Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
"44" bədii filmi haqda
Kədər, sevinc, göz yaşları, həyəcan və qürur!
"44" bədii filminin nümayişinin yaratdığı dərin, unudulmaz ovqat!
Yaradıcı heyət təqdimatda haqlı olaraq qeyd edir ki, bu filmə baxdıqca Vətən müharibəsi günlərini yada salacaq, o günləri yenidən yaşayacaqsınız.
O 44 gün xalqımızın yaddaşında Ali Baş Komandanın unudulmaz, qəlbləri iftixar hissi ilə riqqətə gətirən müraciətləri, dərin məzmunlu, sərrast və dolğun müsahibələri, işğaldan azad olunan bölgələrimizdən gələn, qəhərlə sevincin çuğlaşdığı xəbərlər, şəhidlərimizin qəhrəmanlıqları, hüznü ilə qəlbləri sızladan, eyni zamanda qürur hissi yaşadan dəfn mərasimləri və şəhid valideynlərinin məğrur duruşu ilə yaşayır.
İndiyəcən Vətən müharibəsi qəhrəmanlarının, müharibə iştirakçılarının təəssüratlarını ayrı-ayrı sənədli filmlərdə, verilişlərdə dinləmişdik. O 44 gündə yaddaşımızda iz qoymuş xatirələr bu dəfə bədii təsvirlərlə yenidən oyandı - yaşanmış tarix, insan taleləri, münasibətlərin sınağa çəkildiyi anlar gözümüzün önündən keçdikcə o ağrılı və qürurlu, kədərli və sevincli günləri göz yaşları içində bir daha yaşadıq.
Filmin yaradıcı heyətinin peşəkarlığı, uğurlu aktyor seçimi, döyüş səhnələrinin canlılığı və yaratdığı gərginlik - hər biri öz yerində qüsursuz idi. Film boyu səhnələrin ovqatına uyğun seçilmiş musiqi yaşanan duyğuları daha da dərinləşdirirdi.
Təqdimat yüksək zövqlə hazırlanmışdı. Filmin qəhrəmanları olan şəhid analarının sonda yaradıcı heyətlə birlikdə səhnəyə çıxması, reallıqla təxəyyülün, tarixi faktlarla bədii təcəssümün qovuşması əzəmətli bir mənzərə yaradırdı.
Yaradıcı heyətin əməyi dərin ehtirama və ürək dolusu minnətdarlığa layiqdir.
lll
Televiziyaların əleyhinə danışanların çoxu, məncə, heç televizora baxmır. Telefonlar imkan vermir yəqin.
Amma televiziyalarımızda çox maraqlı verilişlər var. Sadəcə vaxt ayırıb, pultu idarə etmək lazımdır.
lll
Bizim bilmədiyimiz nə qədər xoş niyyətli işlər həyata keçirilir...
lll
Tez-tez status paylaşmaq da gərginliyin bir əlamətidir...
lll
Bu gün öz həqiqətlərini söyüşlə qəbul etdirmək istəyənlər imkan yaransa, sabah daha aqressiv yollara əl atacaqlar.
lll
Dingişlik və düşüklük...
Sosial medianı izləyirsən, düşünürsən: dingişlik və düşüklük niyə bu qədər maraq doğursun axı? Niyə lağlağılıq edən profillər bu qədər çox baxış qazansın?
Sonra dahi Mirzə Cəlilin 120 il əvvəlki gileyini xatırlayırsan. Onun söhbətlərini xoşlamayanlar, gör qaçıb haralara gedirmişdilər: fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ "vacib" işlərlə məşğul olmağa...
Yəni doğrudanmı heç dəyişməmişik?
lll
O qədər adam var, ömrünün ötən bir neçə illik xoşbəxtliyini xatırlayıb, ona da söykənib yaşayır...
lll
Hicaba qadağa yoxdur axı! Yalnız orta məktəblərə şamil edilən vahid geyim forması qərarının belə mütəşəkkil hay-küylə qarşılanması şübhələr yaradır. Dünyəvi təhsilə, sekulyar dövlətə qarşı xarici qüvvələrin təhdidinin əlamətləri açıq-aydın görünür.
Səmimi hicab tərəfdarlarının məsumluqla müxtəlif arqumentlər gətirməsi başadüşüləndir. Amma bir məsələ də gün kimi aydındır: əgər orta məktəblərə hicabla getməyin tərəfdarısansa, vahid məktəbli geyiminin əleyhinəsənsə, deməli, dünyəvi, sekulyar Azərbaycan dövlətinin varlığına qarşısan. Bu, birmənalıdır!
Bizim maarifpərvər ziyalılarımız cəhalətə və xurafata qarşı buna görəmi mübarizə aparmışdılar?
Dinin hakimi-mütləq olduğu ölkələrdə yaşananları görmürükmü?
Bir qrup insanın din pərdəsi altında öz iradə və iddialarını yeritməyə çalışması gələcək təhlükələrin bariz əlaməti deyilmi?
Dünyəvi dövlət tərəfdarları, aydın düşüncəli, ziyalı insanlar sabahımız naminə daha fəal olmalı, müzakirələrə qoşulub münasibət bildirməlidirlər...
lll
Mütəşəkkil söyüşsöyənlər...
Savadsızlar və cahillər...
Bunlardan çəkinib öz fikrini bildirməmək gələcəyimizi baltalamaq, dünyəvi dövlətimizi təhlükə altına salmaqdır.
lll
Anam deyir: "Deyəsən, vayfay xarab olub, TikToka girə bilmirəm"...
lll
Lazımsız tədbirlər həddən çox olur...
lll
Həvəsimək, cuşa gəlmək və duza getmək...
lll
Kitaba doğru gəlin!
Hər il Bakıda təşkil olunan Beynəlxalq Kitab Sərgisi günlərində özümü çox rahat və xoşbəxt hiss edirəm.
Kitab yazan və kitab oxuyan insanların aurası fərqli olur. Bu aura ən müxtəlif, rəngarəng tədbirlərdə imkan tapıb düşünməyə fürsət yaradır, cari neqativ xəbərlərdən uzaq durmağa kömək edir.
Bir həftə kitabla, yazarlarla, oxucularla bir arada olmaq böyük səadətdir.
Fürsəti qaçırmayın!
lll
Futbolçuları adıyla çağırmaq daha məntiqlidir. Uzun soyadları səsləndirməkdənsə, qısa adların deyilməsi daha dinamik və oyunun tempinə uyğun olar.
lll
Quşlar yem atan kimi cikkildəyib sevinclə həmcinslərini çağırırlar.
Oxşar vəziyyətlərdə səssiz qalanlar adamlardır...
lll
Gəlmişkən, barı kitab da alaydınız...
lll
Sərgidən aldığım kitabları oxumağa azı bir il vaxt lazımdır...
lll
Bakıdakı son Kitab sərgisində aldığım kitabları oxumağa gənc yazarların əsərlərindən başladım. "Dilləri var, görəsən, dilçəkləri də varmı?" düşüncəsiylə. Ya da məşhur tamaşadakı kimi, sonda "noolsun?" deməyəcəyəm ki?
Sərginin elə ilk günü aldığım, Mürşüd Mehdinin bestseller kimi təbliğ olunan "Məktubdakı qadın" kitabını bir günə oxudum. Detektivdir. Asan oxunur. Yəqin, oxucularda detektivə maraq çoxdur.
Verdim anam oxusun.
Orxan Saffarinin müharibədən bəhs edən "404" romanı çap olunub. 44 günlük Vətən müharibəsinin ovqatı, müharibədə iştiraka can atan gənclər, cəmiyyətin şəhid ailələrinə ehtiramı, qazilərə münasibət və s. - müəllifin bu mövzularla bağlı dəqiq müşahidələri və təsvirləri diqqətçəkən idi.
Sərginin onlayn səsverməsinin qalibi olan Kəramətin "Müharibə başlamadı" romanının dili əvvəlki yazılarındakı kimi axıcıdır, rahat oxunur. Kəramət detektivvari süjet seçib, hərbi xidmətdə həlak olan gəncin başına gələnləri yazıb, sevgi xətti də var. Maraqlı qənaətlər yaradır.
Sərdar Aminin miniatür, ovuc içi boyda "Yosma" romanını da birnəfəsə oxudum. Romanda sovet cəmiyyətinin simvolu qismində qonşuları pusan Zinaida Fyodorovna obrazı diqqət çəkir. Kimsəsiz qadın evində ölür, cəsədinin qoxusu ətrafa yayılır. Bir həftə sonra qonşular duyuq düşürlər. Əsərdən belə bir qənaət hasil olur: Sovetlər dağılsa da, onun çürümüş cəsədinin qoxusu bugünkü gəncləri rahat yaşamağa qoymur, həyatdan zövq almağa imkan vermir.
Bəs hansı əsərə "Noolsun?" dedim, hansı müəllifin dilindən əlavə, dilçəyinin də olduğunu gördüm? - indilik bunu gizli saxlayıram. Təkcə bir nüansı deyəcəyəm. Gənclərin problemi onda oldu ki, bu kitablarla yanaşı, İlqar Əlfinin tərcüməsində Çingiz Hüseynovun "Doktor N" romanını da oxuyurdum. Və bu roman özünün ağır, sanballı təhkiyəsi ilə o birilərini üstələyirdi.
lll
Bütün ömrünü Ağdamın təbliğinə həsr edən, Ağdam haqqında ən gözəl bədii əsərlərin, ən təsirli bədii filmin müəllifinə, Ağdamı küçə-küçə, adam-adam öz hekayələrinə köçürüb yaşadan, Ağdam deyəndə dodağı çat-çat olan, adına Ağdamda küçə və büst qoyulmasını sağlığında haqq etmiş adama elə cavab verməzlər...
lll
Qəribədir, mənim bu ağıllı (!) telefonum Aqil Abbasın əleyhinə yazanları avtomatik bloklayır...