Qərb Ukraynanı niyə tam silahlandıra bilmir?

10.08.2026

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevə son ballistik raket hücumlarının qarşısının tam alına bilməməsinə görə Qərb müttəfiqlərini, xüsusilə də raket əleyhinə sistemlərin tədarükündə yaranan gecikmələri tənqid edib. O bildirib ki, tərəfdaş ölkələrin kifayət qədər raket və müdafiə imkanları olsa da, lazımi siyasi qərarların verilməməsi insanların həyatına başa gəlir. Zelenskinin sözlərinə görə, əlavə raket tutucu sistemlər vaxtında çatdırılsaydı, 5 avqust hücumunda ölənlərin bir qisminin həyatı xilas edilə bilərdi.Ukraynanın təhlükəsizliyi yalnız Kiyevin müdafiə qabiliyyətindən asılıdır, yoxsa Qərbin gecikən siyasi qərarları müasir müharibələrdə müttəfiqlik anlayışının etibarlılığını da sual altına qoyur?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərb dövlətləri Ukraynaya lazımi şəkildə silah tədarük edə bilmirlər, çünki bununla bağlı öz ölkələrində ciddi narazılıqlar var. Yəni xalqlar buna etiraz edir, müəyyən mənada narazılıq nümayiş etdirirlər.

Politoloqun fikrincə, xüsusilə bəzi Qərb ölkələrində bu vəziyyət hakimiyyət dəyişikliklərinə belə gətirib çıxarıb və hazırkı hakimiyyətlər, hakimiyyətdə olan qüvvələr bundan ehtiyat edirlər ki, növbəti seçkilərdə xalq bunun hesabını soruşa bilər. Çünki onlar ciddi resurs itkisinə məruz qalıblar.

“Avropa dövlətləri Ukraynaya silah tədarükü həyata keçirməklə və maddi yardım göstərməklə ciddi resurs itkisi ilə üzləşiblər və buna görə də müəyyən qədər ehtiyatlı davranırlar. Bu həm də siyasi ehtiyatlılıqdır. Bunun birinci, yəni daxili səbəbi budur.

İkinci səbəb isə ondan ibarətdir ki, bəzi Avropa ölkələri Rusiya ilə çox da üz-üzə gəlmək istəmirlər. Buna görə də onlar Ukraynaya tam dəstək verməkdən müəyyən qədər yayınırlar. Yəni belə bir yayınma mövcuddur”-deyə Zeynal Əmrəliyev bildirib.

O vurğulayıb ki, Ukraynanın öz hərbi potensialı da ciddi şəkildə zədələnib və ölkə təkbaşına Rusiya ilə qarşıdurmada dayanmaqda çətinlik çəkir. Ukrayna bu baxımdan da ciddi problemlərlə üzləşir.

Politoloqun fikrincə, məhz bu kimi amillər rəsmi Kiyevə imkan vermir ki, hətta paytaxtın təhlükəsizliyini belə zenit sistemləri vasitəsilə tam təmin edə bilsin.

“Ukrayna rəhbərliyi Qərbdən daha çox silah tədarükü gözləyir. Heç olmasa hücum üçün yetərli olmasa belə, müdafiə məqsədilə Ukraynanın daha çox silaha ehtiyacı var. Bu yardım gəlmədikdə isə Ukraynada tənqidlər səngimir.

Ancaq Zelenski hökumətinin öz müttəfiqlərini bu şəkildə tənqid etməsi gələcəkdə vəziyyəti Ukrayna üçün daha da çətinləşdirə və Avropa dövlətləri ilə Ukrayna arasındakı narazılığı gücləndirə bilər. Onsuz da Ukraynanın bəzi Avropa ölkələri ilə münasibətlərində müəyyən gərginlik mövcuddur. Əgər bu cür ritorika davam edərsə, həmin ölkələrin sayı daha da arta bilər”-deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью