Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Qərbi Azərbaycan İcması və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan mədəni irsi tariximizin yaşayan yaddaşıdır!” mövzusunda toplantı keçirilib.
Məclisdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək Qərbi Azərbaycandan olan soydaşlarımızın Yevlaxda məskunlaşması tarixindən və burada onların sosial-mədəni həyatının dəstəklənməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Natiq doğma yurd-yuvasından didərgin düşən 18 mindən çox sakinin rayonda qeydiyyata alındığını, onların tarixi-mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına yönələn təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini qeyd edib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli xalqımızın qədim yaşayış məskənlərindən biri olan bu coğrafiyada formalaşmış zəngin maddi və mənəvi irs barədə ətraflı məlumat verib. Azərbaycanlıların müxtəlif dövrlərdə tarixi torpaqlarından deportasiya və zorakı köçlərə məruz qalmasına diqqət çəkən natiq bu hadisələrin milli yaddaşda qorunmasının zəruriliyini xatırladıb.
İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Qərbi Azərbaycan yaddaşının qorunmasında deportasiya və məcburi köç prosesinin canlı şahidi olmuş insanların xatirələri, ailələrdə nəsildən-nəslə ötürülən məlumatlar, eləcə də onların yaddaşında qorunan yurd xatirələrinin tarixi yaddaşın mühüm hissəsi olduğunu vurğulayıb.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan mədəni irsinin öyrənilməsi və qorunmasının əhəmiyyətindən, milli-mədəni dəyərlərin, şifahi xalq ədəbiyyatının, adət-ənənələrin və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinin vacibliyindən söhbət açıb. Qərbi azərbaycanlıların öz ata-baba yurdları ilə bağlı xatirələrinin, ailə tarixlərinin və şahid ifadələrinin sənədləşdirilməsinin mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcmasının ictimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Qərbi Azərbaycan yaddaşının qorunmasında medianın rolundan danışıb.
Sonda rayonun Qərbi Azərbaycandan olan sakinlərə icmanın üzvlük vəsiqələri təqdim olunub.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri