Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Tresti 2026-cı ilin qazma plan-qrafikinə uyğun olaraq qazma əməliyyatlarını davam etdirir. Qurum bugünlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi Abşeron” yatağında qazdığı 28a saylı quyuda növbəti uğurlu əməliyyat həyata keçirib. Belə ki, yan lülə quyusunda 522 metrlik qazma aparılıb ki, bu da şirkətin tarixində indiyədək ən uzun horizontal açıq lüləylə tamamlanan quyu kimi qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, bundan əvvəlki rekord nəticəyə (515 metr) 2025-ci ilin sonlarında eyni yataqda qazılmış 25a saylı quyuda nail olunub. Bu dəfə isə Kompleks Qazma İşləri Tresti 2025-ci ildə əldə etdiyi rekordu yeniləyərək tarixi bir uğura imza atıb.
Quyuda qazma prosesi Geoloji Xidmət tərəfindən təqdim edilmiş faktiki karotaj məlumatları əsasında və verilmiş tapşırıqlara uyğun olaraq geonaviqasiya müşayiəti xidməti formatında həyata keçirilib. Əldə olunan bu uğurlu nəticələr “Azneft” İstehsalat Birliyi, Kompleks Qazma İşləri Tresti və sözügedən qurumların əməkdaşlıq etdiyi servis şirkətlərinin yüksək peşəkarlığının, güclü texniki potensialının və davamlı inkişaf strategiyasının bariz göstəricisidir.
Xatırladaq ki, “Qərbi Abşeron” yatağı Xəzər dənizinin Abşeron arxipelaqının şimal-qərbində və Abşeron yarımadasının şimalında, Bakı şəhərindən 65 kilometr məsafədə yerləşir. 1958-ci ildə kəşf edilmiş bu yatağın ərazisi sərt iqlim və meteoroloji şəraitlə xarakterizə olunur. Strukturun neftlə doyumluluğu məhsuldar zonanın Kirməki və Aşağı Kirməki layları ilə əlaqədardır. Həmin laylarda hasilata isə 1996-cı ildə başlanılıb.
XQ