Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. "Beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq".
Oxu.Az xəbər verir ki, bu tələb Qərbi Azərbaycan İcmasının 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun uzun müddət torpaqlarımızı işğal altında saxlayan Ermənistan üzərində tarixi Zəfərini xalqımız növbəti dəfə böyük təntənə ilə qeyd edir: "8 Noyabr - Zəfər Günü, uzun illər Ermənistan silahlı qüvvələrinin işğal, etnik təmizləmə və soyqırımı aktından əziyyət çəkmiş Azərbaycan xalqının mətanətini, hərbi gücünü və ədalətin təntənəsini simvolizə edir.
Ermənistanın irqçi və ekspansionist ideologiyadan qaynaqlanan təcavüzkar siyasəti üzərində qazanılmış zəfər, beynəlxalq hüququn aliliyini təmin edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yaratdığı dövlətçiliyimizin möhkəm təməlləri, onun müdrik siyasəti və milli-ideoloji prinsipləri xalqımızın əzmini və gücünü bir araya gətirmiş, ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və məharətli sərkərdəliyi Azərbaycanı həm siyasi arenada, həm də hərb meydanında qalibiyyətə çatdırıb.
İlham Əliyevin uzaqgörən rəhbərliyi altında atılan ardıcıl addımlar nəticəsində dövlətimiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni bir dövrə qədəm qoyub.
Azərbaycanın şanlı Ordusunun 2020-ci ilin noyabrında Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarında qazandığı parlaq qələbələr, xalqımızın misilsiz vətənpərvərlik ruhunu bir daha təsdiqləyib.
Qarabağın işğalından sonra doğulmuş və oranı heç vaxt görməmiş oğullarımızın silaha sarılıb qəhrəmancasına vuruşması xalqımızın döyüşkən ruhunun və vətənə bağlılığının göstəricisidir.