Qərb dünyasında çatlar: ABŞ 50 trilyon xərclədiyi Avropadan niyə üz döndərdi?

24.01.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"ABŞ-la Avropa arasında qarşıdurmanın kökləri əslində daha dərindir və bu, Tramp amili ilə məhdudlaşmır. Tramp sadəcə bu istiqamətdə həyata keçiriləcək strategiyanın avanqardında dayanır".

Bunu Qaynarinfo-ya açıqlamasında ReAL Partiyasının sədri Natiq Cəfərli ABŞ-Avropa İttifaqı qarşıdurmasını və onun qlobal dünyaya təsirini şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, bu qarşıdurma həm siyasi-fəlsəfi, həm də iqtisadi amillərlə bağlıdır:

"II Dünya müharibəsindən bu günə qədər Avropanın təhlükəsizliyi əsasən Amerikanın üzərində olub. Son 80 ildə ABŞ Avropanın təhlükəsizliyi üçün təxminən 50 trilyon dollar vəsait xərcləyib. Avropa isə bu müddət ərzində hərbi xərclərə ÜDM-nin cəmi 1 faizini ayırıb".


Natiq Cəfərli deyir ki, nəticədə Avropa ölkələri öz vətəndaşlarının sosial rifahını artırmağa nail olublar:

"Beləliklə, orta statistik danimarkalı, belçikalı və ya norveçli orta statistik amerikalıdan daha yaxşı yaşayır. Məhz buna görə də Ağ Ev Avropa ölkələrindən ÜDM-nin 5 faizini hərbi xərclərə yönəltməyi tələb edir. Bundan əlavə, tərəflər arasında ticarət dövriyyəsində də ABŞ mənfi saldo ilə üzləşir. Amerika Avropaya daha az məhsul satır, əvəzində isə oradan daha çox idxal edir. Nəticədə ABŞ üçün hər il təxminən 250–300 milyard dollar həcmində mənfi ticarət balansı formalaşır".

Natiq Cəfərli bildirib ki, Aİ ölkələrinin əksəriyyəti hazırda sol yönümlü psevdo-liberal elitalar tərəfindən idarə olunur:

"Bu siyasi çevrələr Trampın sağ-mərkəzçi yanaşmasına açıq şəkildə nifrət edirlər. Məhz buna görə də tərəflər arasında qarşıdurmanın daha da dərinləşəcəyinin şahidi ola bilərik. Alternativ variant Avropada siyasi elitanın dəyişməsidir ki, bunun da baş vermə ehtimalı kifayət qədər yüksəkdir. Qarşıdakı iki il ərzində Avropanın 27 ölkəsindən 20-də seçkilər keçiriləcək. Əgər elita dəyişərsə, Ağ Evlə Aİ arasında konsensusun formalaşması mümkündür".

Partiya sədrinin sözlərinə görə, mövcud şərait Azərbaycanın manevr imkanlarını artırır: 

"Bakının Vaşinqtonla yaxşı münasibətləri qoruması, eyni zamanda Avropa ilə ticarət əlaqələrini genişləndirməsi tamamilə məntiqidir. Çünki Azərbaycanın ABŞ-a qaz və neft satmaq imkanı yoxdur. Sata biləcəyimiz enerji daşıyıcılarının əsas alıcısı məhz Avropadır".


ABŞ-Aİ gərginliyinin Çinin maraqlarına uyğun olduğunu deyən Natiq Cəfərli əlavə edib:

"Yaranmış vəziyyətdən istifadə edən Çin öz mövqelərini daha da gücləndirə bilər. ABŞ-la münasibətlərin soyuması fonunda Avropa İttifaqının Pekinlə yaxınlaşması ehtimalı artır".

Bununla belə, həmsöhbətimiz mövcud gərginliyi müvəqqəti hesab edir: 

"Əgər Trampdan sonra ABŞ-da hakimiyyətə ona qarşı olan qüvvələr gələrsə, böyük ehtimalla Vaşinqton-Brüssel münasibətlərində normallaşma baş verəcək. Bu isə Qərbdə dərin və davamlı parçalanmanın real olmadığı anlamına gəlir. Lakin bütün hallarda Avropa baş verənlərdən ciddi nəticə çıxarmalıdır".

Qeyd edək ki, Donald Trampın yenidən Ağ Evə qayıdışı Vaşinqtonla Avropa İttifaqı arasında münasibətlərin kəskinləşməsi ilə müşayiət olunur. Bu gərginlik demək olar ki, qlobal miqyasda baş verən bütün proseslərdə özünü göstərir. Belə ki, tərəflər arasında Ukrayna müharibəsi, Qrenlandiya məsələsi, NATO-nun maliyyələşdirilməsi, hətta Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı ciddi ziddiyyətlər mövcuddur. Bu da onların vahid mövqedən çıxış etməsinə mane olur. Mövcud vəziyyətdən isə Qərbin digər rəqibləri öz maraqları naminə yararlanmağa çalışırlar. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью