Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
"Görünən odur ki, Rusiya ilə müharibədə Qərb, Avropa Ukraynanı yarı yolda qoyur. Hər halda ABŞ nümayəndə heyətinin, Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə keçirdikləri görüşlərin nəticəsi olaraq verilən açıqlamalar belə deməyə əsas verir. Amerika nümayəndə heyətinin Moskvada keçirdiyi görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşlərdə əsas müzakirə mövzusunun mövcud reallıqlarla barışmaq olduğunu söyləməsi belə qənaət formalaşdırır".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, okeanın o tayında Rusiya-Ukrayna müharibəsinin başa çatmalı olduğunun qənaətindədirlər:
"Çünki indiyə qədər Kiyevə müqavimət üçün ayrılan yardımlara qarşılıq olaraq Ukrayna Rusiyaya qarşı ciddi cavab verə bilmədi. Digər tərəfdən Ukrayna hakimiyyəti daxilində korrupsiya və rüşvətxorluq halları ilə bağlı fikirlərin yayılması da Qərbdən Ukraynaya yönəlik yardımların azalmasına səbəb olub".
Arzuman Muradlı deyib ki, indi Avropa da əvvəlki kimi Kiyevə dəstək verməkdə maraqlı deyil:
"Müharibənin Avropa ölkələrinin iqtisadiyyatına vurduğu ziyan qoca qitənin ayrı-ayrı ölkələrinin həyat tərzinə ciddi təsir göstərib. Avropalılar öz hakimiyyətlərindən Ukraynaya dəstəkdən daha çox daxili iqtisadiyyatın, sosial rifahın yüksəldilməsinə diqqət ayrılmasını istəyirlər. Bütün bunlar Ukraynanın müharibədə tək qalmasını şərtləndirir".\
Süleyman