Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hazırda Ermənistanda, Zəngibasar rayonunun (Masis rayonu) mərkəzi olan şəhər, Uluxanlı, Nərimanlı və Zəngibasar kəndlərinin birləşməsi ilə yaradılmışdır.
Azərbaycanlıların qədim yaşayış yeri olan Uluxanlı, 1950-ci ildə "Masis" (Ağrı Dağının erməni dilindəki adlarından biri) adı ilə adlandırılmışdır.
Burada 1831-ci ildə 1737 nəfər, 1873 - cü ildə 2968 nəfər, 1886-cı ildə 3062 nəfər, 1897-ci ildə 2757, 1908-ci ildə 3171 nəfər, 1914 - cü ildə 3488 nəfər, 1918-ci ildə 3173 nəfər, 1919 - cu ildə 8000 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biridir.
Bu məktəbin tarixi Azərbaycan maarifçiliyi ilə sıx bağlıdır.
Görkəmli maarifçi Cəlil Məmmədquluzadə müəllimlik fəaliyyətinə Uluxanlı məktəbində başlamışdır.
Böyük yazıçı Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı ilə maraqlananlar, ədəbiyyatşünaslar, yazıçılar, tarixçilər, jurnalistlər Uluxanlı məktəbindən çox yazmışlar.