Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə İşçi qrupu yaradılıb.
Məqsəd kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla araşdırmaqdır.
Azərbaycan elmi mühitində XVI–XIX əsrlər Alban katolikosluğu sənədlərinin tamamilə məhv olduğu fikri yayılıb. İtkilər şübhəsizdir, lakin bir sıra ölkələrin arxiv və əlyazma fondlarında həm Alban katolikoslarına, həm də dövrün dini-ictimai tarixinə dair çoxsaylı sənədlər, mənbələr saxlanılır, bir hissəsi isə artıq nəşr olunub. Bu materiallar müxtəlif fondlara səpələnib. Onların sistemli axtarışla aşkarlanıb vahid elmi bazada toplanması İşçi qrupunun əsas missiyasıdır. Hazırda Qərbi Azərbaycan İcmasında bu mövzuda artıq yüzlərlə sənəd mövcuddur.
Tədqiqat həm də deportasiya olunmuş əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının tarixi-mədəni əsaslarının sənədləşdirilməsinə xidmət edəcək.
XQ