Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
"Həndəvərimizdə"
Prezident İlham Əliyevin çıxış və müsahibələrində tez-tez dilimizin ən dərin qatlarından süzülüb gələn elə sözlərə rast gəlirik ki, heyrət edirik. Prezident az işlənən, unudulmaqda olan sözləri elə yerli-yerində işlədir ki, sanki sözə yeni nəfəs verir, onu dolğunlaşdırır.
Naxçıvanda Azərbaycan Televiziyasına verdiyi, regionun sosial-iqtisadi, enerji təhlükəsizliyi və sair məsələlərdən bəhs edən dolğun müsahibəsində bir söz diqqətimi çəkdi:
"Yenə də deyirəm, bu planlar bizim bütün HƏNDƏVƏRİMİZDƏ yerləşən ölkələrin maraqlarına cavab verir".
Qədim dastanımızdan gələn bu sözü həndəvərimizdəki insanların bir çoxu işlətmir, bəziləri bəlkə heç mənasını da anlamır. Əslində, Prezident belə qədim sözləri işlətməklə bir nümunə, görk ortaya qoyur. Həm dilimizin saflığına çağırır, həm də unudulmaqda olan belə gözəl sözlərimizi leksikonuna daxil etməklə onları canlandırır, dirildir.
Sözügedən müsahibədə Naxçıvanın inkişaf planından, regionun problemlərindən yerli-yataqlı danışan Prezident memar Əcəmi Naxçıvaninin şərəfinə ucaldılan abidəni xatırladır və bu kontekstdə yenə də milli kimliyimiz, milli ruhumuz barədə qürur doğuracaq sözlər deyir:
"Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik".
lll
Jurnalist ədəb-ərkanı
Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyada mühacir-bloger Tural Sadıqlı ilə qısa dialoqu böyük rezonans doğurdu. Hikmət Hacıyevin Tural Sadıqlıya soyuqqanlı və kübarcasına dediyi "Vətənə xəyanət edən insanlara yazığım gəlir" sözləri sərt şillə effekti doğurdu.
Dialoqdan sonrakı açıqlamasında T.Sadıqlının "jurnalist ədəb-ərkanından" danışması, bu sözü bir neçə dəfə təkrarlaması onun dünyagörüşündə, mətbuata baxışında, fəaliyyətində kəskin dəyişikliyin işartısıdır.
Xaricdəki blogerlərin məhz ədəb-ərkan gözləməməsi, tərbiyəsiz və mədəniyyətsiz çıxışları Azərbaycan ictimaiyyətində kəskin reaksiya, hiddət doğurur. Bir çox insanlar söhbətlərində bu tərbiyəsizliyin qarşısının alınmamasından böyük narahatlıq keçirirlər. Adətən siyasi məsələlərdən uzaq duran Xalq yazıçısı Afaq Məsudun bu günlərdə yazdığı "Tarix heç nəyi unutmur" yazısı da məhz ədəb-ərkan qaydalarını aşan davranışlara etirazın bir nümunəsi idi.
Hörmətli Hikmət Hacıyevin qısa bir dialoqla blogeri ədəb-ərkan barədə düşünməyə vadar etməsi önəmli məsələdir. Buna görə Hikmət müəllimə təşəkkürümüzü bildirir, Milli Mətbuat Günündə ədəb-ərkanlı davranışın bütün jurnalist adına iddialı olanların fəaliyyətinə sirayət etməsini arzulayırıq.
lll
Neqativ informasiya bolluğunda belə xəbərləri görmək xoş və nikbin duyğular oyadır:
"İyulun 8-də doğma yurduna yola salınan köç karvanları Xocavənd rayonunun Qüzeyxırman və Güneyxırman kəndlərinə çatıb.
Qüzeyxırman kəndinə köçürülən 87 nəfərdən ibarət 21 ailəyə, Güneyxırman kəndinə isə 72 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.
İyulun 8-də də doğma yurduna yola salınan köç karvanı Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə çatıb.
51 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib".
lll
"Qarabağ"ın təzə oyunçuları da yaxşı oynayırlar. Adları da asan yadda qalır: Savo, Lanqa.
Uğurlu olsun!
lll
Azadlığın sərhədi genişləndikcə istedad qanad açmağa başlayır.
Yaxud da tərsinə.
lll
Biri sağdan keçir, biri soldan keçir.
Bizim insanlara nə olub, hara tələsiyirlər?
Niyə rahat ola bilmirlər?
lll
Mədəni, müasir görkəminin altında bir nadan, bir cahil yatırdı...
lll
Bu il Vaqif günlərinə gəlmədi Anar.
Sabah Şuşada növbəti Vaqif Poeziya Günləri başlayır.
Vaxtilə Məmməd Araz yazmışdı:
"Bu il Sabir günlərinə gəlmədi Rəsul.
Hər ocağa bu xəbərin ayazı yetdi.
Avazıdı qara torpaq, qaraldı ağ su -
Zaman bir də çətin doğar o planeti".
İndi öyrənəndə ki, Anar müəllim bu il Şuşaya, Vaqif günlərinə getmir, məyus oldum.
Axı mən Şuşanı həm də Anar müəllimin əsərlərindən sevmişəm. Onun Şuşa haqqında yazıları, çıxışları unudulmaz və möhtəşəmdir.
2022-ci ilin iyulun 14-də Şuşada, Vaqif günlərində etdiyim çıxışı xatırladım. Bir də dinlədim.
Yəqin ki, indən sonra Şuşada nə qədər çıxış etsəm də, o çıxışın enerjisi təkrarlanmayacaq.
Anar müəllim də bəyənmişdi.
İnşallah, gələn il yenə Anarla birlikdə gedərik Vaqif günlərinə.
lll
Jurnalistikasız yaşaya bilməyən, sözlə nəfəs alan, dilimizin saflığını qoruyan, obyektiv, vicdanlı və peşəkar mətbuat işçilərini ürəkdən təbrik edirəm.
Belə peşəkar həmkarlarımı təbrik edəndə həm sevinir, həm də nədənsə qüssələnirəm.
Günümüz mübarək!
lll
Susmaq həmişə razılıq əlaməti deyil...
lll
Adamın kitablara heyfi gəlir...
lll
İstedadın itib-batmaması, qalib gəlməsi məni həmişə təsirləndirir, kövrəldir! İnam yaradır!..
lll
Süni İntellekt, rəqəmsallaşma dövrü olsa da, insanlar fərd halında çox savadsızlaşıb, zövqlər primitivləşib, arzular bəsitləşib. Məğlubiyyət qaçılmazdır.
lll
Ciddi bildiyin elə adamların psixoloji tarazlığı pozulur ki, mat-məəttəl qalırsan...
lll
Samuray arısı, qəhvəyi mərmər bağacığı və mətbuat üçün səliqəli məlumat
Əvvəlcə başlıq məni özünə çəkdi:
"Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb".
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat üçün yaydığı məlumatda hadisənin mahiyyəti barədə yerli-yataqlı məlumat verilir. Bir az terminlərin çoxluğu çətinlik yaratsa da, diqqətli oxucu məsələnin məğzinə vara bilir. Türkiyədən gətirilib Aqrar Xidmətlər Agentliyinin laboratoriyalarında artırılaraq Zaqatala rayonunda təbiətə buraxılan samuray arıları təbiətə, yaşıllığa qənim kəsilən qəhvəyi mərmər bağacıqlarının düşməniymiş. Bölgə əhalisinin şikayətləndiyi bu ziyanvericinin kökünü kəsmək, azaltmaq niyyəti ilə nazirlik belə bir, yəqin ki, sınanılmış, rəğbət doğuracaq çıxış yolu tapıb.
Məlumat, dediyim kimi, bir az akademik olsa da, anlaşılandır. Bütün iştirakçıların, xüsusilə mətbuat üçün məlumat hazırlayanların peşəkarlığını vurğulamaq istədim.
lll
Yazı sıradan çıxacaqsa, dil bəsitləşəcək, bəşər irəliyə yox, geriyə yuvarlanacaq...
lll
Vətəndaşların problemini hiss etmək, dərdlərinə acımaq yüksək insani keyfiyyət tələb edir. Təəssüf ki, vəzifəyə təyin olunan gənclərin bir çoxu özgə dərdini anlamır, sadə insanların problemlərini dərk etmir, ağrılarını duymurlar.
lll
Adətən kim əzmkardısa, o da qalib gəlir...
lll
"Az aşım, ağrımaz başım!"
Görəsən, bu deyim hansı dövrdə, hansı ictimai mühitdə, hansı idarətmə sistemində yaranıb?
lll
"Beyin çürüməsi"
85 yaşlı anam son vaxtlaracan hər ay 3 kitab oxuyurdu. Sonra qardaşım onun telefonuna TikTok proqramı yüklədi. İndi anam 3 aya bir kitab oxuyur.
Əcaib səslər evi başına götürəndə bilirəm ki, anam yenə TikTok-un videolarına baxır. Suallar da verir. Deyirəm, ana, qulaq asma, danışdıqları yalandır, saxtadır. Amma görürəm, yox, mənə şübhə ilə yanaşır.
Bir-iki dəfə anamdan telefonu alıb TikTok-un videolarına mən də baxmışam. Tam bir bayağılıq - primitiv məlumatlar, düşük zarafatlar, şit lağlağılar...
İndi biz bu bayağılığa, primitivliyə məğlubmu olacağıq?
Türkiyəli jurnalist Yılmaz Özdil saatlarla sosial mediada qurdalanmağı beyin çürüməsi adlandırır. Baxa-baxa, videoları ötürə-ötürə vaxtın necə keçdiyini bilmirik. Və bütün bunlardan yadda heç nə qalmır - nə düşünməyə vadar edir, nə də mənəvi sakitlik yaradır. Bayağı zarafatlar, səthi və səhv məlumatlar, diqqəti bir neçə saniyəlik ələ keçirmək niyyəti ilə hazırlanmış, düşünmək, kitab oxumaq vərdişini zəiflədən mənasız məzmunlar beyni çürüdür!
Bəs neyləməli?
Dövrün vəbasına çevrilən bu tendensiyaya məğlubmu olmalı, onunla barışmalımı? Kitabın, qəzetin, mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə, seçim azadlığının yırtıcı alqoritmlərin əsirinə çevrilməsinə seyrçimi qalmalı?
Yoxsa hələ nə qədər gec deyil, hansısa formada bu xaosa müqavimət göstərməyin yollarını axtarmalıyıq?
lll
Kitabsız-qəzetsiz, yazmadan, oxumadan dilimizin saflığını qorumaq mümkün olacaqmı?
lll
Peşəkar jurnalistlər azaldıqca, dırnaqarası sosial media fenomenlərinin sayı artdıqca, Azərbaycan dilinin saflığını qorumaq daha da çətinləşəcək. Dil, ilk növbədə, yazı vasitəsilə inkişaf edir. Yazılan mətnlər, bədii ədəbiyyat və publisistika dilin inkişafına təkan verir, onun zənginliyini və saflığını qoruyur. Sosial media və gündəlik danışıq dili isə bu baxımdan eyni təsir gücünə malik deyil. Bu mühitdə həm dilin saflığını qorumaq, həm də onu inkişaf etdirmək olduqca çətin məsələdir. Ona görə də düşünürəm ki, bu baxımdan Azərbaycan dilini müəyyən təhlükələr gözləyir. Əgər bu tendensiya davam edərsə, Azərbaycan dili getdikcə sosial medianın bayağı dilinin təsirində bəsitləşəcək.
lll
Jurnalist Taleh Şahsuvarlının Laf TV-nin efirində millət vəkili Fazil Mustafanı debata çağırması ilə bağlı emosional, bir qədər əsəbi tonda yazdığı Feysbuk statusuna şərhimdə Talehin sanki debata yox, davaya hazırlaşdığını bildirmişdim.
Yaxşı olardı, hörmətli Ləman xanım da belə vəziyyətdə Fazil Mustafasız verilişi təxirə salaydı. Səfəvilər mövzusunda soyuqqanlı, təmkinli polemika ictimaiyyət üçün daha faydalı ola bilərdi.
Fazil bəyin düşüncələri ilə tanışam və onların bir çoxu ilə razılaşıram. Mirzə Fətəli və Həsən bəy Zərdabi barədə fikirlərini də doğru sayıram. Amma Səfəvilər elə mövzudur ki, bu məsələdə ümumi konsensusun yaranacağına skeptik yanaşıram. Düşünürəm ki, belə müzakirələr obyektiv aydınlıqdan və tarixi maariflənmədən daha çox, fərqli baxışlara malik insanların gərəksiz qarşıdurmasına səbəb olacaq.
Fazil bəyə də jurnalistlərlə polemika zamanı ona xas olmayan kobud leksikondan uzaq durmağı, səbirli olmağı arzulayıram.
Fikrimcə, lazımsız gərginlikdir. Onsuz da hər kəs sonda öz mövqeyində qalacaq.
Qısa fikrim isə budur:
Barışın getsin! :)
lll
İndi Orta zəkalılar yox, Zəkasızlar cənnəti demək lazımdır...
lll
Bəzilərinin Şah İsmayıla münasibətinin dərinliyində bir balaca ərkyana qəzəb, kübar inciklik də hiss olunur: "O boyda imperiya qurmuşdun, niyə onu başqalarına miras qoydun?"
lll
Çingiz Əlioğlunun bizi tərk etdiyi bu isti havada onun çox sevdiyim, dəfələrlə həvəslə dinlədiyim, vaxtilə xeyli misralarını əzbər bildiyim "Bürkü" şeirini xatırladım.
Amma bütöv variantını yada salmağa nə yaddaşım, nə ChatGPT-nin israrlı axtarışları kömək elədi. Əlimin altında kitabları da yoxdur. Yadımda olanları şairin ruhuna ehtiramla paylaşıram.
Bəlkə kimsə bütöv variantını, yaxud başqa misralarını, başqa şeirlərini xatırladı.
Bürküdü...
Bürküdü.
Bürküdü.
Ürküdün
Ürküdün
Ürküdün
Bu tüklü bürkünü
Tülkü bürkünü
Bu
Bekar bürkü,
Bekara bürkü
Kara gəlməz,
Avara bürkü
Yayın ortasında
Başa keçirtdiyin
Avar börküdü...
Ürküdün.
Bu tülkü bürkünü
Tüklü bürkünü!
Götürün kürəyimdən,
Alın çiynimdən
Bürkü kürkünü...
lll
"Simurq" kitabxanasına başda Xalq yazıçısı Anar olmaqla, Azərbaycanın bir çox dəyərli yazıçıları avtoqraflı kitablar göndəriblər. Bu, həm də bizim ədəbi-mədəni xəzinəmizdir. Belə bir xəzinəyə mütləq sahib çıxmalıyıq...