Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəşəriyyət hazırda II Dünya müharibəsindən bəri ən təhlükəli geosiyasi günlərini yaşayır. XXI əsrin birinci və ikinci onilliyindən başlayan bu mərhələnin diqqətəlayiq xüsusiyyətləri hansılardır? Cavbalar, baxışlar və rəylər müxtəlifdir. Amma bugünkü məqalədə biz oxucularımızı tanınmış braziliyalı iqtisadçı, makroiqtisadiyyat və maliyyə üzrə ekspert, Yeni İnkişaf Bankının vitse-prezidenti (2015–2017) və Beynəlxalq Valyuta Fondunda Braziliya və digər ölkələr üzrə idarəedici direktor (2007–2015) olmuş Paulo Nogeyra Batistanın hadisələrə münasibəti və mövqeyi ilə tanış etmək istərdik.
Bu müəllif hələ bir il əvvəl qlobal siyasi prosesləri təhlil edərkən yazırdı ki, “planetin geosiyasi mənzərəsində tektonik dəyişikliklər baş verir. Qərb gücünün bir neçə əsrlər boyu davam edən hökmranlığı tarixə köçür və ya artıq keçmişdə qalıb”.
Braziliyalı iqtisadçının fikrincə, əvvəlki hegemonluq keçidi mahiyyət etibarilə dinc idi. “Birinci Dünya müharibəsindən sonra Böyük Britaniya qarşıdurma olmadan ABŞ-a təslim oldu. Bu, belə demək olarsa, ailədaxili keçid idi və o səbəbdən də az-çox rahat oldu. Lakin belə keçidlər dünya tarixində nadir hallarda baş verib. Hazırkı keçid, əlbəttə ki, hamar görünmür. Amerika Birləşmiş Ştatları və “kollektiv Qərb”in digər ölkələri tabesiszlik vəziyyətindədir və davranışlarını iqtisadi, demoqrafik və siyasi baxımdan nisbi azalmalarına uyğunlaşdırmaq istəmirlər. Bütün əlamətlər onların dəyişikliyin qarşısını almaq cəhdlərində həddindən artıq irəli gedəcəklərini göstərir. Qeyd etmək lazımdır ki, bu tendensiya Donald Trampın prezidentliyindən əvvəl baş vermiş və çox güman ki, ondan sonra da uzun müddət davam edəcək”.
Doğrudur, XX əsrdə hegemonluq keçidi “kollektiv Qərb”in sərhədləri daxilində - Şimali Atlantikanın bir ucundan tutmuş digər ucuna qədər baş vermişdir. XXI əsrin keçidi Qərbdən Şərqə, Atlantik okeanından Sakit Okeana doğru baş verir. Bu, kökündən fərqli olan sivilizasiyalar arasında güc balansında bir dəyişiklikdir - onlar bir-birindən tarix, mədəniyyət, dil və etnik mənsubiyyət baxımından fərqlənirlər. Amma amerikalılar və avropalılar bu mərhələdə çox da zərif davranmırlar. Onlar “şanlı keçmişlərinə” diqqətəlayiq bir bağlılıq nümayiş etdirirlər.
Paulo Nogeyra Batısta “Qaranlıq əsr” adlandırdığı bu mərhələnin dörd məqamına xüsusi diqqət ayırır.
Birincisi. Çoxqütblü dünyanın yaranması və güclənməsi: dövrümüzün əhəmiyyətli bir əlaməti Çinin və digər Şərqi Asiya ölkələrinin sürətli inkişafıdır.
İkincisi. ABŞ-ın olduqca problemli strateji seçimi - Rusiya, Çin və İrana qarşı üçlü cəbhə açması və Qərbin, xüsusən də 2025-ci ildən sonra görünməmiş sürətlə parçalanması.
Üçüncüsü. Qərbin bütün prinsipləri, müqavilələri və qaydaları pozmaq və açıq şəkildə bütün zorakılıq və piratçılıq formalarında iştirak etməklə nisbi tənəzzülünü qəbul etməkdən qəti şəkildə imtina etməsi. ABŞ və müttəfiqləri, canlı şahidi olduğumuz kimi, dünyada hegemon qlobal mövqelərini qorumaq və bəlkə də itirilmiş nüfuzlarını geri qaytarmaq üçün çarəsiz cəhdlərlə hərbi əməliyyatlar aparmağa və hətta müharibəyə başlamağa hazırdırlar.
Dördüncüsü. Tənəzzülə doğru getmələrinə baxmayaraq, Qərbi, xüsusən də supergüc kimi ABŞ-ı qiymətləndirməmək doğru olmazdı, çünki o, ayrı-ayrı şəhərlərə, ölkələrə və bütün dünyaya böyük ziyan vura bilər və vurur.
Tanınmış iqtisadçı bu məqamları şərh edərək yazır ki, Qərbin tənəzzülünün əhəmiyyətli bir aspekti onun intellektual və mənəvi deqradasiyasıdır. “Nadir istisnalar olmaqla, hazırkı Avropa liderlərinin aşağı mənəvi keyfiyyətlərini və səviyyələrini xatırlamaq kifayətdir”.
Paulo Nogeyra bu fikrini əsaslandırmaq üçün uzun müddətdir ciddi müzakirə mövzusu olan Cefri Epşteyn şəbəkəsinin pedofiliya ilə bağlı qalmaqalını xatırlayır və yazır: “Siyasətçilər, iş adamları və ziyalılar da daxil olmaqla, görkəmli liderlərin elit dairələrinə qədər dərin nüfuz edən nəhəng Cefri Epşteyn şəbəkəsinin bədnam sənədlərinin ifşası dünyanın gözlərini nüfuzlular arasında genişlənən pozğunluq və pedofiliyaya açdı. Bu cinayətkar şəbəkənin miqyasını təsəvvürə gətirmək belə mümkün deyil”.
O, bununla paralel olaraq Qərbdə irqçiliyin yüksəlişi və onun geosiyasi nəticələrini də əsaslı şəkildə təhlil edir və yazır ki, bu gərgin geosiyasi vəziyyətdə mövcud olan irqi qərəzlər daha az məlumdur. Müəllif bildirir ki, bunun ümumi qaranlıq geosiyasi mənzərəyə ciddi pozğun düşüncə tərzi əlavə etməsinə baxmayaraq, geniş yayılmış, dərin köklü struktur irqçiliyinin mövcudluğu heç də həmişə qəbul edilmir.
Paulo Nogeyra analitik məqsədlər üçün dünyanı təxmini iki hissəyə bölür: kollektiv Qərb və Qlobal Cənub. “Kollektiv Qərb adətən yüksək gəlirli ölkələr kimi müəyyən edilir; ona ABŞ rəhbərlik edir, eyni zamanda Kanada, Avropa Birliyi, Birləşmiş Krallıq, Avstraliya, İsrail, Yaponiya, Cənubi Koreya və bir sıra digər yüksək gəlirli ölkələr də bura daxildir. Əgər yüksək gəlirli Asiya ölkələrini - Yaponiya, Cənubi Koreya və Sinqapuru nəzərə almasaq, Qərb dünya əhalisinin yalnız 12 faizini təşkil edir və onun payı durmadan azalır.
Qlobal Cənub isə, adətən, dünyanın qalan hissəsi, yəni Avrasiya, Asiya, Afrika və Latın Amerikasının böyüyən və inkişaf etməkdə olan ölkələri kimi başa düşülür. Niall Ferqusonun kitabının bu vəziyyəti kifayət qədər dəqiq ifadə edən başlığını xatırlasaq, əsl həqiqətdə bizdə “Qərb və qalan dünya” var. Bəşəriyyətin ən azı 86 faizinin yaşadığı “dünyanın qalan hissəsinin” yüksəlişi Qərbə təzyiq göstərir” – deyə Paulo Nogeyra qeyd edir.
Onun analizində yer tutan əsas fikir belədir: Qərb ölkələrinin əhalisinin təxminən dörddə üçü ağdərilidir, oradakı rəngli azlıqlar isə əsasən ağdərililərin çalışmaq istəmədikləri aşağı səviyyəli iş yerlərində çalışırlar. Qlobal Cənubun irqi tərkibi tamamilə fərqlidir. Oradakı əhalinin böyük əksəriyyəti qaradərili, mulat, metis və sarı dərilidir. Ağdərililər Afrika, Asiya və Avropa müstəmləkəçilərinin daha dərin iz buraxdıqları Latın Amerikasında azlıq təşkil edirlər.
Müəllif yazır: “Struktur irqçilik ağdərili Qərbdə kök salıb. Bu da belə bir inanca söykənir ki, guya daha inkişaf etmiş və mürəkkəb Qərb sivilizasiyası üstün irqə mənsub insanlar tərəfindən yaradılıb. Lakin Çin, Hindistan və İran kimi qədim sivilizasiyalar bu cür iddialara sadəcə istehza ilə yanaşırlar”.
Mahatma Qandidən bir dəfə Qərb sivilizasiyası haqqında nə düşündüyü və ona necə baxdığı soruşulub. Cavabında deyib: “Bu, yaxşı ideya ola bilərdi”. Qərb irqçiliyi yeni bir fenomen deyil. XX əsrin ikinci yarısında irqçilik hələ də çoxqatlı ikiüzlülüklə maskalanırdı, lakin bu uzun sürmədi. Bu gün rəngli insanlar üzərində üstünlük hissləri daha açıqdır.
Paulo Nogeyra reallığı göstərərək bildirir ki, əvvəllər müstəmləkə edilmiş və ya yarı müstəmləkə edilmiş xalqlar artıq ağ irqin üstünlüyünü tanımırlar. “Onlar artıq avropalılar və amerikalılar tərəfindən tətbiq edilən müstəmləkə və ya neokolonial istismar sxemlərini qəbul etmirlər. Onlar hüquqlarının yalnız nəzəri olaraq deyil, həm də praktiki tanınmasını tələb edirlər. Tanınmış siyasi bir dövlət xadiminin dediyi kimi, “Qərblilər “vampir rəqs”inin sona çatdığını qəbul etməlidirlər”.”
Lakin Qərb inadkarlıqla bu “vampir rəqs”inin sona çatdığını qəbul etməkdən imtina edir. Dünyamızın ağdərili azlığı bunu inkar edir. O, qlobal hökmranlığın və onunla əlaqəli imtiyazların tədricən itirilməsini qəti şəkildə bəyənmir. Nitsşe belə məqamda deyərdi ki, bu, çox insani bir şeydir. Amma əsrlər boyu davam edən qlobal hökmranlığı unutmaq və ondan imtina etmək heç də asan deyil.
Braziliyalı ekspert Qərbdə miqrasiyaya qarşı müqavimətin artması və sivilizasiyanın tənəzzülü ilə bağlı düşüncələrində də bu günün reallıqlarından çıxış edir. O, bildirir ki, bu günlər gərgin geosiyasi mühitdə başqa bir kritik fenomen ön plana çıxır: əksəriyyətinin Qərb tərəfindən başladıldığı müharibələrdən qaçan, özləri və uşaqları üçün daha yaxşı yaşayış şəraiti axtaran Latın Amerikası, Afrika və Qərbi Asiyadan olan insanların ABŞ-a və Avropaya kütləvi miqrasiyası. Qərbdə miqrasiya dalğaları artdıqca, miqrantlara, xüsusən də müsəlmanlara qarşı nifrət artır. Miqrant axınını məhdudlaşdıran siyasətlər ağdərili avropalılar və amerikalılar arasında getdikcə daha böyük dəstək qazanır. Bu maneələr, əksər hallarda qeyri-insani sərhəd nəzarəti metodları, eləcə də həm qanunsuz, həm də qanuni miqrantlara qarşı basqılar, mübaliğəsiz olaraq Amerika və Avropada sivilizasiyanın geriləməsi kimi qiymətləndirilə bilən bir prosesə töhfə verir.
Müəllif yazır ki, Şimali Atlantikanın hər iki tərəfində miqrasiya əleyhinə hərəkatların populyarlaşması müəyyən dərəcədə Qərb mədəniyyətini müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan əcnəbilərin axınından qorumaq üçün başa düşülən bir istəyi əks etdirir. Lakin bu qanuni istək yuxarıda qeyd olunan dərin kök salmış irqçilik və ağların üstünlüyünə inamla qarışdırılır. Bu baxımdan, Ukraynadan olan ağdərili miqrantların Avropada ərəblər və ya qaradərili afrikalılar qədər maneələrlə üzləşməməsi olduqca maraqlıdır. Orada ukraynalı miqrantlar və qaçqınlar “özlərindən biri” kimi qəbul edilir.
Paulo Nogeyra bəzən qənaətlərində kəskin olsa da haqlıdır. Məsələn, o, qeyd edir ki, “əslində, Qərbdə biz ksenofob faşizmin yeni bir növü ilə qarşılaşırıq. Siyasi partiyalar səviyyəsində tez-tez populist adlandırılan “yeni sağçılar”ın populyarlığının artdığını görürük. Onların platformasının əsas mahiyyəti miqrantların qəti şəkildə rədd edilməsidir” – deyə müəllif yazır.
Qərbin siyasi palitrasında vəziyyət belədir ki, yeni sağçılar sürətli yüksəliş dövrü yaşayırlar. Buna əsas səbəb isə onların yeni miqrasiya dalğalarının qarşısını almaq kimi siyasi xəttinin ABŞ və Avropadakı işçi kütlələri arasında əks-səda doğurmasıdır. Digər tərəfdən, ənənəvi partiyalar əsas prinsiplərinə zidd olduğu üçün oxşar gündəmi qəbul edə bilmirlər.
Burada maraqlı tendensiyalardan biri də ondan ibarətdir ki, faşist Almaniyasındakı yəhudilər kimi, müsəlmanlar və digər rəngli insanlar, artıq dünyanın qalan hissəsini öz mənfəətləri üçün istismar edə bilməyən Qərb ölkələrinin tənəzzülünün mənfi sosial nəticələrinə görə əlverişli “günah keçisi”nə çevriliblər. Rəngli miqrantlar Qərbin əksər ölkələrində hər hansı bir cinayət və zorakılığa görə məsuliyyət daşıyırlar. Onlar həmçinin ağdərili işçiləri qovmaqda və onlar arasında işsizliyə səbəb olmaqda ittiham olunurlar. Halbuki əslində miqrantlar sadəcə ağdərili insanların işləmək istəmədiyi və avtomatlaşdırılmaq ehtimalı az olan aşağı maaşlı işləri görürlər.
Paulo Nogeyra yazır ki, Amerika və Avropada “yeni sağçılar” şərti termindir. “Onların gündəliyi yeni bir şey deyil, çünki bu, mahiyyət etibarilə Maarifçilik dövründən əvvəl hökm sürən ideya və hisslərə qayıdışı əks etdirir. Onları müasir faşistlər və ya nasistlər adlandırmaq olar. Çünki onlar nasistlərin bir çox ideyalarını bölüşürlər, yeganə fərq isə onların “günah keçiləri”nin yəhudilər deyil, müsəlmanlar olmasıdır. Sivilizasiyanın tənəzzülü o həddə çatıb ki, “cəhalət və ya qaranlıq əsrinin” gəlişindən danışmaq daha çox yerinə düşür” – deyə braziliyalı ekspert bildirir.
O, qeyd edir ki, bir vaxtlar maarifçiliyin ön sıralarında olan Avropa və ABŞ indi daha böyük canfəşanlıqla əks istiqamətdə hərəkatı dəstəkləyirlər. Əgər XVIII əsr “Maarifçilik dövrü” kimi qeyd olunurdusa, onda XXI əsr, ilk onilliklərdə baş verənlər baxımından, tarixə “Günəş tutulması dövrü” və ya “Qaranlıq əsr” kimi düşəcək.
Paulo Nogeyra Batista İsrailin Qəzzada törətdiklərinə də münasibətini bildirir və bu hadisələri Qərb sivilizasiyasının süqutunun ən bariz simptomu kimi qiymətləndirir. Müəllif XXI əsrin bu ən böyük humanitar böhranını “Günəş tutulması əsri”nin mərkəzi komponenti hesab edir.
O, daha da irəli gedərək qeyd edir ki, Qəzzadakı hadisələr bəzən çürüyən Qərb imperiyasında bir eksperiment olaraq real vaxt rejimində qlobal miqyasda yayımlanan bir xəbərdarlıqdır. “Bunun mahiyyəti budur: baxın, rəngli insanlar Qərbin imperiya iddialarına müqavimət göstərsələr, başına nə gələ bilər”, − deyə müəllif bildirir.
Onun fikrincə “ABŞ və Avropanın böyük bir hissəsi tərəfindən İsrailə siyasi, iqtisadi və hərbi dəstək baha başa gəldi: artıq heç kim Qərbdə prinsiplərin və dəyərlərin mövcudluğuna inanmır. Bir vaxtlar çox güclü olan bu imic, İsrailin siyasətini və prioritetlərini inadla müdafiə etmək adı altında məhv edildi”. Bunu Braziliya Prezidenti Lula da Silva BMT-dəki son çıxışında özünəməxsus şəkildə belə ifadə edib: İsrailin Qəzzada törətdikləri “Qərbin etik üstünlük mifini dəfn etdi”.
İqtisadçı ekspert rasional düşüncədən çıxış edərək belə nəticəyə gəlir ki, dünyanın əksər hissəsi, yəni Qlobal Cənubda yaşayan əhalinin təxminən 85 faizi, artıq varlı və eqoist azlıq olan kollektiv Qərbin 15 faizinin hakimiyyətinə və istismarına dözməyəcək. Həqiqətən, bu 15 faizin öz üstünlüklərini sonsuza qədər qoruyub saxlaya bilməsi qəribə olardı. Çünki demoqrafik, iqtisadi və siyasi tendensiyalar artıq onların tərəfində deyil.
Dünya siyasətində ortaq məxrəclər və qlobal qaydalar aşınır, suveren qərarların əhəmiyyəti artır. Bu məqamda Paulo Nogeyra Batistanın qənaəti ilə razılaşmaq olar ki, Qərbin imperiya hökmranlığının süqutü qaçılmazdır. Çünki indi suveren dövlətlərin prinsipləri daha çox qalib kimi görünür.
Görünür, bir vaxtlar Fukuyama doğru qeyd etmişdi ki, tarix zəncirlənmişdi, dayandırılmışdı və sona çatmışdı. İndi isə vəhşi köhlən kimi azadlığa çıxıb. Bəşəriyyət demək olar ki, bütün sahələrdə düzgün inkişaf istiqamətinin məlum olmadığı tamamilə yeni bir tarixi mərhələyə qədəm qoyur. Nələr baş verəcək, bunu zaman göstərəcək.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ