəsinin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью