Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

25.09.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çağdaş qəzetçilik necə olmalıdır?

Bizə - ömrünü qəzetçiliyə həsr etmiş insanlara nə qədər ağır olsa da, etiraf etməliyik ki, kağız qəzet artıq tarixə çevrilir. Həm də bu, təkcə qəzet köşklərinin lotereya və elektron siqaretlər satılan məkana çevrilməsinin ağrısı deyil. İndiki dövrdə oxumaq təəssüf ki, dəbdən düşüb. Bu gün sosial media fenomenləri - blogerlər, influenserlər, yutuberlər daha çox baxış sayı əldə edirlər.

Bununla belə, ciddi, alternativ fikirlər, xəbərlərə fərqli rakurslardan yanaşmalar eşitmək və düşünmək istəyən insanlar üçün gündəmin obyektiv, əhatəli və peşəkar şərhi yenə də aktualdır.

Son vaxtlar türkiyəli jurnalist Cüneyit Özdəmirin yutub kanalında, demək olar, hər gün hazırladığı, gündəmin müzakirəsinə həsr edilən verilişlərini mütəmadi izləyirəm. Türkiyənin və dünyanın gündəmində baş verən heç bir hadisə gözdən qaçmır. Ən aktual mövzular müxtəlif sahələr üzrə peşəkarlaşmış daimi və qonaq ekspertlərin şərhi ilə müzakirəyə çıxarılır, izləyicilərə düşünmək imkanı verilir.

Şəxsən mən peşəkar qəzetçinin apardığı bu verilişi elə çağdaş qəzet adlandırardım.

Bu gün bizim sosial media məkanında belə səviyyəli komanda ilə gündəmin hərtərəfli müzakirəsi nümunəsi, təəssüf ki, yoxdur. Hələlik təkcə Şərif Ağayarın apardığı "Yazıçı postu"nda bunun müəyyən işartıları görünür və düşünürəm ki, inkişaf etdirilərsə, dolğun və əhatəli bir layihəyə çevrilə bilər.

Klassik qəzetçi dostları ruhdan düşməməyə, dövrün gətirdiyi yeniliklərə çevik reaksiya verməyə çağırıram.

Sonda yenə peşəkarlar üstünlük qazanacaqlar.

lll

Nankorluq ən pis keyfiyyətdir!

lll

Yubiley 50, 60, 70 yaşda olar.

Bizim yeni nəsil yazarlarımızın ən istedadlılarından biri Nadir Yalçının yubileyidir...

25 yaşı tamam olur!

Düşündüm ilk dəfə 25 illik yubiley təbrik edim.

Nadir həm də müdrik və ağsaqqaldır.

Elə 75 yaş kimi də təbrik etmək olar 25-ini.

Təbriklər! Uğurlar!

lll

"Pis niyyətli insanlar daha da güclənəcək, inandırıcı fırıldaqçılar artacaq, ən cox zərəri sadə vətəndaşlar görəcəklər.

Dövlətlər hazırlıqlı olmalı, süni intellektin yaradacağı fəsadlardan necə qorunmağı düşünməli, sosial müdafiə tədbirləri barədə fikirləşməlidirlər".

Bunlar Bill Qeytsin fikirləridir. Böyük texnoloji şirkətlərin rəhbərləri son vaxtlar müsahibələrində yaxın on ildə Süni İntellektin gətirəcəyi yeniliklər barədə həyəcanla danışırlar. Müsbət məqamları vurğulamaqla yanaşı, insanlığı gözləyən təhlükələr barədə də xəbərdarlıq edirlər.

Düşünəndə adamın əl-ayağı yerdən-göydən üzülür. İnsanı vahimə basır.

Suallara cavab tapmaq olmur.

lll

Nə dua, nə qarğış izsiz ötüşmür!..

lll

Süni intellekt Sevda Ələkbərzadəni əvəz edə bilərmi?

Sevimli müğənnimiz, Əməkdar artist Sevda Ələkbərzadənin süni intellektlə bağlı narahatlıq doğuran fikirlərini sosial mediadan oxudum.

Sevda xanım yazır: "Hara gedirsən, hər yerdə robot (süni intellekt) oxuyur, bezdim vallah..."

Sevda Ələkbərzadə qeyri-adi səsi, özünəməxsus tembri, məşhur mahnıları fərqli improvizələrlə təqdim etməsi və fərqli ifa tərzi ilə hər zaman sevilib, böyük rəğbət qazanıb. Onun səsi insan ruhunun ən incə tellərinə toxunan, duyğuları riqqətə gətirən nadir səslərdəndir.

Mən əminəm ki, heç bir süni intellekt onun əfsunkar səsini, sənətkarlığını və ifa ruhunu əvəz edə bilməz. Bu mənada belə əvəzolunmaz səs sahibinin zövqləri primitivləşdirən, bayağılıq aşılayan süni intellekt ifalarından narahatlıq keçirməsi düşündürücüdür.

Ola bilər, Sevda xanımın fikirləri ilk baxışda kiməsə sadə bir giley kimi görünsün. Amma bu sözlərin arxasında sənətin gələcəyi ilə bağlı ciddi və üzərində düşünməli bir sual dayanır: süni intellektin meydan suladığı indiki dövrdə insanın yaratdığı sənət öz yerini qoruyub saxlaya biləcəkmi?

lll

Peşəkar jurnalistlərin küncə qısıldığı, sosial media fenomenlərinin - influenserlərin, blogerlərin meydan suladığı indiki zamanda əsl, ömrünü qəzetçiliyə həsr eləmiş jurnalistlərin həmrəyliyə ehtiyacı var. Peşəkarları birləşməyə və çevik olmağa çağırıram. Ruhdan düşməsinlər.

lll

Təzə instaqramçı kimi başımı bulaya-bulaya baxdığım mənasız videoların içərisində məni təəccübləndirən cənublu xanımların kontentləri oldu.

Səmimi, saf, dilimizi təbliğ edən çıxışlar. İnstaqram bəsitliyinin məyusluğunda bir xoş avaz, sərin meh kimi nikbinlik gətirdi. Siz də izləyin, könlünüz açılacaq.

lll

"Vətəndaş məmnunluğ"u ifadəsi gözəl səslənir. Əslində hər bir məmur vətəndaşın məmnun qalmasından zövq almalıdır. Qanunvericiliyin tələbi, süni bürokratiya, get-gəllər vətəndaşı mağmına çevirirsə, bunun ağrısını ilk növbədə məmnunluq yarada bilməyən məmur çəkməlidir.

lll

Ən rahat iş rejimi səhər saat 7-dən günorta saat 4-ə qədər ola bilər.

lll

"İnandırıcı fırıldaqçılar çoxalacaq"

İki həftə əvvəl Bill Qeytsin süni intellektin inkişafı və gələcəklə bağlı bədbin proqnozunu paylaşmışdım.

Dünən isə özüm bu inandırıcı fırıldaqçılığın şahidi oldum.

Əvvəl nazir müavinindən mesaj gəlir - normal nömrədən, ad-soyadı, şəkli də yerində.

"Salam, Rəşad müəllim, necəsiz?"

Hal-əhvaldan sonra deyirəm, zəng vurum, deyir, tədbirdəyəm, danışa bilmirəm. O yazır, mən cavablandırıram. Sonra deyir, kapitan Əzizov Əkbər Rafiq oğlu sizə zəng edəcək, mədəni insandır, görüşün onunla.

Bir az keçir, "Akbar Azizov" yazılı normal nömrədən zəng gəlir. Rusca danışır. Deyir, filankəs müəllim sizinlə danışıb? Görüşmək lazımdır.

Deyirəm, indi tədbirdəyəm, saat 4-ə bitər yəqin.

Saat 4-də zəng edirəm, cavab vermir.

Sonra özü zəng edir. Bu gün məşğulam, sabah zəng edərəm, - deyir.

Açığı, dalağı sancan, şübhələnməyə əsas verən bir neçə məqam olsa da, nömrələrin inandırıcılığı üstün gəldi.

Axşam bir tədbirdə millət vəkilləri ilə görüşürəm. Söz düşür, sən demə, onlara da parlament rəhbərliyinin adından, rəhbər şəxslərin səsinə bənzədilən səslə zənglər gəlir və s.

Bill Qeytsin inandırıcı fırıldaqçılarla bağlı xəbərdarlığı çox çəkmədi, gerçəkləşdi.

İndi gözləyirəm, görüm kapitan Əzizov Əkbər Rafiq oğlu nə zaman zəng edəcək?

Belə başa düşürəm, bu, hələ başlanğıcdır. Bundan sonra daha inandırıcı fırıldaq cəhdləri ilə də üzləşəcəyik. Diqqətli, çevik və ayıq olmalıyıq.

İctimailəşdirirəm ki, hələ belə hallarla üzləşməyənlər də hazırlıqlı olsunlar.

lll

Türk Dövlətləri Təşkilatının himni olmalıdır

Vaxtilə arzusunda olduğumuz Türk Dövlətləri Təşkilatı (TDT) bu gün fəaldır və müxtəlif ölkələrdə çoxsaylı tədbirlər keçirir.

TDT-nin keçirdiyi tədbirlərdə adətən ev sahibi ölkənin dövlət himni səsləndirilir. Birdən ağlıma gəldi ki, Türk Dövlətləri Təşkilatına bir himn lazımdır və onun keçirdiyi tədbirlərdə yerli ölkənin himni ilə yanaşı, bu himn də səslənsə, çox gözəl olar.

Yaxşı olardı ki, təşkilat bu məqsədlə beynəlxalq müsabiqə elan etsin.

Müsabiqəyə Türk dünyasının müxtəlif ölkələrindən şairlər, bəstəkarlar və digər yaradıcı şəxslər qatıla bilər. Belə bir müsabiqə Türk dünyasının yaradıcı insanları arasında xoş rəqabətə, səmimi yarışa çevrilə bilər. Nəticədə əzəmətli musiqisi, təsirli sözləriylə Türk dünyasının keçmişi, bu günü və gələcəyini özündə ehtiva edən gözəl bir əsər ortaya çıxa bilər. Bütün türk dünyası onu əzbərdən və sevərək oxuyar. Məncə, bu arzumuz da reallaşacaq!

lll

Peşəkarların kübar, abırlı və ağıllı etirazı!

lll

"İnformasiyanı əyləncə formasına salmaqla qalmaqallara, dedi-qodulara, şəxsi həyatın toxunulmazlıq hüququnun pozulmasına, yalana və böhtana bəraət qazandırırıq".

Qismət ispan yazıçısı Mario Vargas Lyosanın böyük həcmli "Tamaşa sivilizasiyası" essesini tərcümə edib: "Yayda oturub Lyosanın çox məşhur esselərindən birini tərcümə etdim. Lyosa bu essedə ədəbiyyatın, kinonun, musiqinin, jurnalistikanın günü-gündən hansı hala düşdüyünü ağrıyla icmallaşdırır".

Oxuduqca, bir tərəfdən müəllifin sadaladığı, yaradıcı insanların taleyini puçlaşdıran acı həqiqətlərin ağrısını hiss edirsən, digər tərəfdən də tərcüməçinin qan-tər tökərək gördüyü bu işə, çəkdiyi zəhmətə ehtiramın yaranır.

Mario Vargas Lyosa yeni dövrə ad verib: "Tamaşa sivilizasiyası".

Onun fikrincə, müasir cəmiyyətdə mədəniyyət - ciddi ədəbiyyat, incəsənət, siyasət, jurnalistika və s. getdikcə əyləncəyə, şouya çevrilir.

Qismətə təşəkkürümü bildirdim və bu yazını ciddi sənətə ağı kimi, məyusluq içində oxuduğumu söylədim. Bilmirəm, indi - tamaşa sivilizasiyası dövründə belə həcmli və ağrılı yazını neçə adamın oxumağa səbri və əzmi yetəcək?

Amma əminəm ki, düşünmək istəyənlər oxuyacaq.

lll

İbrət dərsi və əbədi ağlaşma

Bir neçə gündür məlum və bədnam qonşularımızın sosial mediada ağlayıb-sızlamalarına baxıram. Düşünürəm və zehnimdə sanki cavabı çoxdan bəlli olan suallar bu dəfə nidaqarışıq baş qaldırıb dolaşır:

Axı niyə bunlar tarixdən ibrət dərsi almırlar?!

Vicdan deyilən bunlarda da varsa, niyə azacıq qımıldanıb oyanmır?!

2023-ün 20 sentyabrında evlərini itirdiklərini ağlaşma qurub dünyaya car çəkənlər, bu üçcə ili dözülməz kimi qələmə verənlər bizim 30 il çəkdiklərimizin fərqində deyildilər?! Öz dəhşətli əməllərini - yüz minlərlə insanı evsiz-eşiksiz qoymalarını, şəhər və kəndlərimizi bünövrədən viran etmələrini niyə yada salmırlar?!

Biz qürurlu millətik: dərdimizi bəyan etsək də, heç vaxt belə ağlaşmalarla kiminsə bizə yazığı gəlməsini istəməmişik. Dünyadan haqq-ədalət gözləsək də, bunu mərd-mərdanə ifadə etmişik, zarıyaraq mərhəmət dilənməmişik.

Bunlar isə tarix boyu özlərini dünyaya yazıq göstərib ağlayanda həm də ağlagəlməz cinayətlərini pərdələmək, vəhşiliklərini gizlətmək istəyiblər. Yenə də eyni yoldadırlar.

Düşünürəm ki, bu ağlaşmalar revanşizmə ayaq verməkdir. Onların belə mütəşəkkilliyi isə indiki ağlaşmalarının bir mərkəzdən idarə olunduğunu düşünməyə əsas verir. Bir tərəfdən sülhdən danışan qonşularımızın bu yandan da yersiz fəryad qoparıb kin və nifrət kampaniyası aparmasına başqa nə məna vermək olar?!

Amma bu körüklədikləri revanşizmin yenə də onlara fəlakət gətirəcəyini heçmi düşünmürlər?!

Görünür, problem irsidir, səbəb bunların genindədir. Geni isə dəyişmək, o lənətdən qurtulmaq mümkün deyil.

Yoxsa indiyədək aldıqları zərbələrin ən təsirlisi olan "Dəmir yumruq"dan sonra gözləri mütləq açılmalıydı. Əslində, bir müddət belə də oldu.

Amma... yenə ağlaşırlar!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью