Qənirə Paşayeva Ankarada anıldı

25.09.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Ankarada Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Kərkük Mədəniyyət Dərnəyi, ELVİN Dərnəyi və Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi birgə olaraq Azərbaycan Milli Məclisinin keçmiş üzvü Qənirə Paşayevanın vəfatının 3-cü ildönümü münasibətilə anım tədbiri keçirdi. Anım tədbirində ictimaiyyət və elm adamlarının çıxışları sırasında Qənirə Paşayevanın bacısı Kəmalə xanımın çıxışı diqqəti daha cəlb etdi.

  ...Kəmalə xanım Paşayevanın duyğulu çıxışını dinlədikcə, qəribə bir hissə qapıldım: sanki qarşımızda Kəmalə xanım deyil, Qənirə xanımın özü dayanıb danışırdı. Eyni hərarət, eyni coşqu, eyni Vətən sevgisi, eyni Türk sevdası, Qarabağ məhəbbəti... 

 ...Kəmalə xanımı dinlədikcə sanki Qənirə xanımın səsini eşidirdik. Göz yaşlarına baxdıqca isə Qənirə xanımın yoxluğunun ağrısını bir daha ürəyimizdə hiss edirdik.

 

Kəmalə xanım da bacısı kimi “odlu-alovlu” danışır, sözləri ilə qəlblərə yol tapır, milli ruhu, Vətənə və Türk dünyasına bağlılığı ilə dinləyənləri duyğulandırırdı. Onun hər cümləsində Qənirə xanımdan bir iz, hər xatirəsində onunla yaşanmış bir ömürdən bir parça duyulurdu.

 Bacısı haqqında danışdıqca Kəmalə xanımın səsindəki kövrəklik daha da dərinləşirdi. Bu, sadəcə bir bacının doğmasına olan həsrəti deyildi. Bu, ömrünü xalqa, Vətənə və Türk dünyasına həsr etmiş bir insanın yoxluğunun ağrısı idi. Onun xatirələri tədbir iştirakçılarına bir daha Qənirə Paşayevasızlığın nə qədər ağır, nə qədər acı olduğunu yaşatdı.

 Kürsüdə bəlağətli, məntiqli və qəlbə yatımlı çıxışı ilə diqqəti cəlb edən Kəmalə xanımın göz yaşları isə sözlərindən daha çox şey deyirdi. Xüsusilə Qənirə xanımla bağlı videoçarxlar nümayiş etdirilərkən onun gözlərindən süzülən yaşları, üzündəki dərin kədəri və yaşadığı iztirabı görməmək mümkün deyildi. Sanki ekranda görünən Qənirə xanımla üz-üzə gəlir, keçmişin xoş günləri bir anda gözlərinin önündən keçir və yoxluğun ağrısı yenidən təzələnirdi.

 Bəzən insanın qəlbindəki ağrını sözlər ifadə edə bilmir. Kəmalə xanımın göz yaşları da məhz belə bir ağrının ifadəsi idi. O göz yaşlarında bacı həsrəti vardı, yarımçıq qalmış söhbətlərin nisgili vardı, bir ömrün xatirələri vardı. Ən başlıcası isə Qənirə xanım kimi əziz bir insanın yoxluğunun qəlbdə açdığı sağalmaz boşluq vardı.

 Kəmalə xanımın tədbirdə Azərbaycandan gəlmiş şəhid analarına göstərdiyi xüsusi diqqət və qayğı da böyük məna daşıyırdı. Şəhidlərimizin ruhuna hər zaman dərin ehtiram bəsləyən Qənirə xanımın bu münasibəti necə yüksək dəyərləndirdiyini yaxşı bilirdik. İndi onun bacısının şəhid analarına göstərdiyi hörmət və məhəbbət sanki Qənirə xanımın mənəvi dünyasının davamı kimi görünürdü.

 Həmin gecə bir daha anladım ki, insanı yaşadan yalnız onun həyatda olduğu illər deyil. İnsanı yaşadan onun sözləri, əməlləri, sevgisi, Vətənə bağlılığı və insanların qəlbində qoyduğu izdir. Qənirə xanım da belə insanlardan idi.

  ...O gecə Qənirə xanım aramızda yox idi... Amma onun ruhu bacısının sözlərində, göz yaşlarında, Vətən sevgisində və onu sevən insanların kövrək baxışlarında yaşayırdı.

Hikmət Xudiyev,

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью