Qərbə inteqrasiya: Ermənistanın bu seçimi risklərdən kənar deyil

27.01.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistanın Qərbə inteqrasiya meyilləri hələ İkinci Qarabağ müharibəsindən əvvəl, Nikol Paşinyanın hakimiyyətinin ilk illərindən etibarən müşahidə olunmağa başlamışdı. Lakin bu proses məhz İkinci Qarabağ müharibəsindən, Ermənistanın məğlubiyyətindən sonra daha sistemli və genişmiqyaslı xarakter aldı”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib.

Onun sözlərinə görə, bu tendensiya Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi düzənin tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma prosesinin də bir elementi kimi çıxış edir.

Müsahibimiz qeyd edib ki, Ermənistanın Qərbə inteqrasiya xəttinin normallaşma prosesinə təsiri bir neçə istiqamətdə özünü göstərə bilər:

“Bir tərəfdən, bu inteqrasiya köhnəlmiş təhlükəsizlik və siyasi idarəetmə modelindən institusional qaydalara, hüquqi çərçivələrə və beynəlxalq öhdəliklərə əsaslanan daha müasir sistemə keçid cəhdi kimi qiymətləndirilir. Avropa strukturları ilə yaxınlaşma Ermənistanın beynəlxalq hüququn əsas prinsipləri olan sərhədlərin toxunulmazlığını, dövlətlərin ərazi bütövlüyünü və suverenliyini  formal şəkildə qəbul etməsini zəruri edir. Bu isə nəzəri baxımdan sülh müqaviləsinin imzalanması və normallaşma prosesinə müsbət təsir göstərə biləcək amil kimi çıxış edə bilər”.

E.Səftərovun fikrincə, Ermənistanın Qərbə inteqrasiya cəhdləri risklərdən kənar deyil:

“Praktika göstərir ki, müharibəyə qədərki dövrdə, eləcə də müharibədən sonra Qərb ölkələri regionla bağlı məsələlərdə tez-tez ikili standartlar nümayiş etdiriblər. Azərbaycan əleyhinə qəbul edilən birtərəfli qətnamələr, sanksiya hədələri, eyni zamanda, Ermənistana ayrılan maliyyə vəsaitləri və göstərilən siyasi dəstək bu yanaşmanın açıq nümunələridir. Xüsusilə 2021-ci ildə Avropa İttifaqı Şurası tərəfindən Ermənistana ayrılan 2.6 milyard maliyyə vəsaiti, sonrakı illərdə də müxtəlif adlar altında göstərilən siyasi dəstək, bəzi ölkələrlə keçirilən birgə hərbi təlimlər və Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası bu xəttin davamı kimi qiymətləndirilə bilər. Bu addımlar bir tərəfdən Ermənistanın Qərbə inteqrasiyasını təşviq edən mexanizmlər kimi çıxış edir, digər tərəfdən isə Qərb ölkələrinin Ermənistanın daxili işlərinə müəyyən dərəcədə müdaxiləsi riskini artırır. Vaxtilə bu dəstək Ermənistanın xarici siyasətində qərarvermə müstəqilliyinin zəifləməsinə və regionda yeni gərginlik mənbələrinin yaranmasına gətirib çıxarırdı”.

Elmir Səftərov: Qərb ölkələri regionla bağlı məsələlərdə tez-tez ikili standartlar nümayiş etdiriblər

Siyasi şərhçi əlavə edib ki, Qərbin selektiv yanaşması və birtərəfli dəstəyi normallaşma prosesinə mənfi təsir göstərə, tərəflər arasında etimadı zəiflədə bilər:

“Bununla belə, Qərbə inteqrasiyanın başlanmasından sonra Ermənistanın xarici siyasətində beynəlxalq və regional yanaşmalarda müəyyən dəyişikliklərin müşahidə olunacağı istisna edilmir. İkitərəfli münasibətlərdə yeni formatların ortaya çıxması mümkündür. Lakin sülh təşəbbüsləri beynəlxalq səviyyədə artıq qəbul olunmuş reallıqdır və bu prosesə xarici müdaxilələr, xüsusilə ikili standartlara əsaslanan yanaşmalar, region ölkələri arasında münasibətlərə mənfi təsir göstərə bilər”.

“Ona görə də Ermənistanın Qərbə inteqrasiya kursu yalnız o halda Azərbaycan–Ermənistan normallaşmasına müsbət töhfə verə bilər ki, İrəvan bu prosesi xarici təsirlərin alətinə çevirməsin, müstəqil qərarvermə imkanlarını qorusun və real sülh iradəsi nümayiş etdirsin. Əks halda Qərbə inteqrasiya normallaşma üçün imkan deyil, yeni siyasi manipulyasiya vasitəsinə çevrilmə ehtimalı mümkündür”, - deyə Elmir Səftərov qeyd edib.

Aynur Babazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью