Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İqtisadi sistemlərdə cəmiyyətin davranış modeli – yəni daha çox istehlaka, yoxsa qənaətə üstünlük verməsi – iqtisadi sabitlik, sosial rifah və davamlı inkişaf baxımından mühüm rol oynayır.
“İstehlakçı” və “qənaətçi” cəmiyyət anlayışları iqtisadiyyatın müxtəlif prioritetlərini əks etdirir və hər bir yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri var".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, istehlakçı yönümlü cəmiyyətin əsas prinsipi iqtisadi dövriyyəni istehlak üzərindən canlandırmaqdır.
Daha çox istehlak daha çox tələb deməkdir, bu isə istehsalın artmasına, yeni iş yerlərinin açılmasına və innovasiyaların sürətlənməsinə səbəb olur: "İstehlakçılıq mədəniyyəti, xüsusilə bazar iqtisadiyyatında, iqtisadi artımın hərəkətverici qüvvəsi sayılır.
Çünki insanlar xərclədikcə bizneslər genişlənir, istehsal sahələri inkişaf edir, dövlət büdcəsinə vergi daxilolmaları artır.
Bu, həm də texnologiyaların inkişafına və yeni məhsulların bazara çıxmasına şərait yaradır.