Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 2 fevral, P.Qafarova, AZƏRTAC
İdarəçilikdə qərarvermə perspektivləri haqqında danışmaq artıq texnologiya mövzusu deyil. Bu, idarəçilik fəlsəfəsinin dəyişməsi mövzusudur. Müasir dövrdə dövlətlər təkcə “nə qərar verək?” sualına deyil, eyni zamanda, “necə düşünərək qərar verək?” sualına cavab axtarır. Məhz bu yanaşma süni zəkanı texniki alətdən strateji mexanizmə çevirə bilər.
Bu barədə AZƏRTAC-a açıqlamasında Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov bildirib.
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübə bu dəyişikliyi aydın şəkildə nümayiş etdirir: “Məsələn, Estoniya dövlət idarəçiliyində süni zəkanı sosial xidmətlərin prioritetləşdirilməsində istifadə edərək resursları real ehtiyaclara uyğun yönəldir. Sinqapur əmək bazarı ilə bağlı qərarları real vaxtlı məlumat analitikası əsasında formalaşdırır. ABŞ və Avropa İttifaqında isə süni zəka qərarverən yox, qərarı əsaslandıran və riskləri öncədən göstərən alət kimi mövqeləndirilir”, - deyə C.Xəlilov əlavə edib.
O vurğulayıb ki, bu yanaşmaların ortaq prinsipi ondan ibarətdir ki, süni zəka qərarı əvəz etmir, qərarın düşünülmə keyfiyyətini yüksəldir. Dövlət idarəçiliyində isə bu, strateji və operativ düşüncə arasında düzgün balansın qurulmasını tələb edir. Strateji düşüncə institusional yaddaşa və uzunmüddətli baxışa əsaslanır, operativ düşüncə isə sürət, çeviklik və texnoloji adaptasiya bacarığı ilə seçilir. Süni zəka məhz bu iki yanaşma arasında balanslaşdırıcı rol oynayır.
Ekspert qeyd edib ki, bu balans yalnız süni zəkanın düşünmə məntiqi başa düşüldüyü halda mümkündür. Süni zəka hər zaman obyektiv deyil, onun obyektivliyi verilən məlumatlar və əvvəlcədən müəyyən edilmiş meyarlarla məhdudlaşır. Meyarlar düzgün seçilmədikdə isə yanlış qərarlar texnoloji obyektivlik görüntüsü altında qəbul edilə bilər ki, bu da idarəçilik üçün ciddi risk yaradır.
Məhz bu məqamda gənclərin rolu strateji əhəmiyyət daşıyır. Ceyhun Xəlilovun sözlərinə görə, gənclər süni zəkanı yalnız tətbiq edən deyil, onun daxili məntiqini sorğulayan nəsildir. Onlar “alqoritm nə qərar verdi?” sualından daha çox, “alqoritm niyə bu qərarı verdi?” sualını ön plana çıxarırlar. Dövlət idarəçiliyində keyfiyyətli qərar da məhz bu sualdan başlayır.
İB-nin sədri əlavə edib ki, beynəlxalq idarəçilik modelləri göstərir: süni zəkanın uğurlu tətbiqi üçün təkcə texnoloji bilik kifayət etmir. Əsas amil analitik düşünən, sual verən və məsuliyyəti dərk edən insan kapitalıdır. Gənclər alqoritmlərin prioritetləşdirmə mexanizmlərini, sosial riskləri və uzunmüddətli təsirləri sorğulamaqla innovasiyanı daha dayanıqlı və etibarlı edir.
C.Xəlilov qeyd edib ki, süni zəka etik çərçivə olmadan tətbiq edildikdə üstünlük deyil, risk yarada bilər: “Bu səbəbdən Avropa İttifaqı və digər qabaqcıl idarəçilik sistemləri açıq şəkildə bildirir ki, süni zəka qərarları dəstəkləyir, lakin son məsuliyyət həmişə insanda qalır. Bu məsuliyyətin daşıyıcısı isə texnologiyanı anlayan, onu sorğulayan və nəzarətdə saxlaya bilən gənc kadrlar olmalıdır”.
Ekspert vurğulayıb ki, rəqəmsallaşma prosesi texnologiyanın sürəti ilə deyil, insan düşüncəsinin keyfiyyəti ilə ölçülməlidir. Gənclər bu prosesə sadəcə icraçı kimi deyil, analitik tərəfdaş kimi cəlb olunduğu təqdirdə süni zəka dövlət idarəçiliyində risk yox, əsaslandırılmış və düşünülmüş qərarların dayağına çevrilə bilər.